Şərəfli
tarix, layiqli xidmət, fədakar fəaliyyət
Azərbaycan
Polisinin dövlətçilik mövqeyi daim qətiyyətli və
sarsılmazdır
Mən Azərbaycanın Prezidenti
kimi, Ali Baş Komandan kimi Azərbaycan polisinə etibar edirəm,
sizə inanıram, sizə arxalanıram. Bu güc və
bu qüvvə ilə də biz müstəqil Azərbaycanı
günü-gündən inkişaf etdirəcəyik və gələcək
nəsillərə daha da gözəl Azərbaycan bəxş
edəcəyik.
Heydər ƏLİYEV
Azərbaycan
polisinin çox böyük və şərəfli yolu var.
Bu yol Azərbaycan dövlətçiliyinin yoludurE Bu gün Azərbaycan
polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın
hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda
ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında
çox önəmli rol oynayır.
İlham ƏLİYEV
Azərbaycanın bu gün sosial-iqtisadi inkişaf dinamikasına, apardığı islahatların səmərəliliyinə görə dünyada öncül mövqe tutması hər bir vətəndaşın qürur və iftixar mənbəyidir. Qısa müddət ərzində əldə edilən bu nailiyyətlər həm də xalqımızın günü-gündən yaxşılaşan güzəranında, ölkəmizin yüksəlişində, kənd və şəhərlərin intibahında təcəssüm edir. Çox yox, sadəcə 20 il öncəki Azərbaycanla - böhran məngənəsində, parçalanma təhlükəsi ilə yaşayan dövlətlə bugünkü qüdrətli, tərəqqi edən Azərbaycanın müqayisəsi ötən müddət ərzində görülən cahanşümul fəaliyyətin miqyasını tam əks etdirir.
Daim ön cərgədə
Qazanılan uğurların səbəbkarı və baş müəllifi məhz ulu öndər Heydər Əliyevdir. Dünyanın ən böyük azərbaycanlısının dövlətinə və xalqına bəxş etdiyi əsl müstəqillik, milli inkişaf əslində, Azərbaycanın ən mühüm nailiyyəti, əbədi davam edəcək yüksəlişinin əsas rəhnidir. Fəqət unutmamalıyıq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın xaosdan qurtuluşa keçidi missiyası heç də asanlıqla başa gəlməmişdir. Müstəqil Azərbaycanın sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai-siyasi sabitliyə əsaslanır. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imicini daha da möhkəmlətmişdir. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında 94-cü ildönümünü qeyd edən daxili işlər orqanlarının da mühüm xidmətləri vardır.
Tarixi inkişaf yolunu çox çətin bir şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə yaradılmış asayişi mühafizə dəstələrinin fəaliyyətindən başlayan polis orqanları ilk müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynamışdır. Polisi dövlətin zəruri təsisatlarından, mühüm sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən əbədiyaşar rəhbərimiz Heydər Əliyev məhz bu tarixi faktı nəzərə alaraq iyulun 2-ni "Azərbaycan Polisi günü" elan etmişdir.
Demokratik Cümhuriyyətin süqutundan sonra SSRİ dövründə fəaliyyət göstərən milis sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan dövlət təsisatı olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. İkinci Dünya müharibəsi illərində Azərbaycan milisinin 800-ə yaxın əməkdaşı ön cəbhədə vuruşmuş, onların həmkarları isə respublikada asayişi və təhlükəsizliyi mərdliklə qorumuşlar. Göstərdikləri igidlik və qəhrəmanlıqlara görə minlərlə milis işçisi dövlətin orden və medallarına layiq görülmüşdür. Müharibədən sonrakı illərdə də asayiş keşikçiləri cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyində qətiyyət nümayiş etdirmiş, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdə də üzləşdiyimiz hərbi təcavüzə qarşı milli müqavimətin önündə də məhz rolis orqanları dayanırdı. Şəxsi heyətin cəsurluq, mərdlik kimi qətiyyətli prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz polis, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşun hissələri oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərən daxili işlər orqanlarının şəxsi heyəti 1695 şəhid vermiş, 1710 əməkdaşı isə yaralanmışdır.
