Prezident İlham Əliyev
Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli səfirinin etimadnaməsini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin etimadnaməsini qəbul etmişdir.
Səfir Paskal Mönye fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Paskal Mönye etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin əməkdaşlığının uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə Fransa arasında iqtisadi sahədə, o cümlədən enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndiyini deyən dövlət başçısı çoxlu sayda fransız şirkətlərinin Azərbaycandakı fəaliyyətinin önəmini qeyd etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edildi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha səfirin diqqətinə çatdırıldı. Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 5 iyul.- S. 1.