Elektron xidmətlərin növbəti təqdimatı keçirilmişdir

 

İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə sahibkarlar üçün elektron xidmətlərin təqdimatı davam etdirilir.

Növbəti təqdimat Şəki şəhərində keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və 60-a yaxın sahibkar iştirak etmişdir.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firon Əliyev dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd etmişdir. Bildirmişdir ki, məqsədli dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkədə investisiya mühiti daha da yaxşılaşmış, qeyri-neft ixracının genişlənməsində sahibkarların rolu artmışdır.

İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Zaur Qasımov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi baxımından Beynəlxalq Maliyyə Korporasiyası ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, Prezidentin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin saytında elektron xidmətlərlə bağlı bölmə yaradılmışdır. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalarsertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilmişdir. Z.Qasımov icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə də məlumat vermiş, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Beynəlxalq Maliyyə Korporasiyasının "İnvestisiya mühiti layihəsi"nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (www.yoxlama.gov.az), "Minimax" şirkətinin nümayəndələri Cavid Xəlilov isə kiçikorta sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş www.biznesinfo.az internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı məlumat vermişlər. Daha sonra Mərkəzi Bankın Mərkəzləşdirilmiş  Kredit Reyestrinin əməkdaşı Əfqan İmanzadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil Süleymanov çıxış etmişlər.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 5 iyul.- S. 3.