Dövlət Sərhəd Xidmətinin əməkdaşları Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində uğurlu tədbir keçirmişlər

 

 Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində uğurlu tədbir keçirilmişdir.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, iyunun 23-ü saat 01.00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin "Astara" Texniki Müşahidə Məntəqəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində naməlum hədəf aşkar olunmuşdur.

Hədəfin tanınması və saxlanılması məqsədi ilə Sahil Mühafizəsinin hərbi qulluqçuları sərhəd gözətçi kateri ilə həmin istiqamətdə hərəkət etmiş, tərkibi 3 nəfərdən ibarət qayığı aşkar edərək "Dayan" komandası vermişlər. Sərhəd pozucuları komandaya məhəl qoymayaraq hərəkət edən zaman hərbi qulluqçular havaya xəbərdarlıq atəşi açmışlar. Sərhəd pozucuları bundan sonra da tabe olmayaraq hərəkət etdikləri üçün qayığın mühərrikini sıradan çıxarmaq məqsədi ilə sərhəd naryadı qayıq istiqamətində atəş açmışdır. Nəticədə qayığın mühərrikləri sıradan çıxmış və sərhəd pozucuları yaxalanmışlar.

İlkin araşdırma zamanı müəyyən olunmuşdur ki, saxlanılan şəxslər - İran vətəndaşları, 1971-ci il təvəllüdlü Lotfollahi Kömərz Fərəməz oğlu, 1961-ci il təvəllüdlü Huzuri Rəsul Fərzulla oğlu və 1971-ci il təvəllüdlü İmampur Kuruş Zeydulla oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında həmvətənləri, 1981-ci il təvəllüdlü Zarei Rasoul Navid oğlu və şəxsiyyəti istintaqa məlum olmayan Nəriman Səmai adlı şəxsin təşkilatçılığı ilə Azərbaycandan spirtli içki aparmaq məqsədi ilə iyunun 23-də saat 1.00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq "Layner" tipli "Yamaha-200" mühərrikli qayıqla İrandan Azərbaycana gələrək Xəzər dənizinin sahilində Azərbaycana qanuni yolla gələn Zarei Rasoul Navid oğlu ilə görüşüb qaçaqmalı qəbul edib İrana aparmaq məqsədləri olmuşdur. Görülmüş tədbirlər nəticəsində cinayətkar əməlin qarşısı alınmışdır.

Hadisə yerindən sərhəd pozucularına məxsus külli miqdarda müxtəlif növ spirtli içkilər, GPS cihazı və mobil telefonlar aşkar edilərək götürülmüşdür.

Cinayətin təşkilatçısı, İran vətəndaşı Zarei Rasoul Navid oğlunun ölkə ərazisini tərk etməsinin qarşısının alınması və saxlanılması məqsədi ilə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs "Biləsuvar" sərhəd nəzarət məntəqəsindən rəsmi qaydada Azərbaycandan İrana getmək istəyərkən DSX əməkdaşları tərəfindən saxlanılmışdır.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, saxlanılan şəxslərə ittiham elan olunmuş və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Cinayətin digər iştirakçılarının aşkar olunub cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Azərbaycan.- 2012.- 5 iyul.- S. 5.