Azərbaycanda gənclərin
hərtərəfli inkişafı dövlətin daim diqqət mərkəzindədir
Azərbaycanda gənclərin hərtərəfli inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının sərəncamı ilə yeni yaradılmış Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov iyulun 4-də keçirdiyi mətbuat konfransında demişdir.
Son illər ölkəmizdə gənclərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən söz açan A.Rəhimov bildirmişdir ki, hazırda Azərbaycanda 13 gənclər evinin tikintisi başa çatmış, 10-u isə inşa edilməkdədir. "Artıq gənclər çayxanada deyil, gənclər evində toplanacaqlar. Orada kitabxana və əyləncə mərkəzləri fəaliyyət göstərəcəkdir" - deyə nazir bildirmişdir.
"İşğal altında" adlı kompyuter oyununun bu yaxınlarda təqdim olunacağını bildirən A.Rəhimov gənclərlə bağlı televiziya kanallarında 4 proqramın fəaliyyət göstərdiyini də söyləmişdir.
İyulun 5-də Bakıdakı "Səadət" sarayının təmirdən sonra istifadəyə veriləcəyini diqqətə çatdıran nazir demişdir ki, mükəmməl bərpa edilməklə tarixi görkəmini saxlayan bina 9-10 bal gücündə zəlzələyə davamlıdır. Bu, onu deməyə əsas verir ki, saray uzun illər xalqa xidmət edəcəkdir.
Nazir London Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində komandamızın tərkibində hansı idmançının bayraqdar olacağı məsələsinə də aydınlıq gətirmişdir. A.Rəhimov demişdir: "İdmançılar arasında belə bir inanc var ki, bayrağı aparan heç vaxt medal qazanmır. Ancaq Olimpiya çempionu Elnur Məmmədli özünə əmin olduğunu bildirmişdir. Buna görə də onun bayraqdar olacağı gözlənilir".
Yeni inşa edilən idman komplekslərinin Azərbaycan gənclərinin fiziki hazırlıq səviyyəsinin yüksəlməsindəki rolunu və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini vurğulayan nazir bildirmişdir ki, bu ilin avqustunda Cəlilabad rayonunda, ilin sonunda isə Qobustan şəhərində yeni Olimpiya idman kompleksləri istifadəyə veriləcəkdir.
Bakıda boks və cüdo komplekslərinin tikiləcəyini
bildirən nazir onu da diqqətə
çatdırmışdır ki,
yaxın günlərdə Binəqədi
rayonunun Xocasən qəsəbəsində
stadion istifadəyə veriləcəkdir.
Azərbaycan.- 2012.- 5 iyul.- S. 2.