Azərbaycan
Prezidenti İlham Əliyev və Avropa İttifaqı
Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla
çıxış etmişlər
İyulun 5-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident İlham Əliyevin bəyanatı
-
Cənab prezident!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
Cənab prezident, Sizi bir daha Azərbaycanda salamlayıram. Mənim dəvətimi
qəbul edib Azərbaycana səfərə gəldiyinizə
görə təşəkkürümü bildirirəm.
Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərə
dair geniş müzakirələr apardıq. Avropa təsisatları
ilə Azərbaycan arasında əlaqələr çox
uğurla inkişaf edir. Ötən il
biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini
qeyd etdik. Bütün bu illər Azərbaycan ilə
Avropa təsisatları arasında fəal əməkdaşlıqla
yadda qaldı. Hazırda bu əlaqələr
uğurla inkişaf edərək tərəfdaşlığın
yeni formasına çevrilir. Biz regional miqyaslı bir
sıra məsələlər - siyasi inkişaf, iqtisadi əməkdaşlıq,
enerji təhlükəsizliyi və regional
təhlükəsizlik üzərində iş
aparırıq. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın
Avropa İttifaqı ölkələri ilə yaxşı ikitərəfli əlaqələri mövcuddur. Bu
münasibətlər çox möhkəm qarşılıqlı maraqlara,
hörmətə və dostluğa əsaslanır.
Bu gün biz Avropa ilə Azərbaycan arasında əlaqələrin
geniş gündəliyini müzakirə etdik. Biz Azərbaycanda
baş verən siyasi prosesləri, siyasi islahatları nəzərdən
keçirdik. Mən cənab prezidentə
bildirdim ki, Azərbaycan siyasi islahatlar və demokratik inkişaf
siyasətinə sadiqdir. Biz qanunun aliliyinin
möhkəmləndirilməsi, siyasi azadlıqlar və insan
hüquqlarının müdafiəsi sahəsində işlər
aparırıq. Hesab edirəm ki, Azərbaycan
müstəqillik illərində mühüm inkişafa nail
olub. Azərbaycanda bütün əsas
azadlıqlar - din azadlığı, toplaşmaq
azadlığı, mətbuat azadlığı təmin
olunub, azad internet vardır. Əlbəttə
ki, Azərbaycan ilə Avropa təsisatları arasında
mövcud münasibətlər bu baxımdan davam edəcək
və bizə Avropanın bu sahədə əldə etdiyi
müsbət təcrübəni tətbiq etməyə imkan
yaradacaqdır. Biz regional inkişaf və təhlükəsizlik
məsələlərinə, xüsusilə də Ermənistan
ilə Azərbaycan arasında mövcud münaqişənin həlli
ilə əlaqədar vəziyyəti də nəzərdən
keçirdik. Mən cənab prezidentə
bu məsələ ilə bağlı son vəziyyət barədə
məlumat verdim. Azərbaycan
danışıqlar prosesinə çox sadiqdir. Biz praktiki nəticələri mümkün qədər
tez görmək istəyirik.
Azərbaycanın beynəlxalq səviyyədə
tanınan torpaqları artıq 20 ildir ki, Ermənistanın
işğalı altındadır. Erməni silahlı
qüvvələri təkcə Dağlıq Qarabağı
deyil, həmçinin onun inzibati sərhədlərinə
daxil olmayan yeddi digər rayonu da işğal altında
saxlayır. Onlar etnik təmizləmə
siyasətini həyata keçiriblər və bunun nəticəsində
bizim bir milyona yaxın qaçqın və məcburi
köçkünümüz vardır,
torpaqlarımızın 20 faizi isə hələ də
işğal altındadır. Beynəlxalq
təşkilatlar bu məsələyə dair bir sıra qətnamələr
qəbul ediblər. Buraya BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi, Avropa parlamentinin,
Avropa Şurasının, ATƏT-in qərarları da daxildir.
Amma əfsuslar olsun ki, bu qətnamələrin
heç biri hələ də yerinə yetirilməyib.
Mən cənab prezidentin diqqətinə
çatdırdım ki, ATƏT-in Minsk qrupunda həmsədr
ölkələrin rəhbərlərinin status-kvonun qəbuledilməz
olmasına dair verdikləri bəyanat bizi çox
ruhlandırdı. Bu, çox dərin məzmunlu bəyanatdır
və düşünürəm ki, vaxtında qəbul
edilmiş bir bəyanatdır. Ümid
edirik ki, bu cür mühüm bəyanatdan sonra biz status-kvonun
həqiqətən də dəyişdiyinin şahidi
olacağıq. Status-kvonun dəyişməsi
işğal altında olan torpaqların azad edilməsinin
başlanması deməkdir. Bu da regionda
müsbət inkişaf ilə nəticələnəcəkdir.
