Azərbaycan ilə Avropa İttifaqı arasında özünəməxsus münasibətlər vardır

 

 Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana rəsmi səfəri

 

Bu fikri Herman Van Rompuy Milli Məclisdəki görüşündə söyləmişdir

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy iyulun 5-də Milli Məclisdə olmuşdur.

AzərTAc xəbər verir ki, parlamentin binası önündə hörmətli qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Avropa İttifaqı Şurasının prezidenti Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Sonra Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Parlamentin sədri Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana ilk rəsmi səfərini əlamətdar hadisə kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, bu səfər əlaqələrimizin inkişafında yeni mərhələ açacaqdır. Oqtay Əsədov demişdir ki, Avropa təsisatları ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir. Bu kontekstdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşməsində maraqlıdır. Azərbaycanın Avropa dəyərlərinə sadiqlik nümayiş etdirdiyini vurğulayan Oqtay Əsədov ölkəmizin 2009-cu ildən "Şərq tərəfdaşlığı" proqramına qoşulduqdan sonra Avropa İttifaqı ilə münasibətlərimizin daha da genişləndiyini diqqətə çatdırmışdır. Bu əlaqələrin inkişafında Azərbaycan Respublikası Milli Məclisinin rolu böyükdür. Milli Məclis ilə Avropa İttifaqı parlamenti və quruma üzv olan ölkələrin qanunverici orqanları arasında əlaqələr inkişaf etdirilir, müxtəlif məsələlər müzakirə olunur.

Oqtay Əsədov bildirmişdir ki, Avronest Parlament Assambleyasının yaradılmasında Milli Məclisin xüsusi xidmətləri olmuşdur. Bu səbəbdən də Avronest Parlament Assambleyasının ikinci sessiyası ilk dəfə olaraq məhz Azərbaycanda keçirilmişdir. Biz Avropa İttifaqı parlamenti ilə əlaqələrə böyük önəm veririk.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Milli Məclisin Sədri Avropa İttifaqı parlamentinin bu problemin həlli ilə əlaqədar qəbul etdiyi qətnamələrin əhəmiyyətini xüsusi vurğulamışdır. Münaqişənin aradan qaldırılması regionun, eləcə də Avropa İttifaqı ölkələrinin təhlükəsizliyində mühüm məsələ olduğunu vurğulayan Oqtay Əsədov problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinə ittifaqın fəal dəstək verməsinin vacibliyini qeyd etmişdir. Azərbaycanın münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən Madrid prinsiplərini qəbul etdiyini, Ermənistanın isə buna qarşı çıxdığını vurğulayan Milli Məclisin Sədri Avropa İttifaqının bu məsələyə münasibət bildirməsinin zəruriliyini vurğulamışdır.

Azərbaycanın milli qanunlarını Avropa standartlarına uyğunlaşdırdığını deyən Oqtay Əsədov bildirmişdir ki, bu istiqamətdə fəaliyyəti davam etdiriləcəkdir. Tərəflər arasında Assosiativ Saziş üzrə danışıqların davam etdirildiyini deyən Milli Məclisin Sədri qeyd etmişdir ki, Azərbaycan hökuməti bu addımı yüksək qiymətləndirir. Təəssüflər olsun ki, bu il mayın 24-də Avropa İttifaqı parlamenti tərəfindən Azərbaycana qarşı araşdırılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Əlaqələrimizin inkişafına kölgə salan bu qətnamənin qəbul edilməsi Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurmuşdur.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy bildirmişdir ki, bizim aramızda özünəməxsus münasibətlər vardır. Biz həm "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində, həm də enerji sahəsində sıx əməkdaşlıq edirik. Bir sıra beynəlxalq məsələlərdə, o cümlədən BMT çərçivəsində Azərbaycan ilə Avropa İttifaqının mövqeləri üst-üstə düşür.

Ölkəmizin sürətlə inkişaf etdiyini deyən Herman Van Rompuy Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Avropa İttifaqı Şurasının prezidenti demişdir ki, bu problem sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunmalıdır. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini və Madrid prinsiplərini dəstəkləyirik. Status-kvo seçim deyildir və bu vəziyyət qəbuledilməzdir. Münaqişə həll edilmədikcə regionun inkişafı tam şəkildə mümkün olmayacaqdır.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu bildirən Herman Van Rompuy bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 3.