“İlham
Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin doqquzuncu cildi çapdan çıxmışdır
"Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas prinsip olmalıdır. Azərbaycan heç bir başqa ölkənin torpaqlarını işğal etməyibdir. Heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur. Amma biz öz torpaqlarımızı da heç kimə verən deyilik. Əgər biz buna sülh yolu ilə nail ola bilməsək, yeni vəziyyət yaranacaq və onda Azərbaycan başqa variantlarla məşğul olacaqdır. Amma bu məsələni həll etmək üçün, ümumiyyətlə, ölkəmizi daha da hərtərəfli inkişaf etdirmək üçün biz güclü olmalıyıq.
Biz öz iqtisadi potensialımızı gücləndirməliyik. Ordu quruculuğunda böyük işlər görməliyik. İnsanlarımızın həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Bir sözlə, Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirməliyik. Ancaq o təqdirdə qarşımızda duran bütün məsələlər öz həllini daha asanlıqla tapa bilər. Ancaq o təqdirdə Azərbaycan özü bu məsələlərlə bağlı ciddi addımlar ata bilər. Yenə də deyirəm, ümid edirəm ki, sülh danışıqlarının potensialı hələ tükənməyibdir. Heç şübhə etmirəm ki, biz ədalətli həllə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır və bir milyondan artıq qaçqın-köçkünümüz öz doğma torpaqlarına qayıdacaqdır".
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin doqquzuncu cildində dövlətimizin başçısının Novruz bayramına həsr edilmiş ümumxalq bayramındakı nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının III qurultayında nitqi, respublikamızda aparılan iqtisadi siyasətin müxtəlif sahələrinə - sahibkarlara, sosial məsələlərə, yoxsulluğun azaldılmasına, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafına, eyni zamanda, ictimai-siyasi həyatın digər məsələlərinə dair çıxışları, tövsiyələri öz əksini tapmışdır.
Kitabda, eyni zamanda, Prezident İlham Əliyevin Polşaya, Pakistana, Moldovaya, Rusiyaya səfərləri zamanı bir sıra dövlət və hökumət başçıları ilə görüşlərində Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyini əks etdirən çıxış və nitqləri, nüfuzlu mətbuat orqanlarına və televiziya kanallarına verdiyi bəyanat və müsahibələri də yer almışdır.
Doqquzuncu cildə Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı söhbətlərin mətnləri daxil edilmişdir.
Kitabda həmçinin dövlət başçısının ulu öndər Heydər Əliyevin şərəfinə təsis edilmiş "Heydər Əliyev" ordeninin və bir sıra tanınmış qələm adamlarına fəxri adların və ordenlərin təqdim edilməsi mərasimlərindəki nitqləri də verilmişdir.
Kitaba "Qeydlər", "Şəxsi adlar" "Coğrafi adlar" göstəriciləri də daxil edilmişdir.
Doqquzuncu cildə daxil olan materiallar 2005-ci ilin martından mayınadək olan dövrü əhatə edir.
"Azərnəşr" tərəfindən buraxılmış
cildin hazırlanmasında
Azərbaycan Dövlət
Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından
istifadə olunmuşdur.
Azərbaycan.- 2012.- 5 iyul.- S. 2.