İSESCO-nun
rüblük jurnalının qurumun 30 illiyinə həsr
olunmuş xüsusi buraxılışında Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın təbrik məktubu
dərc edilmişdir
İSESCO-nun 1986-cı ildən ərəb, fransız və ingilis dillərində nəşr etdirdiyi rüblük jurnalının qurumun 30 illiyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, xüsusi buraxılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurumun yaranmasının 30 illiyi münasibətilə təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə göndərdiyi təbrik məktubunun mətni dərc edilmişdir. Mehriban xanım Əliyeva təbrik məktubunda təşkilatın xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsində, təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində rolunu yüksək qiymətləndirmişdir.
Jurnalda bu ilin ikinci yarısında İSESCO-nun keçirəcəyi tədbirlər barədə xülasə də dərc edilmişdir. Bu bölmədə bildirilir ki, İSESCO Azərbaycan hökuməti ilə birlikdə cari ilin avqustunda Bakıda "Orta Asiya ölkələrində müsəlmanlar arasında mədəni dialoq və həmrəyliyin gücləndirilməsində medianın rolu" mövzusunda seminar keçirəcəkdir.
Nəşrdə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin təşkilatın qərargahı yerləşən dövlətdə və xaricdə diplomatik, akademik və media sahəsində fəaliyyəti, İSESCO-nun sahəvi şöbələrinin, həmçinin İslam Dünyası Universitetləri Birliyinin 2012-ci il aprel, may və iyun ayları ərzində gördüyü işlər işıqlandırılmışdır.
Bu nömrədə İSESCO-nun təsis edilməsinin 30 illiyinə həsr edilmiş xüsusi bölmə, İƏT üzvü olan ölkələrin ekologiya nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beşinci konfransına dair material və 2012-ci il Afrika regionundan İslam mədəniyyəti paytaxtı elan olunması münasibətilə Niger Respublikası və Niyami şəhəri haqqında məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 5 iyul.- S. 2.