Niksarda mədəniyyət-sənət
həftəsi uğurla başa çatmışdır
Niksar Tokatın Qara dəniz sahilində ən gözəl şəhərlərindən biridir, Kəlkit vadisində, Qızılirmaq çayının sahilində, dağlar qoynunda yerləşir, eynilə bizim Qarabağ kimi. Niksarın dağları başdan-başa yamyaşıl meşələrdir. Hər il iyun-iyul aylarında dünyanın dörd tərəfində yaşayan niksarlılar buraya gəlir, Niksarda yaşayan qohumları ilə bərabər "Yaylaq şənlikləri"ndə iştirak edirlər. Niksar ən çox Qarabağın Füzuli şəhərinə bənzəyir. Evlər Füzulidəki kimi dağların döşündədir, küçələr dolanbacdır. Şəhəri gəzdikcə elə bilirik, Niksarda deyilik, Füzulidəyik. Birdən-birə qəlbimizə bir həsrət, kədər dolur.
1544-cü ildə Çaldıran müharibəsindən zəfərlə geri dönən Yavuz Sultan Səlim Ramazan bayramını Niksarda keçirmişdir. "Niksar tarixi" kitabını oxuyarkən istər-istəməz insanın əhvalı pozulur, iki qardaşın bir-biriylə vuruşması insanı kədərləndirir. Milli Məclisin deputatı, professor Y.Mahmudovun böyük zəhmətlə yazdığı və dəyərli elmi bilgilərlə dolu olan "Azərbaycan diplomatiyası" kitabındakı bir cümlə bu müharibənin səbəbini açmağa imkan verir. Y.Mahmudov yazır ki, Qərb diplomatiyası iki qüdrətli Şərq dövlətinin - Osmanlı və Səfəvi dövlətlərinin bir-biriylə müharibəyə cəlb edərək zəiflədilməsinə yönəldilmişdi. Bu, Şərqdə müstəmləkəçilik siyasəti yeridən, Osmanlı imperiyasını zəiflətməyə çalışan Avropa dövlətlərinin mənafeyinə uyğun idi. Avropanın siyasi xadimləri deyirdilər: "Nə qədər ki, Səfəvilər osmanlılara qarşı vuruşur, xristian dünyası sülh və əmin-amanlıq içərisində olacaqdır". Bu gün həyat göstərdi ki, Avropanın siyasi xadimlərinin arzusu ürəklərində qaldı. Bu gün Azərbaycan-Türkiyə bir millət, iki dövlət olaraq sülh və barış içində yaşamaqdadır.
1918-ci ilə qədər Niksarda bir çox tarixi hadisələr olmuşdur. 1918-ci il oktyabr ayının 30-da Mundros sülh müqaviləsi imzalanan zaman Niksarda yaşayan yunanlar və ermənilər qarışıqlıqdan istifadə edərək çox sayda türkü qətlə yetirmişlər. Xüsusilə, Niksarda yaşayan ermənilər buranın sakinləri ilə qaynayıb-qarışsalar da, yerli camaata qarşı çox qəddarlıq etmiş, ən qorxunc cinayətləri törətmişlər.
1918-ci ildə Niksarın vətən sevgisi ilə alışıb-yanan igidləri Çanaqqala, Azərbaycan, Balkan döyüşlərinə gedərək vətən üçün şirin canlarından keçmişlər. 1918-ci ildə Nuru paşanın ordusunda Erba, Rəşadiyə, Zilə və Niksar bölgələrindən könüllü olaraq Bakıya gələn insanlar olmuşdur. Biz bu məlumatı Bakıda fəaliyyət göstərən Qafqaz Universitetinin eyni adlı araşdırma institutunun nəşr etdiyi "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" kitabından aldıq. Öyrəndik ki, Niksardan Bəkir Durmuş və Həsən Saleh Nuri paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusuna könüllü olaraq yazılmışlar. Bəkir Niksarın Kalonlu, Həsən isə Bumalan oğulları nəslindən idi. Niksarda hər gördüyümüz insan həmyerlilərinin Azərbaycanın müstəqilliyi uğrundakı döyüşlərdə Bakı şəhərində şəhid olmalarını qürurla söylədilər.
Hər il fəslin bu vədəsində qədim şəhərdə "Niksarın fidanları" adlı mədəniyyət-sənət həftəsi keçirilir. Bu həftə ərzurumlu Aşıq Əmrah və Niksar şairi Cahid Küləbinin xatirəsinə həsr olunmuşdur. Aşıq Əmrah haqqında ətraflı məlumatı Azərbaycanın dünyada məşhur olan alimi, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Xalıq Koroğlunun 1983-cü ildə Moskvada nəşr edilən "Türk aşıq şeiri" kitabından öyrəndik. X.Koroğlu yazır ki, Aşıq Əmrahın həyatı haqqında məlumat azdır. Aşıq haqqında əfsanə və rəvayətlərdən məlum olur ki, XVIII əsrin 70-ci illərində Ərzuruma yaxın bir kənddə doğulmuşdur. Aşıq Əmrah Şərqi Anadolunu addım-addım gəzmişdir. 1840-cı ildə Sivasa gəlmiş, oradan Niksara keçmiş, ömrünün sonunadək Niksarda yaşamış, 1860-cı ildə Niksarda vəfat etmişdir. Niksarlılar çox sevdikləri Əmrahın məzarı üstündə abidə ucaltmışlar və hər il onun xatirəsinə toplantılar keçirirlər.
