Rus şərqşünaslığının banisi

 

Mirzə Kazım bəy - 210

 

 Bizim Mirzə Kazım bəy, rusların Aleksandr Kazımoviç Kazımbek kimi tanıdığı, əslində, adı Məhəmməd Əli Kazım bəy olmuş bu böyük azərbaycanlı rus şərqşünaslığının banisi sayılır. Ədəbiyyatşünas alim Yaşar Qarayev onun barəsində yazırdı:"Bu vətən oğlu XIX əsrin birinci yarısında Qərbdən əsən ilk mehi təmsil edirdi. Mirzə Kazım bəy Avropa ilə Azərbaycan arasında ilk körpüyə çevrilənlərdəndir. Qədim Şərq mədəniyyətinə yaxından bağlı idi və bu mədəniyyətin Rusiyada, Qərbdə hərarətli yayıcısı idi. Əgər Kazım bəy kimi şəxsiyyətlərin qarşılıqlı əlaqələri olmasaydı, Qərblə Şərq arasında yaranan ünsiyyət sonralar dünyanı fəth edəcək qeyri-adi qüdrətə çevrilməzdi".

O, 45 il Kazan və Peterburq universitetlərində dərs demiş, türk dillərinin rusca ilk elmi qrammatikasını, ilk "İran filologiyası" kursunu yaratmış, Firdovsinin "Şahnamə"sindən, Sədi Şirazinin "Gülüstan"ından ruscaya tərcümələr etmişdir. Məşhur N.İ.Lobaçevski Nəsrəddin Tusinin elmi irsi ilə məhz Mirzə Kazım bəyin tərcümələri vasitəsilə tanış olmuşdur. Rusiya Elmlər Akademiyasına müxbir üzv, Fransa, Almaniya, Danimarka, ABŞ akademiyalarına və elmi cəmiyyətlərinə üzv seçilmişdir. "Türk-tatar dilinin qrammatikası" (1839-cu il) əsəri "Demidov" mükafatına layiq görülüb. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olan Mirzə Kazım bəy XIX əsrdə çar Rusiyasında şərqşünaslıq elminin əsasını qoyan alimlərdən sayılır. Səkkiz dildə (Azərbaycan, alman, rus, ərəb, fars, türk, fransız, ingilis) yazıb-yaratmış Mirzə Kazım bəyin elmi irsi Rusiya elm tarixinin inkişafında misilsiz rol oynamışdır. Mütəxəssislərin fikrincə, çar Rusiyasının şərqşünas elm tarixini Mirzə Kazım bəysiz təsəvvür etmək qeyri-mümkündür.

Mirzə Kazım bəyin həyat və yaradıcılığı ilə maraqlananda üzləşdiyimiz faktlar qarşısında heyrətə gəldik. Bu unudulmaz şəxsiyyət Azərbaycanda nüfuzlu bir nəslin övladı olub. Atası Məhəmməd Qasım Kazım bəy Dərbəndin (o vaxtlar bu şəhər Azərbaycanın Quba xanlığının tərkibində idi. Sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhanilərindən olub. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı idi. Məhəmməd Qasım Kazım bəy Məkkədən Həcc ziyarətindən qayıdarkən Rəşt şəhərində (indiki İran İslam Respublikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənib. Mirzə Kazım bəy də məhz bu izdivacdan Rəştdə anadan olub. Bir neçə ildən sonra Məhəmməd Qasım Kazım bəy Dərbəndə qazi təyin edilib. Bu səbəbdən də ailə Rəştdən köçməli olub. Mirzə Kazım bəy hələ kiçik yaşlarında ikən fars dilini kamil öyrənmişdi. Rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnirdi. "Ərəb dilinin qrammatikası" adlı kitabını yazanda Mirzə Kazım bəyin 17 yaşı vardı. Atası Məhəmməd kişi çox istəyirdi ki, oğlu ruhani olsun. Buna görə də onu Ərəbistana dini təhsil dalınca göndərmək istəyirdi. Lakin 1820-ci ildə bir haqsızlığın güdazına gedib. Onu İran əleyhinə casusluq fəaliyyətində suçlayaraq bütün dini rütbələrindən məhrum edirlər. Özünü isə xanımı ilə birlikdə sürgünə - Həştərxana göndərirlər.

