Dövlət Neft Şirkətinin Sumqayıtda Təlim-Tədris
Mərkəzi açılmışdır
İyulun 4-də Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim-Tədris Mərkəzi istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, rəmzi açılışı bildirən lent kəsildikdən sonra qonaqlar mərkəzin binası, burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, "Azərikimya" İstehsalat Birliyinin və Sumqayıtın sənaye müəssisələrinin yüksək ixtisaslı kadr hazırlığına olan tələbatını ödəmək məqsədilə "Etilen-polietilen" zavodunun 2200 kvadratmetrlik ərazisində inşa olunmuş mərkəzdə elektrik qaz qaynaqçısı, nəzarət-ölçü cihazları operatoru, texnoloji kompressorların maşinisti, təmirçi çilingər, nasos qurğusu maşinisti, qaz qaynaqçısı və digər peşələr üzrə kadrların hazırlanması və ixtisasartırma kurslarının təşkili nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, yeni mərkəzin qurulmasında Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin mövcud təlim mərkəzlərinin və qabaqcıl xarici peşə təhsili müəssisələrinin təcrübələrindən istifadə edilmişdir. Mərkəzdə cari tədris ilində 7 ixtisas üzrə 100 nəfər fəhlə hazırlanacaqdır. Onlar təhsil müddətində nahar yeməyi, təqaüd və xüsusi geyim forması ilə təmin ediləcəklər. Eyni zamanda, ilin sonunadək mərkəzdə "Azərikimya" İB-nin müəssisələrində çalışan 1000 nəfər işçinin ixtisasının artırılması, ikinci peşəyə yiyələnmələri və yenidən hazırlanmaları nəzərdə tutulmuşdur.
Sumqayıt Təlim-Tədris Mərkəzində elektrik avadanlığının təmiri və xidməti üzrə emalatxanalar da yaradılmışdır. Qaynaq emalatxanasında "Azərikimya" İB-nin müəssisələrində, eləcə də digər müəssisələrdə çalışan polietilen boruların qaynaq edilməsi texnologiyası üzrə qaynaqçı heyətin attestasiyasının da həyata keçiriləcəyi diqqətə çatdırılmışdır.
Mərkəzdə tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır.
Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşə, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə qurulmuş zəngin kitabxana və oxu zalı ilə tanış olmuş, yeməkxanaya baxış keçirmişlər.
Dövlət Neft Şirkətinin
prezidenti R.Abdullayev
jurnalistlərə müsahibəsində son
illər "Azərikimya" İB-də istehsalat
mədəniyyətinin və iş həcmlərinin
yüksəldilməsində kadr
hazırlığına mühüm diqqət
yetirildiyini söyləmişdir. Bu baxımdan
qısa müddətdə inşa olunaraq müasir standartlar səviyyəsində təchiz edilmiş Sumqayıt Təlim-Tədris Mərkəzində
yaradılmış şəraitdən razı
qaldığını bildirən R.Abdullayev
Azərbaycanda təhsilə dövlət səviyyəsində
göstərilən qayğıdan, eləcə də gənc
nəslin təlim və tərbiyəsi istiqamətində
görülən işlərdən danışmış, respublikada peşəkar fəhlə
kadrların hazırlanması, onların müasir
təlim texnologiyalarına yiyələnməsi üçün bu tip mərkəzlərin bundan
sonra da
yaradılacağını söyləmişdir.
Azərbaycan.- 2012.- 5 iyul.- S. 2.