Cahit Küləbi Türkyənin məşhur şairlərindəndir. 1917-ci ildə doğulmuşdur. Həm Türkiyədə, həm də Avropada yüksək vəzifələrdə işləmişdir. Ankarada Türk Dil Qurumunda nəşriyyat və tanıtma bölümünün sədri olmuşdur. Çox sayda şeir kitabları, publisistik yazıları var. Şeirləri xalq ədəbiyyatı üslubunda yazılmışdır, eyni zamanda, sərbəst şeir usulundan istifadə etmişdir. Türk xalqının tarixi onun şeirlərinin mövzusu olmuşdur. Əsərlərində sevgi, dostluq, qardaşlıq şirin bir dillə göstərilmişdir. O, şeirlərində insanları barışa, sülhə səsləyir, müharibələrə qarşı üsyan bayrağını qaldırır. C.Küləbinin əsərlərinə Türkiyənin məşhur bəstəkarları musiqi bəstələmişlər. Buna misal olaraq "Atatürk Qurtuluş Savaşında" aratoriyasını göstərmək olar. Əsərin musiqisini Türkiyənin məşhur bəstəkarı Nevit Kodallı yazmışdır. Cahit Küləbini Azərbaycanda da yaxşı tanıyırlar. Onun şeirləri Azərbaycanda jurnallarda və şeir antologiyalarında dərc edilmişdir. Aşıq Əmrahın da şeirləri jurnal və kitablarda işıq üzü görmüşdür. Misal üçün, "Azərbaycan" jurnalının 1978-ci il 12-ci nömrəsində Aşıq Əmrahın şeirləri dərc edilmişdir. Şeirləri Azərbaycan dilinə şair Məmməd Aslan çevirmişdir. Başqa kitab və almanaxlarda da Aşıq Əmrahın şeirlərinə rast gəlmək mümkündür.
Niksarda keçirilən mədəniyyət-sənət həftəsinə Azərbaycandan da nümayəndələr dəvət olunmuşdular. Onu da deyək ki, toplantıda çıxış edənlərin əksəriyyəti Azərbaycandan, onun mədəniyyətindən, Qarabağ hadisələrindən danışdılar. Niksarın bələdiyyə başqanı Duran Yadigar Azərbaycanı çox sevdiyindən, şairlərdən Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Vaqifi, Natəvanı, M.Müşfiqi, B.Vahabzadəni, M.Arazı sevərək oxudugundan danışdı.
Toplantının təşkilat komitəsinin sədri, "Kümbət" jurnalının redaktoru şair-yazar Həsən Akar Qarabağa - Xarı bülbülə həsr etdiyi kitabından söz açdı. Şair Yəhya Akengin Azərbaycana həsr etdiyi şeirlərini oxudu və dedi ki, hər il Azərbaycana gedir, Azərbaycan onun ikinci vətənidir. Bakı Dövlət Universitetinin müəllimi, şair Sona Çərkəzin çıxışı alqışlarla qarşılandı. Osman Qazi Universitetinin müəllimi, dosent T.Əliyeva çıxışına B.Vahabzadənin "Azərbaycan-Türkiyə" şeiri ilə başladı. Onun əlindəki Azərbaycan-Türkiyə bayrağı uzun müddət alqışlandı. T.Əliyeva çıxışında Azərbaycan-Türkiyə dostluğundan söz açaraq bildirdi ki, bütün yasaqlara baxmayaraq bu dostluq hər zaman olmuş və bundan sonra da davam edəcəkdir. T.Əliyeva çıxışının sonunda Azərbaycanın unudulmaz şairi Məmməd Arazın yaradıcılığından söz açdı və sözünü "Azərbaycan-dünyam mənim" şeiri ilə bitirdi.
Almaniyanın Frankfurt şəhərindən gələn türkoloq Regina Höfer bu toplantı üçün təşəkkür etdikdən sonra Azərbaycan mədəniyyəti haqqında ətraflı söhbət açdı.
Sabahı günü toplantı iştirakçıları yaylaq şənliyində oldular. Bələdiyyə başqanı Duran Yadigar çıxışında yenə də Azərbaycan-Türkiyə dostluğundan danışaraq dedi ki, Qarabağ haqqında filmə baxdım, orada Qarabağın ən gözəl şəhəri olan Şuşanı, Cıdır düzünü, Topxana meşəsini, İsa bulağını, Kirs dağını, yaylaqları göstərdilər. Qarabağ işğaldan azad olsun, belə bir şənliyi Şuşada, Cıdır düzündə keçirək. O zaman böyük bir dəstə ilə Niksardan Şuşaya gedəcəyik. Bələdiyyə başqanının çıxışı uzun müddət alqışlandı.
Duran Yadigarın çıxışı Azərbaycan nümayəndə heyətini duyğulandırdı. Əslən Ermənistandan olan və 1948-ci ildə ailəsi Ermənistandan sürgün edilən, repressiya qurbanı şair Sona Çərkəz çıxışında Ermənistanda qalan dədə-baba yurdlarından söz açdı. Göyçəni, Göyçənin yaylaqlarını, Göyçə gölünün gözəlliyini dilə gətirdi və qərib ellərdə qalan gözü yaşlı yurd yerlərimizə həsr etdiyi şeirlərini oxudu.
Yaylaq şənliklərində Makedoniyadan, Kərkükdən və Türkiyənin müxtəlif şəhərlərindən gələn şairlər şeirlərini oxudular, müğənnilər konsert verdilər.
Tamilla ƏLİYEVA
Azərbaycan.- 2012.- 5 iyul.- S. 4.