Azərbaycan beynəlxalq
tədbirlərin məkanına çevrilir
Krans Montana Forumunun Bakıda
keçirilməsi ölkəmizin mədəniyyətlərarası
dialoqun və beynəlxalq tədbirlərin
mərkəzinə çevrildiyini bir daha göstərdi
Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir.
Coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir. Ötən 9 ildə Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər inamla gerçəkləşdirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Bu model unikallığı ilə Azərbaycana hər bir mərhələdə dinamik inkişafa zəmin yaradan məqsədyönlü tədbirlər sistemini daha çevik və işlək mexanizmlər əsasında həyata keçirmək imkanı yaratmışdır.
Yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizlə əməkdaşlıq etmək istəyində olan dövlətlərin sayı da ildən-ilə artır. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın qurulması, birgə layihələrin həyata keçirilməsi böyük perspektivlərə yol açır. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu günlərdə Bakıda Krans Montana Forumunun keçirilməsi də deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir. Forumun təsisçisi və prezidenti səfir Jan Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da yaxından iştirak edir.
Bakıda keçirilən 23-cü Krans Montana Forumunda Gürcüstanın, keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun dövlət başçılarının, xarici ölkələrdən gəlmiş ictimai xadimlərin, parlament nümayəndələrinin, ziyalıların və biznes dairələrinin təmsilçilərinin də iştirak etməsi tədbirin böyük əhəmiyyət kəsb etdiyini təsdiqlədi. Tədbirin keçirilməsində əsas məqsəd 2013-cü ildə keçiriləcək növbəti Ümumudünya Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsi idi.
Sivilizasiyaların kəsişdiyi
məkanda yerləşən, mədəniyyətlərarası
dialoqa töhfələrini əsirgəməyən
ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə,
o cümlədən Krans
Montana Forumu çərçivəsində
layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə
Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın
ən ali mükafatına - "Prix de la
Fondation" mükafatına, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun
qızıl medalına layiq görülmələri
bunun əyani nümunəsidir. Krans Montana Forumunun
bu il Bakıda
keçirilməsinə qərar verilməsi də Azərbaycanın
artan beynəlxalq nüfuzuna,
mədəniyyətlərarası dialoqun
və beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini bir daha göstərdi. Prezident
İlham Əliyev forumda
bildirib: "Bakıda çox
müxtəlif məsələlər, siyasi
müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr,
debatlar, forumlar təşkil
olunur. Bunun hamısı
bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu,
ölkəmizin tarixi irsidir.
Ona görə ki, Azərbaycan
tarixən, əsrlər boyu müxtəlif
mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində
yaşadığı bir məkan olmuşdur. Ona görə də bizim ölkədə
belə tədbirlərin keçirilməsi, müxtəlif
millətlərin, mədəniyyətlərin nümayəndələrinin
bir araya gəlməsi,
birlikdə işləməsi, müzakirələrin,
debatların keçirilməsi bizim üçün çox
təbii haldır. Biz həmişə
öz işimizlə multikulturalizmi,
yəni, çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə
üstünlük veririk
və bunun gücləndirilməsinə
çalışırıq. Çünki qloballaşan
bugünkü dünyada
başqa bir yol, başqa bir alternativ yoxdur. Ona görə də
bir daha qeyd etmək istərdim ki, müxtəlif etnik mənşəyə mənsub
olan, müxtəlif mədəniyyətləri təmsil
edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan
üçün təbii
bir hal olub".
Krans Montana Forumu
çərçivəsində Bakıda "Qadın hüququları insan hüquqlarıdır, insan
hüquqları isə
qadınların hüququdur"
mövzusunda plenar iclas da keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun
"Prix de la Fondation" mükafatının
təqdim olunması əlamətdar hadisələr
sırasında oldu.
Mehriban xanım Əliyeva bildirib: "Krans Montana Forumundan belə yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir.
Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı
nailiyyətlərin tanınmasının
bir rəmzi kimi qəbul edirəm. Həmçinin mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər,
müxtəlif millətlər
arasında əlaqələrin
daha da yaxşılaşdırılmasındakı
nailiyyətlərinin rəğbətlə
qəbul edilməsinin
bir nişanəsi kimi dəyərləndirirəm".
Forum çərçivəsində
aparılan müzakirələrdə
ərəb ölkələrində
neft-qaz sektorundan əldə edilən gəlirlərin xərclənməsi
istiqamətləri, Pakistan və
İraqın inkişafı
ilə bağlı həyata keçirilən
işlər və nəzərdə tutulan tədbirlər barədə
də geniş fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyevin rəhbərliyi altında
ötən 9 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı
faydalı əməkdaşlığın
genişləndirilməsi, beynəlxalq
təşkilatlarda Azərbaycanın
mövqelərini gücləndirmək
istiqamətində sistemli
fəaliyyətin göstərilməsi
öz müsbət nəticələrini verməkdədir.
Cənab
İlham Əliyevin yürütdüyü praqmatik,
çevik, milli maraqların prioritetliyinə
əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə
Avropa məkanında strateji, önəmi, birmənalı etiraf olunan dövlətə çevirib.
Elnur HACALIYEV
Azərbaycan.- 2012.- 5 iyul.- S. 2.