Ermənistanın işğal etdiyi
torpaqların azad edilməsinə başladığı andan
dərhal sonra bütün kommunikasiyalar açıla və
regional əməkdaşlığa başlanıla bilər.
Bundan bütün ölkələr
faydalanacaqdır.
Biz vasitəçilərin göstərdiyi səylərə
çox ümidlər bəsləyirik və ümid edirik ki,
bu məsələnin həlli tezliklə tapılacaqdır. Azərbaycanın
beynəlxalq səviyyədə tanınan sərhədləri
bərpa olunacaq və bizim insanlar öz torpaqlarına
qayıtmaq kimi əsas hüquqlarından istifadə edəcəklər.
Azərbaycanlı məcburi köçkünlərin
bu əsas hüququ pozulur.
Bu gün biz enerji təhlükəsizliyi məsələlərinə
də toxunduq və bu müzakirələri bundan sonra da davam
etdirəcəyik. Onu da demək istərdim ki, Azərbaycan
regionda əsas enerji layihələrinin təşəbbüskarıdır.
Xəzərin karbohidrogen ehtiyatlarının
Avropa və dünya bazarlarına nəqlini təmin etmək
üçün enerji dəhlizini ilk açan məhz biz
olmuşuq. Bu gün Azərbaycan nefti Avropa
İttifaqının bəzi üzv dövlətlərinin
enerji balansının təqribən 30 faizini təşkil
edir. Bu o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın
da enerji təhlükəsizliyini təmin edirik.
Azərbaycanda neft sahəsinin inkişaf potensialı
çox yüksəkdir. Bizim çoxşaxəli bir sıra neft
boru kəmərlərimiz var və bununla da gələcək
üçün böyük potensiala malikik. Azərbaycan nefti dostlarımızın gələcək
onilliklər üçün enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm rol oynayacaqdır. Bundan başqa, Azərbaycanın Dövlət Neft
Şirkəti Avropaya fəal şəkildə sərmayə
qoyur. Bu əməkdaşlığı və
faydalı razılaşmaları gələcəkdə də
ikitərəfli qaydada davam etdirmək üçün planlar
vardır.
Azərbaycan artıq iri qaz ixracatçısına
çevrilib.
Biz iri qaz yataqları aşkar etmişik. Üç əsas yataq - "Şahdəniz",
"Ümid" və "Abşeron" Azərbaycanın əsas
qaz ehtiyatlarını təşkil edir. Lakin
əminəm ki, növbəti illərdə biz yeni
yataqların aşkar edilməsinin şahidi olacağıq.
Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş
qaz ehtiyatlarının həcmi 2,6 trilyon
kubmetr təşkil edir. Biz həmçinin
artıq qazötürücü şəbəkəni də
şaxələndirmişik. Bu yaxınlarda Türkiyə
ilə Transanadolu qaz boru kəməri layihəsi barədə tarixi bir saziş
imzalamışıq ki, burada da Azərbaycanın payı 80
faizdir. Bu o deməkdir ki, layihənin icrasına
dair bütün əsas məsuliyyəti və maliyyə
öhdəliyini üzərimizə
götürmüşük. TANAP-a rəhbərliyi
üzərimizə götürmüşük və əminəm
ki, bu, uğurlu nəticəni şərtləndirən amil
olacaqdır.
Belə ki, bugünədək təşəbbüskarı
olduğumuz, maliyyələşdirdiyimiz və icra etdiyimiz
enerji layihələri uğurlu olub. Bu, bizim
üçün, tərəfdaşlarımız
üçün çox vacib məsələdir. Bu, şaxələndirmə məsələsidir.
Şaxələndirmə dedikdə biz, əlbəttə
ki, əsasən mənbələrin şaxələndirilməsini
nəzərdə tuturuq. Bu halda vəziyyət
məhz bu cürdür. Azərbaycan
qazı dünya üçün, Avropa üçün yeni
enerji mənbəyidir. Avropa bazarları
bizim üçün çox cəlbedicidir, çünki
çox böyükdür. Bu,
liberallaşdırılmış, qanunvericiliklə tənzimlənən
bazardır. Burada biz istehsalçı və
istehlakçı arasında maraqlar balansı kimi çox
mühüm məsələyə yaxınlaşırıq.
Burada, əlbəttə ki, tranzit ölkələri
də unutmaq lazım deyildir. Düşünürəm
ki, bu maraqların qovuşması enerji layihələrinin
uğurlu icrası ilə nəticələnəcəkdir.
Bu layihələr onilliklərlə, bəlkə də yüz
il və daha çox müddətdə
davam edəcək layihələr olacaqdır. Azərbaycan
etibarlı tərəfdaş kimi artıq iqtisadi, enerji və
siyasi nöqteyi-nəzərdən özünü
doğruldub. Əminəm ki, əməkdaşlığımızda
enerji sahəsi uğurlu olacaqdır. Lakin əlbəttə,
bu, təkcə qarşılıqlı maraq məsələsi
deyildir.
