Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur

 

 İyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi - Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur.

Yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların nümayəndə heyətləri, respublikamızın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, xarici qonaqlar, bədii kollektivlər iştirak etmişlər.

AzərTAc xəbər verir ki, yubiley tədbiri XVIII-XIX əsrə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində başlamışdır. Tədbirin keçirildiyi məkan Şəki xanları sarayının divar rəsmlərini əks etdirən fraqmentlərlə, eləcə də həmin dövr sənətkarlarının bayraqları ilə bəzədilmişdir.

Yubiley tədbirinin  iştirakçıları əvvəlcə meyvə və giləmeyvələrdən hazırlanmış 30-a yaxın şərbət və sərinləşdirici içkiyə qonaq edilmişlər.

Fikrət  Əmirov adına Dövlət mahnı və rəqs ansamblının şən və oynaq rəqsləri, "Natiq" ritm qrupunun ifasında bənzərsiz ritmlər tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Yubiley mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 1762-ci ildə çox istedadlı bir memarın fəaliyyəti nəticəsində yaranan Şəki xanları sarayının 250 illik yubileyinin Azərbaycanın tarixində, mədəni həyatında son dərəcə  əlamətdar hadisə olduğunu xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, artıq  250 ildir bu saray bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir.

Nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tarixi abidələrimizin qorunub saxlanmasına, bərpasına, bu təkrarsız milli memarlıq nümunələrinin xaricdə daha geniş təbliğ olunması işinə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, dövlət başçısının imzaladığı sərəncamlara əsasən, həm Bakı şəhərində, həm də bölgələrdə yerləşən tarixi abidələrimiz yenidən həyata qaytarılır, öz qapılarını insanların üzünə açır. Şəki xanlarının sarayı demək olar ki, həmişə Azərbaycan xalqının fəxr etdiyi bir memarlıq abidəsi kimi yaşamaqdadır.

Nazir vurğulamışdır ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın tarixi abidələrinin dünya ictimaiyyəti arasında  tanıdılması ilə yanaşı, onları bəşəriyyətin mədəni irs siyahısına daxil etməkdən ibarətdir. Bu sahədə mühüm addımların atıldığını vurğulayan nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun  və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban  Əliyevanın səyi nəticəsində artıq "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunun, Qobustan qayalarının UNESCO-nun mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırmışdır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu gün ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət yetirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Şərq memarlığının nadir incisi olan Şəki xanlarının sarayı xalqımıza məxsus yüksək mədəniyyətin, böyük inkişaf yolu keçən xalq tətbiqi sənətimizin canlı nümunəsidir. Şəkinin məşhur sənətkarlarının əldə etdikləri təcrübə, vərdiş, bilik və bacarıq daim zənginləşmiş, bugünümüzə gəlib çatmışdır. Bildirilmişdir ki, əslində bu bayram, həm də xalq tətbiqi sənətimizin keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salmaqdır.

Sonra tədbir iştirakçıları "Natiq" ritm qrupu üzvlərinin ifa etdiyi Azərbaycan ritmlərinin müşayiəti ilə "Yuxarıbaş" Tarix və Memarlıq Qoruğuna yola düşmüşlər. Qonaqlar XVIII əsrə aid memarlıq abidəsi olan "Qala divarları"nın önündə təşkil edilmiş Şəki xanlığının tarixini özündə əks etdirən səhnəyə baxmışlar. Burada qonaqları "xanın əyanları" qarşılamışlar.

Qoruğun ərazisində təşkil edilmiş "Şərq bazarı" ilə tanışlıq qonaqların ürəyincə olmuşdur. Şəki sənətkarlarının əl işləri, pəhləvanların çıxışları xarici qonaqlarda böyük maraq oyatmışdır. Tədbir iştirakçıları burada atüstü milli oyunlarımızdan olan "Çövkən" və atüstü güləş yarışlarını da izləmişlər.

Bayram tədbiri daha sonra "Xan Sarayı"nın həyətində davam etdirilmişdir.

Sarayın həyətində qonaqları "xan"ın özü qarşılayaraq onlara xoş istirahət arzulamışdır. "Xan"ın adından qonaqlara ənam paylanılmışdır.

Qonaqlar Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsi ətrafında rəqs ansamblının ifasında dünya xalqlarının rəqslərini izləmiş, xanəndələrin, tanınmış müğənnilərin ifalarını dinləmişlər.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək  bildirmişdir ki, bu gözəl mərasim, bu təntənələr bəşər sivilizasiyasının, Yer kürəsində bizim qovuşduğumuz müasir mədəniyyətin yarandığı yerdə, 5 min illik dövlətçilik tarixi olan dünyanın ən qədim diyarlarından biri olan Azərbaycanda keçirilir. Bu bayram dünya mədəniyyətinin yaranmasında çox böyük rolu olan bütün Azərbaycan xalqının bayramıdır.

Bayram tədbiri bir neçə saat davam etmişdir.

Sonda qonaqlar "saray xanı" və onun əyanları ilə xatirə şəkli çəkdirmişlər.

 

 

Azərbaycan.- 2012.- 5 iyul.- S. 4.