Avropa İttifaqı
Şurasının prezidenti Herman Van Rompuya
Azərbaycan Dillər Universitetinin fəxri
doktoru diplomu təqdim
edilmişdir
Avropa İttifaqı
Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana rəsmi
səfəri
İyulun 5-də Azərbaycan Dillər
Universitetində (ADU) Avropa İttifaqı (Aİ)
Şurasının prezidenti Herman Van Rompuya universitetin fəxri
doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim
keçirilmişdir.
Əvvəlcə
Azərbaycanın dövlət himni və Aİ-nin himni səsləndirilmişdir.
Universitetin
rektoru, Milli Məclisin deputatı Səməd Seyidov mərasimdə
çıxış edərək bu təhsil
ocağının tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri
haqqında danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda
Avropa mədəniyyətinin yayılmasında mühüm rol
oynayan ADU Aİ-nin TEMPUS layihəsində qalib gəlmişdir.
Buna isə Avropa qurumları, xüsusilə də Aİ ilə
əməkdaşlığın inkişafı nəticəsində
nail olunmuşdur.
Azərbaycanın
Avropaya uğurla inteqrasiya etdiyini deyən Səməd Seyidov
ölkəmizdə təhsilin inkişafına göstərilən
dövlət qayğısından, bu sahədə həyata
keçirilən islahatlardan da danışmışdır.
Sonra
Səməd Seyidov Herman Van Rompuya fəxri doktor adı verilməsi
barədə universitetin Elmi Şurasının qərarını
elan etmişdir.
Aİ
Şurasının prezidentinə fəxri doktor diplomu və
mantiya təqdim olunmuşdur. Mərasimdə
çıxış edən Herman Van Rompuy Azərbaycan Dillər
Universitetində olmasından və bu təhsil müəssisəsinin
fəxri doktoru adına layiq görülməsindən
çox məmnun qaldığını söyləmişdir.
Azərbaycanın
əlverişli coğrafi mövqedə - Avropa ilə Asiyanın
kəsişməsində yerləşməsi baxımından
nadir ölkə olduğunu deyən Aİ Şurasının
prezidenti ölkəmizdə gördüyü inkişaf proseslərini
yüksək qiymətləndirmişdir. Əsrlər boyu Azərbaycanda
müxtəlif millətlərin və dinlərin nümayəndələrinin
sülh, anlaşma şəraitində yaşadıqlarını
söyləyən qonaq son illərdə ölkəmizin
bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə
də böyük uğurlar qazandığını diqqətə
çatdırmışdır.
Herman
Van Rompuy Azərbaycan ilə Aİ arasındakı dostluq və
tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən
danışmış, respublikamızın həm
hasilatçı, həm də tranzit ölkə kimi önəmini
vurğulayaraq təşkilat ilə enerji sahəsindəki əməkdaşlığını
yüksək qiymətləndirmişdir.
Herman Van Rompuy bildirmişdir
ki, Aİ Azərbaycanın
regionda artan roluna böyük əhəmiyyət verir. Qurum həmçinin
Azərbaycanı enerji
sahəsində etibarlı
tərəfdaş hesab
edir. Aİ Azərbaycanın təşəbbüsü
ilə həyata keçirilən bütün
enerji layihələrini
dəstəkləyir.
Aİ Şurasının prezidenti Azərbaycanda insan hüquqlarının
qorunması sahəsində
vəziyyətin yaxşılaşdırılması
və demokratiyanın
inkişafı istiqamətində
görülən işləri
də yüksək qiymətləndirmişdir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə
artdığını deyən
qonaq BMT-nin Təhlükəsizlik Şurasına
üzv seçilməsini
dünya birliyinin ölkəmizə olan yüksək etimadı kimi dəyərləndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
toxunan Herman Van Rompuy bildirmişdir ki, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin
edilməsi, inkişaf
və tərəqqiyə
nail olunması üçün problem mütləq
həll edilməlidir.
Son vaxtlar cəbhə
xəttində atəşkəsin
pozulmasından narahatlığını
bildirən Herman Van Rompuy
tərəflər arasında
etimadın yaradılmasının
vacibliyini vurğulamış,
bu işdə Aİ-nin əlavə dəstək verməyə
hazır olduğunu söyləmişdir.
Qonaq universitetdən
zəngin təəssüratla
ayrılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 6 iyul.- S. 4.