Abşeronda müasir geodinamik şərait amerikalı mütəxəssislərlə
birgə izlənilir
Bir sıra kütləvi informasiya vasitələrində yayılan "Bakıda güclü zəlzələ riski günü-gündən artır" məlumatı şəhər sakinlərində narahatlıq yaradıb. Bununla əlaqədar bəzi məqamlara aydınlıq gətirmək istəyirik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu Amerikanın Massaçusets Texnoloji İnstitutu (MTİ) ilə birlikdə 1998-ci ildən kosmik geodeziya metodu ilə (GPS vasitəsi ilə) Azərbaycan ərazisinin müasir geodinamik şəraitini və zəlzələ riskini müəyyənləşdirmək istiqamətində tədqiqatlar aparır. Bu tədqiqatların məsul icraçıları - bu yazının müəllifi mən və MTİ-nin professoru Robert Reilingerdir. Tədqiqatların nəticələri impakt faktoru yüksək olan nüfuzlu jurnallarda və AMEA xəbərlərində dəfələrlə dərc edilmiş və respublika mətbuatında bu haqda zaman-zaman məlumatlar verilmişdir. Abşeron yarımadasında geodinamik şəraitə aid Geologiya İnstitutu MİT ilə birlikdə 2011-ci ilin iyun ayında Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, BP, Seysmoloji Xidmət Mərkəzinin və digər aidiyyəti təşkilatların, kütləvi informasiya vasitələrinin iştirakı ilə elmi müşavirə keçirmişdir. Buradakı məruzələrdə Qafqazın tarixən seysmik aktiv region olduğu, müasir geodinamik şəraitin mürəkkəbliyi və ərazinin daim deformasiyalara məruz qalaraq seysmik risk altında olduğu öz əksini tapmışdır.
Ən son tədqiqat işi Springer nəşriyyatının nüfuzlu "Natural Hazard" jurnalında "Şərqi Qafqaz, Bakı ətrafının kinematikası"na həsr edilmiş məqalə olmuşdur (Kadirov F.A., M.A.Floyd, A.Alizadeh, I.Guliev, R.E.Reilinger, S.Kuleli, R.W.King and M.N.Toksoz, Kinematics of the Caucasus near Baku, Azerbaijan (2012), J.Nat.Hazards, doi:10.1007 s11069-012-0199-0.)
Bu məqalə barədə həm müəlliflər R.E.Reilinger və M.A.Floyd MİT News saytına müsahibə vermiş (http://web.mit.edu/newsoffice/2012/caspian-quake-threat-0614.html) və burada deyilənlər Azərbaycan və digər mətbuat vasitələrində səhv şərh edilmişdir. Təəssüf edirəm ki, bu yanlış fikirləri söyləyənlər məqalənin bir sətrini belə oxumamışlar. Adı çəkilən məqalədə müəlliflər zəlzələ proqnozu etməmişlər. Aparılmış GPS monitorinqinin nəticələri analiz edildikdə Kür depressiya zonasının şimalında və Abşeron yarımadasının cənubunda Yer qabığının qısaldığı, başqa sözlə, deformasiyaya uğradığı məlum olmuşdur. Burada baş verən deformasiyaların aseysmik olduğu və ya zəlzələlərə səbəb olacağını demək bu gün mümkün deyil və əlavə tədqiqatların aparılması zəruridir.
Azərbaycan Respublikasının ərazisi (o cümlədən, Abşeron yarımadası) seysmik zonada yerləşir və tarixən güclü zəlzələlərin təsirinə məruz qalmışdır. Abşeron yarımadasına da tarixən güclü zəlzələlər (Xəzər dənizi zəlzələlərı, Maştağa, Sabunçu, Zığ, Suraxanı, Nardaran, Nasosnı və s.) dağıdıcı təsir göstərmişdir. Aparılan GPS tədqiqatlarının praktik əhəmiyyəti deformasiya proseslərinin və zəlzələlərin yaşayış məntəqələrinə, əhaliyə və neft sənayesinə neqativ təsirinin azaldılması üçün elmi əsasların işlənib hazırlanmasından ibarətdir.
Alimlər Azərbaycan və ətraf ərazilərdə apardıqları GPS tədqiqatları ilə Qafqaz ərazisinin Ərəbistan plitəsinin hərəkəti ilə sıxılması nəticəsində deformasiyalara məruz qalmasını və Azərbaycanın şərqində Bakı ətrafında Yer qabığında deformasiya enerjisinin toplanması prosesinin getdiyini müəyyən etmişlər. Ehtimal olunur ki, proses belə davam edərsə, region hələ xeyli müddət zəlzələ riski altında qala bilər və prinsipcə bu enerjinin önümüzdəki illərdə kritik dəyərə çatması da mümkündür. Bu heç də o demək deyil ki, çox güclü zəlzələ olacaq. Burada əhalinin və neft strukturlarının sıxlığı, geoloji quruluş nəzərə alınsa, zəif deformasiyaların və orta güclü zəlzələlərin də müəyyən zərərlərə səbəb ala biləcəyi ehtimal oluna bilər. Gözlənilən zərərlərin qiymətləndirilməsində, əhali arasında maarifləndirmə işlərinin aparılmasında, fəlakət və onun təsirlərinin azaldılması tədbirlərində AMEA Geologiya İnstitutu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə sıx elmi əməkdaşlıq edir.