20 il öncəki proseslərə nəzər saldıqda, ölkəmizin intibahı, o cümlədən daxili işlər orqanlarının fəaliyyətində əldə olunan nailiyyətlər daha əhəmiyyətli görünür. Xatırladaq ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqillyini yalnız kağız üzərində elan etmişdi. Hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvələrin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilmişdi. Ölkədəki böhran, o cümlədən iqtidarda olan şəxslərin səriştəsizliyi, milli təəssübkeşlik hissindən uzaq olması, dövlətçiliyə biganə münasibəti qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun qorunması sahəsində ciddi problemlər yaratmışdı. Azərbaycan parçalanma, vətəndaş müharibəsi və dünya xəritəsindən silinmə təhlükəsi ilə üzləşmişdi. Bu illər həm də daxili işlər orqanlarının fəaliyyətinin tənəzzül dövrü kimi yadda qaldı. Müxtəlif məsul vəzifələrə təyin edilən təsadüfi və ambisiyalı şəxslərin qanunazidd hərəkətləri, özbaşınalığı, qeyri-professionallığı cinayətkarlığın səviyyəsini görünməmiş həddə çatdırmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər müstəqilliyimizin daimi və davamlı olması üçün ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi amillərini ön plana çəkərək, ölkədə əmin-amanlığın, konstitusion-dövlət quruluşunun möhkəmləndirilməsinin başlanğıcını qoydu. Ulu öndər fəaliyyətinin ilk günündən etibarən respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündə əsaslı dönüş yaratdı. Həmin dövrdə ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqantların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün əsas təhlükəyə çevrilmişdilər. Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri kimi elan etdi. Bu məqsədlə də ulu öndər ilk növbədə daxili işlər orqanlarının daxilən təmizlənib, öz səlahiyyətlərinin icrasını ləyaqətlə həyata keçirməsini təmin etdi.
Fəaliyyətdə
dönüş mərhələsi
Bir məqamı da xatırladaq ki, Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı tarixən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verildi. Ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman isə mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının, bu sahədə gələcək uğurların əsasını qoydu.
Ötən dövrdə qazanılan nailiyyətləri bərpa etmək üçün ulu öndərin sədrliyi ilə 1994-cü ilin aprelin 29-da DİN-də xüsusi müşavirə keçirildi və Heydər Əliyev bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandırdı. Fəaliyyətində böyük problemlər olan daxili işlər orqanlarında köklü islahatlara başlamaq və vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri məqsədilə Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi.
Aprel müşavirəsindən sonra daxili işlər orqanlarının fəaliyyətində əsl inqilabi dəyişikliklər baş verdi. Ulu öndərin tapşırıqlarına uyğun olaraq bütün şəxsi heyət vəzifə səlahiyyətlərini layiqli formada həyata keçirməyə səfərbər oldu. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu. Heydər Əliyev 1994-cü ildə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoydu.
Ümumiyyətlə, ümummilli liderin tövsiyələri və göstərişləri, daxili işlər orqanlarına olan etimadı fəaliyyətdə əsas istinadgah kimi qəbul edildi. Heydər Əliyevin misilsiz xidmətləri, böyük dəstəyi sayəsində həlli qeyri-mümkün olan problemlər belə az vaxtda aradan qaldırıldı. Ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığın artan dinamikasının qarşısı alındı və o, günü-gündən azaldıldı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi. Əməkdaşlar cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirdilər, eyni zamanda idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin tətbiqi sürətləndi. Dövlət çevrilişlərinin, kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində qətiyyət, yüksək peşəkarlıq, anda sədaqət nümayiş etdirdilər. Bunun bariz göstəricilərindən biri o oldu ki, Azərbaycan nəinki MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına, sabitliyin mükəmməl və etibarlı təminatı baxımına görə ən yaxşı göstəriciyə malik ölkələrdən birinə çevrildi.
