Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun geniş tərkibdə görüşü

 

İyulun 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini tərəfdaşlığımızın və dostluğumuzun əhəmiyyətli göstəricisi kimi qiymətləndirdi.

Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi. Dövlət başçısı bu səfərin Avropa İttifaqı Şurası prezidentinin ölkəmizi daha yaxından tanıması üçün yaxşı imkan yaradacağını dedi.

Azərbaycan ilə Avropa institutları, eləcə də ölkəmizin əsas enerji tərəfdaşlarından olan Avropa İttifaqı arasında əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini bildirdi.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi.

Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı münasibətlərin olduğunu deyən Herman Van Rompuy iqtisadienerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirdi.

Avropa İttifaqı Şurasının prezidenti bu səfərin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi baxımından yeni imkanlar açacağını vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 1.