“İpək Yolu” III Beynəlxalq musiqi
festivalı başa
çatmışdır
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "İpək Yolu" III Beynəlxalq musiqi festivalı başa çatmışdır.
AzərTAc xəbər verir ki, iyulun 4-də "Aşağı Karvansaray" tarixi-memarlıq kompleksində festivalın bağlanış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri geniş konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış etmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi Azad Əliyev, solistlər əməkdar artist Gülnaz İsmayılova, İlahə Əfəndiyeva və Ramil Qasımovdur.
Proqrama Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra, Fikrət Əmirovun "Azərbaycan elləri", "Azərbaycan kapriççiosu", Səid Rüstəmovun "İntizar", Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, Musa Mirzəyevin "Bayram atəşfəşanlığı" və Niyazinin "Qaytağı" əsərləri daxil edilmişdir.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək "İpək Yolu" III Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu bildirmiş, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonda bayram
atəşfəşanlığı olmuşdur.
Azərbaycan.- 2012.- 5 iyul.- S. 4.