Burada bir cəhətə də diqqət yetirilməsi vacibdir. Hər hansı bir ərazi üçün baş vermiş zəlzələlərin statistik təhlili heç də baş verəcək zəlzələlərin gücünü düzgün təyin etməyə imkan vermir. Yaponiyada baş verən güclü zəlzələlərə nəzər yetirək. Yaponiyada zəlzələlərin qeyd olunma tarixi ən uzun zaman intervalını əhatə edir. Bu zəlzələlərin statistik analizinə görə Honshu-da maqnitudası 9 olan zəlzələ gözlənilmirdi. Amma bu baş verdi (2011-ci il). Belə məsələlərdə olduqca ehtiyatlı davranmaq lazımdır. Yer aktiv və narahat bir planetdir.
Bu gün zəlzələlərin baş vermə vaxtını, dəqiq koordinatlarını və gücünü öncədən proqnoz etmək çətin olsa da, mümkün risklərin azaldılması üçün səylərin davam etdirilməsi məqsədəuyğundur. Belə tədqiqatların neft kəmərlərinə deformasiyaların və zəlzələlərin təsirinin öyrənilməsində və minimuma endirilməsində olduqca böyük praktik əhəmiyyəti var. Belə ki, aparılan GPS tədqiqatları geoloji məlumatlarla analiz edilərək boru kəmərlərinin geoloji təhlükəli hissələri müəyyən edilir və önləyici mühəndisi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Alyaskada aparılan tədqiqatları buna misal göstərmək olar. ABŞ üçün 1970-ci ildə tikilmiş Trans-Alyaska neft kəməri həyati əhəmiyyət daşıyır. Belə ki, ABŞ-ın daxili neft ehtiyatının 17%-ini nəql edir və gündəlik hasilatın qiyməti 25 milyon dollardır. Bu neft kəməri Şimal Buzlu okeandakı Prudhoe körfəzindən Valdez portuna uzanır və Denali qırılmasını kəsir. Burada aparılan tədqiqatlar nəticəsində 600 m-lik qırılma hissəsində deformasiyaların olduğu və bunun nəticəsində burada M=8 olan zəlzələnin baş verəcəyi ehtimal edilir. Hesablamalar bu zaman 6 m horizontal, 1.5 m şaquli yerdəyişmə baş verəcəyini göstərmişdir. Bu ehtimallar diqqətə alınaraq həmin hissədə qabaqlayıcı mühəndisi tədbirlər görülmüşdür. Belə ki, bu hissədə borunun uzun metal yastıqlar üzərində teflon başmaqlarla sərbəst hərəkəti təmin edilmişdir. Bunun nəticəsidir ki, 2002-ci ildə baş verən maqnitudu 7.9 olan Denali zəlzələsi zamanı qırılmada 4.26 m horizontal, 0.76 m şaquli yerdəyişmələr olsa da, kəmərə zərər dəyməmişdir. Qeyd edək ki, mühəndisi tədbirlərə 3 milyon dollar xərclənmişdir. Əgər zəlzələ zamanı kəmərdə qırılma olsa idi, bu zaman bərpa işlərinə və ətraf mühitin təmizlənməsinə 100 mln dollar xərclənməli idi.
Analoji çalışmalar Geologiya İnstitutu tərəfindən BP şirkətinin maliyyə dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsində aparılır.
Azərbaycan ərazisində gərginlik bölgələrinin aseysmik və ya aktiv olmasını müəyyənləşdirmək məqsədi ilə monitorinq prosesinin daha sıx GPS şəbəkəsi üzrə aparılması çox zəruridir. Xəzər dənizi də daxil olmaqla Bakı ətrafında seysmik aktivliyin monitorinqini həyata keçirmək üçün əlavə GPS stansiyalarının və dəniz dibi seysmometrlərinin yerləşdirlməsi vacib məsələlərdən biridir. Bu tədqiqatların gələcəkdə AMEA-nın Geologiya İnstitutunun, Massaçusets Texnologiya İnstitutunun və respublika Seysmoloji Xidmət mərkəzinin iştirakı ilə ABŞ-ın Elm fondunun qrantı hesabına davam etdirilməsi nəzərdə tutulur.
Fəxrəddin QƏDİROV,
AMEA-nın müxbir üzvü,
professor, AMEA,
Geologiya İnstitutu "Geodinamika
və
Seysmologiya şöbəsinin" rəhbəri
Azərbaycan.- 2012.- 5 iyul.- S. 5.