Arxiv materiallarından bəlli olur ki, hələ Dərbənddə yaşadığı illərdə Mirzə Kazım bəy xarici ölkələrdən gələn dini missionerlərin bu şəhərdə təşkil etdiyi məclislərə tez-tez gedərmiş. Saatlarla davam edən müzakirələrə diqqətlə qulaq asarmış. Həmin müzakirələr zamanı xristian dininin təbliğatına söykənən müəyyən məsələlər də öz təsirini göstərib. Gənc Kazım bəy də bu dinin əsaslarını daha dərindən mənimsəmək üçün yəhudi və ingilis dillərini öyrənməyə başlayıb. Ciddi götür-qoydan sonra xristian dinini qəbul etmək qərarına gəlib. Bu hadisə onun ailəsi ilə münasibətlərinin sərinləməsinə, daha doğrusu, pozulmasına səbəb olub. Ədəbiyyatşünas alim Vilayət Quliyev Mirzə Kazım bəylə bağlı apardığı araşdırmaların birində yazıb: "Məhəmməd Qasım bəy əvvəlcə şər ilə şeyxülislamlığı əlindən alındığına, sonra isə xristian olan oğluna görə ikiqat əzab çəkirdi. Bununla belə, hər ikisinin bir-birinə sevgisi toxunulmaz qalmışdı. Bir dəfə onlar görüşüblər. Ata onu öpmək istəyir. Lakin tez geri çəkilərək: "Sən murdarsan, mən səni necə öpə bilərəm" - deyir. Bununla belə, ata yenə də onu öpür, sonra isə bir xristianı öpdüyünə görə ağzını yuyaraq pak edir. Artıq bütün cəhdlərinin əbəs olduğunu görən Hacı Qasım qərar verir: "Görünür, qismət belə imiş. Mənim oğlum gərək kafir olaymış". Alın yazısına tabe olan Hacı Qasım... bir daha oğlu ilə görüşmür".

Lakin sonrakı illərdə Mirzə Kazım bəyin həyat və yaradıcılığı sübut etdi ki, boynundan xaç asmasına baxmayaraq onun sinəsində döyünən ürəyi də, ruhu da türk idi, islam dininin də bütün dinlərdən üstün olduğunu hamıdan yaxşı bilirdi. Hətta bəzi cərəyanlarda, Qərb fəlsəfə düşüncəsində islam dininə bəslənən yanlış fikirlərə qarşı çıxaraq islamın ən fədakar müdafiəçisi olub.

Mirzə Kazım bəy xristianlıqla bağlı əsərlərini Şərq dillərinə tərcümə edirdi. Sonradan fransız, alman, tatar dillərini də öyrəndi. Onun 1825-ci ildə Böyük Britaniyaya - Londona dəvət ediblər. Lakin rus hakim dairələri bu təklifin reallaşmasına imkan vermədilər. Onu Rusiyada saxlamaq üçün xüsusi sərəncamla Omska tatar dili müəllimi kimi göndəriblər. Yolda xəstələnməsi səbəbindən bu gediş təxirə salınıb. O, bir müddət Kazan Universitetində ərəb və fars dillərindən dərs deyib. 1828-ci ildə Mirzə Kazım bəy Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv seçilib. Artıq Kazan Universitetində türk dilləri fakültəsinin rəhbəri kimi çalışan Mirzə Kazım bəy 1835-ci ildə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilib. O zaman rus imperiyasında əksər türk dilləri tatar dialekti kimi qəbul olunurdu. Məhz buna görə də Mirzə Kazım bəy öz əsərlərində azəri və digər türk dillərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisələrini apararaq dialektləri öyrənirdi. Onun "Türk dilinin qrammatikası" əsəri dəfələrlə müxtəlif illərdə nəşr edilərək bütün Avropa universitetlərində əsas istinad mənbəyi kimi istifadə olunub.

1849-cu ildə Mirzə Kazım bəy Peterburq Universitetində Şərq dilləri fakültəsinə dekan göndərilib. O, gələcək şərqşünaslar yetişdirməklə bərabər, dərsliklər də yazmaqla məşğul idi. 1854-cü ildə türk dilinə dair "Türk dillərinin öyrənilməsində kurs dərsliyi" və o dövrün ən iri rus-türk lüğətini (6700 sözdən ibarət) nəşr etdirib. Hətta "Şərq dillərindən törənmiş rus söz və söz birləşmələrinin izahına dair" əsərini də yazmağa nail olub.

Xristianlığı öz istəyi ilə - 21 yaşında qəbul edən Mirzə Kazım bəy 1842-ci ildə, yəni, 40 yaşında Kazan quberniyasında yaşayan zadəgan bir ailənin qızı ilə evlənib. Bu nikahdan onların Olqa adlı qızı, Aleksandr, Boris, Nikolay adlı oğulları doğulub. 1854-cü il Mirzə Kazım bəy üçün faciəli olub. Həmin il o xanımını və iki azyaşlı uşağını itirib. Mənbələrdə Mirzə Kazım bəyin iki dəfə rəsmən evləndiyi bildirilir. Sonralar onun yenə də övladları doğulub. Hətta oğluna əvvəlki övladının adını - Nikolay qoyub. Nikolay Kazımbəy də 1918-ci ildə bolşevik terrorunun qurbanı olub. Onun haqqında yazılan xatirələrdə bir fikir çox qabarıq görünür. Mirzə Kazım bəy inanclı xristiana çevrilsə də, bəzi məsələlərdə səciyyəvi müsəlman mentalitetindən çox da uzaqlaşa bilməmişdir. Mirzə Kazım bəyin qızı Olqa Kazım bəy mükəmməl təhsil almış, rus və fransız dillərini öyrənmişdir. O, eyni zamanda, atasının ilk bioqraflarından biri olmuşdur. XIX əsrin 90-cı illərində bir sıra jurnallarda Kazım bəylər nəsli haqqında tarixi sənəd və materialları hazırlayıb çap etdirən məhz Olqa Kazım bəy olub. Mirzə Kazım bəyin öz adını verdiyi Adeksandr Kazımbəy isə Peterburq Universitetində ali təhsil alıb. O, 1867-ci ildə Tolstoyun nəslindən olan bir qızla evlənib. Lakin Aleksandrın vaxtsız vəfatı nəticəsində Mirzə Kazım bəyin nəvələrinə mükəmməl təhsil verilməsi mümkün olmayıb.