1994-cü ildən daxili işlər orqanlarında başlamış dönüş mərhələsi yalnız cinayətkarlığa qarşı effektiv mübarizə və kriminogen durumun tam nəzarətə götürülməsi işi ilə məhdudlaşmadı, həm də ən vacib sahələrdən biri - şəxsi heyətin mənəvi cəhətdən sağlamlaşdırılması və təmizlənməsi prosesi də vüsət götürdü. Xidməti qəbahətlərə yol verən, polis adına ləkə gətirən, andına xəyanət edən, vəzifə səlahiyyətləri ilə bir araya sığmayan hərəkətlərə yol verən, müxtəlif cinayətlər törətmiş, yaxud da cinayətkarları himayə etmiş əməkdaşlar daxili işlər orqanlarından uzaqlaşdırıldılar.
Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: Daxildən saflaşan, təmizlənən Azərbaycanın daxili işlər orqanları, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu. Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter aldı, insanların polisə və bütövlükdə dövlət strukturlarına inamı və etimadı artdı. Sonrakı dövrlərdə daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edildi, fərmanlar, sərəncamlar verildi. Nazirlik sistemində müasir dövrün tələblərinə uyğun islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı.
Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların daha yaxşı yaşamaları üçün lazımi tədbirləri həyata keçirirdi. Sosial problemlərin həlli məqsədilə ardıcıl olaraq əməkdaşların və hərbi qulluqçuların vəzifə və rütbə maaşları, digər təminat xərcləri artırıldı.
Prezidentin
etimadı əməli fəaliyyətdə layiqincə
doğrulur
2003-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğunun yeni - müasirləşmə, dinamik inkişaf mərhələsi başlamışdır. Prezident İlham Əliyev də respublikaya rəhbərliyinin elə ilk günlərindən ulu öndər Heydər Əliyevin daxili işlər orqanlarına diqqət və qayğı siyasətini davam etdirmiş, bu strukturda fəal inkişaf tempinin saxlanılması, daha böyük nailiyyətlərin əldə edilməsi üçün lazımi şərait yaratmışdır.
Ölkə rəhbərinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Proqram əsasında həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin strukturunda Daxili Təhlükəsizlik, İnsan Alverinə Qarşı Mübarizə, Miqrasiya idarələri təsis olunmuşdur. Həmçinin, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə "102" və "Təhlükəsiz şəhər" xidmətləri, "Qaynar xətt", internet saytı, elektron poçt ünvanı və s. yaradılmışdır. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük önəm daşıyan xüsusi texnika, avadanlıq və vasitələr alınmış, yeni informasiya sistemlərinin tətbiqinə başlanılmışdır. Bir çox struktur qurumlar üçün müasir inzibati binalar inşa edilmiş və müasirləşdirilmiş, avtomobil parkı xeyli genişləndirilmiş, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyətə hər cür imkan yaradılmışdır.
Prezidentin sərəncamları ilə şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları ardıcıllıqla artırılmış, əlavə sosial ödənclər müəyyən olunmuşdur. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş qanunla "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" və "Polis veteranı" medalları təsis olunmuş, Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin təsviri təsdiq edilmiş, "Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan əməkdaşlarımız dövlət mükafatları ilə təltif olunmuş, rəhbər vəzifəli şəxslər növbəti ali xüsusi rütbələrə layiq görülmüşlər. Yüksək ixtisaslı kadrlar hazırlayan Polis Akademiyasında beynəlxalq tələblər səviyyəsində hərtərəfli islahatlar, tikinti və abadlıq işləri aparılmış, zəngin fondu, elektron kataloqu olan kitabxana yaradılmış, Akademiyanın Bayrağı, eləcə də təhsildə fərqlənən və intizamı ilə seçilən müdavimləri üçün "Heydər Əliyev" təqaüdü təsis edilmişdir. Bu müddətdə DİN-in Daxili Qoşunları müasir tipli mobil hərbi quruma çevrilmişdir. Daxili Qoşunların hərbi hissələrində əsgər və zabitlər üçün hər cür şərait yaradılmış, yüksək standartlara cavab verən yataqxana korpusları, məişət obyektləri, təlim şəhərcikləri və s. tikilərək istifadəyə verilmişdir.
Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, daxili işlər orqanlarında da islahatlar 90-cı illərin ikinci yarısından etibarən həyata keçirilir və öz müsbət nəticələrini də verməkdədir. Ən mühüm cəhət budur ki, islahatlar kampaniya xarakteri daşımır, davamlı, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilir. İslahatların əsas qayəsi isə fəaliyyətin, onu tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə çatdırılması, şəxsi heyətin qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaqla cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunması sahəsində peşəkarlığının artırılması, ayrı-ayrı neqativ halların tam aradan qaldırılması, modern idarəetmənin təmini, xidmətdə aşkarlığın və demokratik təmayüllərin inkişaf etdirilməsidir.
Bu gün daxili işlər orqanlarının fəaliyyəti cəmiyyət üçün açıq və sosial yönümlüdür. Əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparılır. Polisə münasibətin öyrənilməsi diqqət mərkəzində saxlanılır və öz növbəsində cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Nazirliyin rəhbərliyi tərəfindən hər il paytaxtda və bölgələrdə yüzlərlə vətəndaş qəbul edilərək qaldırılan məsələlərin qanunauyğun həlli təmin olunur.
Bir həqiqəti də unutmamalıyıq ki, bu gün ictimai asayişin müdafiəsini, kriminogen duruma nəzarəti, vətəndaşlarımızın ictimai həyatının təhlükəsizliyini məhz çətin şəraitlərdə xidmət aparan, zəruri anda xidməti borcunu hətta həyatından belə üstün tutan polislər, onların gərgin səyi və əzmkarlığı təmin edir. DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə də ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi, vətəndaşların təhlükəsizliyini qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır. Daxili İşlər Nazirliyinin fəaliyyət göstəriciləri ildən-ilə daha da yaxşılaşır. Ötən müddətdə respublikanın daxili işlər orqanları tərəfindən ölkədə kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur.
Vətənə sədaqət rəmzi
Azərbaycan
daxili işlər orqanlarının təkmil fəaliyyəti
hələ də kriminogen durumu tam nəzarətə
götürə bilməyən, nəinki transmilli cinayətkarlığa
qarşı mübarizəni, heç lokal miqyaslı cinayətlərin
aradan qaldırılmasını təmin etməyə müvəffəq
olmayan bəzi postsovet dövlətləri üçün örnək
fəaliyyət modelidir. Müvəffəqiyyətlərin əldə
edilməsi prosesində rast gəlinən maneələr,
süni problemlər də çox olmuşdur. Ümumiyyətlə,
Azərbaycanın iqtisadi-siyasi, hüquqi dövlət
quruculuğu prosesində qazandığı nailiyyətlər
onun beynəlxalq nüfuzunu yüksəltməklə
yanaşı, həmçinin respublikamıza və
xalqımıza bədxah münasibət bəsləyən
qüvvələri də zaman-zaman öz məkrli
planlarını fəallaşdırmağa istiqamətləndirir.
Bir sözlə, uğurlarımız artdıqca antimilli dairələrin
avantüraları da genişlənir.