Bizim iqtisadi əməkdaşlıq,
qarşılıqlı sərmayə qoyuluşu, siyasi əməkdaşlıq,
regional təhlükəsizlik, regional inkişaf müstəvisində
də çoxlu planlarımız vardır. Başqa
sözlə desək, bu gün biz cənab prezident ilə saat
yarım ərzində bu məsələləri müzakirə
etmişik və bir çox məsələlər də müzakirə
olunmalıdır. Bu, əlaqələrin
bizim üçün nə qədər mühüm
olduğunu, müzakirə edilən məsələlərin nə
qədər vacib olduğunu göstərir.
Cənab
Prezident, sizi bir daha ölkəmizdə salamlayıram, şadam
ki, vaxt tapıb Azərbaycanı görməyə, bizimlə
görüşməyə gəldiniz. Sizə
uğurlu səfər arzulayıram. Sağ olun.
Prezident
Herman Van Rompuyun bəyanatı
- Cənab
prezident, Azərbaycana ilk dəfə və ölkənizin
dinamik inkişaf etdiyi dövrdə səfərimdən məmnunam.
Buraya qısa müddətə gəlsəm də,
artıq sürətli müasirləşmənin bir çox əlamətlərini
görmüşəm.
Bu
baxımdan, mən Sizi və Azərbaycan xalqını may
ayında "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etməyiniz münasibətilə təbrik
etmək istərdim. Avropada ən çox
baxılan tədbirlərdən biri olan bu müsabiqə Azərbaycanı
geniş Avropa ictimaiyyətinə aydın şəkildə
yaxınlaşdırdı.
İlk görüşümüz mənim
Belçikanın Baş naziri olduğum vaxta təsadüf
edib. Mənim
Avropa İttifaqı Şurasının prezidenti qismində
Bakıya səfərim bundan əvvəl Astana, Brüssel və
Varşavada keçirdiyimiz görüşlərin nəinki davamı,
həm də Avropa İttifaqı ilə Azərbaycan
arasında əlaqələri bir daha nümayiş etdirmək
üçün bir imkandır.
Bu gün biz səmərəli müzakirələr
apardıq. Bir çox ikitərəfli və regional məsələləri
müzakirə etdik.
Mən üç məsələni qeyd etmək istərdim. Birincisi, icazə
verin vurğulayım ki, biz Avropa İttifaqı - Azərbaycan əlaqələrini
və əməkdaşlığımızın nəticəsində
əldə etdiyimiz faydanı yüksək qiymətləndiririk.
Biz keçmişdəki nailiyyətlərimizə
əsaslanaraq birlikdə gələcək potensialdan istifadə
etməyə çalışmalıyıq. Fikrimcə, bu, Avropa İttifaqının, Azərbaycanın
və bütün regionun maraqlarına xidmət edir.
Müxtəlif sahələrdə əlaqələrimizin
intensivləşməsini müşahidə edirik. Bütün səviyyələrdə
ikitərəfli siyasi əlaqələrimiz, həmçinin
insanlar ilə işgüzar dairələr arasında əlaqələr
də intensivləşir. Biz bir çox əhəmiyyətli
beynəlxalq məsələlərdə Sizin
dəstəyinizi yüksək qiymətləndiririk. Enerji əməkdaşlığımızın
ikitərəfli əlaqələrimizin mühüm müsbət
ölçüsü kimi sürətlə inkişaf edir.
"Cənub" qaz dəhlizi və "Transxəzər"
kəməri ilə bağlı davam edən
danışıqlar Azərbaycan və Avropa İttifaqı
üçün strateji əhəmiyyət kəsb edir.
Mən bu yaxınlarda Türkiyə ilə Azərbaycan
arasında Transanadolu kəməri ilə bağlı əldə
olunan anlaşmanın rəsmiləşdirilməsini
alqışlayıram. Bu, "Cənub" qaz dəhlizinin həyata
keçirilməsi istiqamətində Azərbaycanın və
bizim öhdəliyimizi daha da möhkəmləndirir.
Bununla belə, əlaqələrimizi daha da genişləndirmək
və şaxələndirmək üçün hələ
də böyük potensial vardır. Daha çox iş
görülə bilər və görülməlidir. Biz xüsusilə yeni assosiativ saziş, o cümlədən
ticarət və investisiyalarla bağlı
danışıqlarda irəliləyiş əldə etməliyik.