...Bəzən elm aləmində, xüsusilə də, alimlər arasında Mirzə Kazım bəyin azərbaycanlı olması barədə müəmmalı fikirlər də dolaşırdı. Amma aparılan tədqiqatlar bütün kölgəli fikirlərin üzərindən xətt çəkdi. Həm Moskva alimləri, həm Mirzə Kazım bəyin tələbələri, həm də digər araşdırmalar Mirzə Kazım bəyin azərbaycanlı olmasını sübuta yetirdi. Atası Hacı Məhəmməd Qasım Dərbənddə (Azərbaycana məxsus şəhərdə) doğulmuşdu, Məkkədən geriyə qayıdarkən Gilanda bir müddət ayaq saxlamaq və bu zaman da övladının dünyaya gəlməsi onun başqa millətə mənsub olması demək deyil. Bir də Mirzə Kazım bəy Azərbaycan dilini dünyaya gələndən ömrünün sonunadək təmiz bilirdi. Başqa dilləri isə sonradan öyrənmişdi. Mirzə Kazım bəy 1826-cı ildə Kazan Universitetində elmi fəaliyyətə başlayandan Azərbaycanla əlaqəsini kəsməmişdi. Hətta Rusiyada yaşayan akademik dostlarından birinə ünvanladığı məktubunda Quba şəhərinə su çəkilməsindən çox sevindiyini bildirmiş, eləcə də bu münasibətlə yazdığı şeirlərini də göndərmişdi. Qubaya su çəkilməsindən hər hansı bir başqa millətin nümayəndəsi yox, məhz azərbaycanlı belə sevinib şeir yaza bilərdi. Bir də "Türk-tatar dilinin qrammatikası", "Dərbəndnamə" kimi kitabların müəllifi hansı millətin nümayəndəsi ola bilərdi ki? O, 1849-cu ildən etibarən öz həmyerlisi - azərbaycanlı alim Mirzə Cəfər Topçubaşovla birlikdə Peterburq Universitetində türk (Azərbaycan), fars dillərində dərs deyib.

1870-ci ildə dünyasını dəyişən Mirzə Kazım bəy bir sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" ("Yeddi planet") əsəri Krım xanlığının 1466-1737-ci illər aralığındakı tarixi haqqındadır. "Uyğurlar" əsərində isə qədim uyğurların tarixindən bəhs edilir. Ən böyük tarixi əsəri isə "Bab və Babilər: 1848-52-ci illər İranda dini və siyasi təlatümlər" əsəridir. Digər əsərləri isə islam təhqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik", "Müridlik və Şamil", nəhayət, "İslam tarixi" kitabları.

Əslində, Azərbaycanda Mirzə Kazım bəy irsinin daha dərindən, dəqiq araşdırılması, öyrənilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ədəbiyyatşünas alim Vilayət Quliyev söyləyir ki, 2001-ci ildə rus dilində çıxmış "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyanın bir nüsxəsini ümummilli liderə bağışlayarkən o, Mirzə Kazım bəylə araşdırmaları davam etdirməyi tapşırmaqla bərabər, həm də belə söyləyib: "Yaxşı yadımdadır. 1970-ci ildə Moskva Patriarxlığında Kazım bəy soyadlı bir nəfər işləyirdi. Sən bir maraqlan".

Ötən illər ərzində aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, Mirzə Kazım bəy Rusiyada təkcə elmi məktəbin yaradıcısı və dünya şöhrətli şərqşünas deyil, həm də zadəgan ailələri sırasında özünə yer tutan qollu-budaqlı bir nəslin banisi oldu. Təbii ki, Kazım bəy nəslindən olanlar təkcə əsil-nəcabətləri ilə deyil, həm də şəxsi keyfiyyətləri, bilik və bacarıqları ilə fərqləndilər.

Yazını Yaşar Qarayevin deyimi ilə bitiririk: Onlar Qərbdən əsən mehi təmsil etdilər və Avropa ilə Azərbaycan arasında körpüyə çevrildilər. Bu sırada Mirzə Kazım bəyin yeri birinci idi.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 5 iyul.- S. 4.