Cənab
Prezident, Sizi "Şərq tərəfdaşlığı"nın Azərbaycan üçün nəzərdə
tutduğu imkanlardan daha yaxşı istifadə etməyə dəvət
edirəm. Varşava sammitindən sonra biz əhəmiyyətli
irəliləyiş əldə etmişik. Biz "Şərq
tərəfdaşlığı"nın
2013-cü ildə Vilnüsdə keçiriləcək
növbəti sammitinin "Yol xəritəsi"ndə nəzərdə
tutulmuş hədəflərə çatmaq üçün
doğru yoldayıq.
İkincisi,
Azərbaycan dünyəvi cəmiyyətdir və Sizin müxtəlif dinlərin nümayəndələrinin
birgə yaşaması prinsipinə sadiqliyiniz müasir
dünyada çox mühüm əhəmiyyət kəsb
edir. Avropa İttifaqının və regionun
sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və
müasirləşməyə sadiq Azərbaycana ehtiyacı
vardır.
Mən inkişaf edən vətəndaş cəmiyyətinin
vacibliyini Prezident İlham Əliyevin diqqətinə
çatdırdım. Bu, bizim tariximizdə inkişafa zəmin
yaradan əsas amil olub. Bu, Azərbaycanda da belə ola bilər. Eyni zamanda, islahatların aparılması və davam
etdirilməsi, insan haqlarının təşviqi Azərbaycanın
uzunmüddətli müvəffəqiyyətini və
çiçəklənməsini artıracaqdır. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
gücləndirilməsi üçün vacibdir.
Bu
baxımdan, mən 2011-ci il aprelin 2-də
keçirilmiş aksiya zamanı həbs olunmuş doqquz nəfərin
ötən həftə azadlığa buraxılmasını
alqışlayıram. Bu, vətəndaş və
siyasi hüquqların təkmilləşdirilməsi istiqamətində
Azərbaycan tərəfindən atılmış müsbət
bir addımdır. Lakin buna baxmayaraq, daha
çox addım atılmalıdır.
Üçüncüsü, Dağlıq Qarabağ
münaqişəsinin həllində irəliləyişin əldə
edilməsi əsas prioritet olaraq qalmalıdır. Həll yolu
tapılmadan keçən hər gün bizim hamımız
üçün itirilmiş imkandır. Münaqişənin
həllinə nail olmaq üçün etimadın
yaradılmasına, inam və hörmətə ehtiyac
vardır. Dünən Yerevanda verdiyim mesajı
eyniliklə bu gün Bakıda təkrar edirəm.
Son vaxtlar Ermənistanın və Azərbaycanın sərhədində
və qoşunların təmas xəttində baş verən
ciddi silahlı insidentlər bizi çox narahat edir, insan itkisi
məni çox kədərləndirir.
Hərbi güc münaqişəni həll etməyəcəkdir. Münaqişənin
yalnız sülh, danışıqlar yolu ilə həlli
bütün regionda status-kvonu təhlükəsiz və
çiçəklənən gələcəyə doğru
dəyişməyə imkan verə bilər. Əgər təhlükəsiz və sabit regional
mühit yaradılsa, bu, hamının xeyrinə olacaqdır.
Mən
bir müddət əvvəl Avropa İttifaqının və
bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin
Meksikanın Los Kabos şəhərində
"İyirmiliyin" sammitində verdiyi bəyanatları təkrarlayıram:
Həm Azərbaycan, həm də Ermənistan münaqişənin
Madrid prinsipləri əsasında davamlı və sülh yolu
ilə həllinə nail olmaq üçün qərar qəbul
etməlidirlər. Hər iki ölkənin
prezidentləri ATƏT-in Minsk qrupu çərçivəsində
götürdüyü öhdəlikləri tam həyata
keçirməlidir. Hər iki tərəf
atəşkəsə əməl etməli, təmkin
nümayiş etdirməli, rəsmi bəyanatlarda düşmənçilik
ritorikasından çəkinməlidir.
Avropa İttifaqı etimad yaradılmasına və
barışığa yönəlmiş səyləri dəstəkləməyə
hazırdır. Bizim bunu etməyə imkanlarımız və təcrübəmiz
vardır. Səfir Lefortun Avropa İttifaqının Cənubi
Qafqaz və Gürcüstanda böhran üzrə yeni
xüsusi nümayəndəsi təyin olunması Avropa
İttifaqının münaqişənin həllinə artan
sadiqliyini və həll paketinin bütün aspektlərinə
töhfəsini nümayiş etdirir.
Cənab
Prezident, məni Bakıda qəbul etdiyiniz üçün Sizə
bir daha minnətdarlığımı bildirirəm. Mən
çox şadam ki, biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını
daha yüksək səviyyəyə qaldırmaq
üçün birgə öhdəliyimizi bir daha təsdiqləyə
bildik. Təşəkkür edirəm. Gəlin işimizi davam etdirək.
AzərTAc
Azərbaycan.-
2012.- 6 iyul.- S. 1.