Antiazərbaycançı
qüvvələrin hədəfi məlumdur: Azərbaycanı
Heydər Əliyev siyasi xətti ilə inkişafa, yüksəlişə
aparan Prezident İlham Əliyev və onun komandası. Hakimiyyətə
qarşı yönələn total antitəbliğat
kampaniyası ötən müddətdə daha da kəskin hal
alır, böhtanların və təxribatçı
dezinformasiyaların yayılmasına xüsusi diqqət
ayrılır. Bu silsilədə Azərbaycan Prezidentinin
yürütdüyü siyasətin fəal
icraçılarından olan, ölkədə ictimai
asayişin yaradılmasında müstəsna xidmətlər
göstərən daxili işlər orqanlarına əlahiddə
"münasibət" bəslənilir. Artıq neçə
illərdir ki, polis orqanları xarici və daxili bədxah
qüvvələrin mənəvi repressiyasına - kütləvi
qarayaxma kampaniyasına məruz qalıb. Azərbaycan polisinin
yalnız bir "günahı" var - dövlətə və
xalqa sədaqət göstərmələri, Prezidentin siyasətinə
birmənalı dəstək vermələri və ən nəhayət,
dövlətçiliyə qarşı təxribat cəhdləri
törədən dairələrin zərərsizləşdirilməsində
qətiyyət nümayiş etdirmələri!
Təəssüfedici
faktdır ki, dövlətçiliyimizə qənim kəsilən
xarici dairələrin ssenariləri çox vaxt "sapı
özümüzdən olan baltalar"ın vasitəsilə həyata
keçirilir. Nazir, general-polkovnik Ramil Usubov başda olmaqla
bütün şəxsi heyət
qarşılaşdıqları bədnam kampaniya önündə
geri çəkilməmiş, prinsipiallıq göstərmiş,
xidməti vəzifələrini daha səmərəli və məsuliyyətlə
icra etmiş, cinayətkarlığa qarşı mübarizədə,
kriminogen duruma nəzarətdə effektiv fəaliyyət təşkil
etməklə Azərbaycanın nüfuzunun artmasına nail
olmuşlar. Daxili işlər orqanlarının bu uğurlu fəaliyyəti
nəticəsində bütün antitəbliğat kampaniyası
uğursuzluğa düçar olmuş, xalqın bu orqanlara
etimadı daha da artmışdır.
Bu
gün DİN-in bütün strukturları fəaliyyətlərini
müasir dövrün tələblərinə uyğun
qurmaqla, dövlət başçısı İlham Əliyevin
fərmanlarından, tövsiyə və
tapşırıqlarından irəli gələn vəzifələri
yüksək peşəkarlıqla, qətiyyətlə yerinə
yetirirlər. Milli dövlətçiliyin, insan, vətəndaş
hüquq və azadlıqlarının etibarlı müdafiəçisinə
çevrilən, cinayətkarlıqla mübarizə sahəsində
geniş tədbirlər həyata keçirən daxili işlər
orqanlarının Prezident İlham Əliyevin rəhbərliyi
altında əldə etdiyi bu mühüm nəticələr
ölkəmizin hərtərəfli inkişafına -
sosial-iqtisadi tərəqqiyə, milli təhlükəsizliyimizin
təminatına, respublikamızda vətəndaş
sülhünün möhkəmlənməsinə, cəmiyyətin
demokratik inkişafına, beynəlxalq məkanda Azərbaycanın
imicinin yüksəlməsinə öz layiqli töhfəsini
verir.
Harada
iş varsa, orada nöqsan da olmalıdır - bu prinsip əməli
fəaliyyətin ilkin şərti sayılır. Şübhəsiz,
polisin fəaliyyətində də xidməti qəbahətə,
nöqsana, bəzi çatışmazlıqlara rast gəlinir.
Lakin təqdirəlayiq haldır ki, bütün bu problemlər
məhz daxili işlər orqanlarının rəhbərliyi tərəfindən
aşkarlanır, onların qarşısının
alınması üçün konkret addımlar
atılır, vəzifə öhdəliklərinə riayət
etməyən əməkdaşlar cəzalandırılır,
orqanlardan kənarlaşdırılırlar. Digər tərəfdən
isə Azərbaycan polisi fəaliyyətini yeni dövrün tələblərinə
uyğun şəkildə qurur və dövlətə, xalqa
bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli
yanaşma daxili işlər orqanlarının ictimai
nüfuzunu daim artırır. Bütün şəxsi heyət
ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə,
Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə
sadiqdir və bunu fəaliyyətlərinin əsas prioriteti
sayır. Bu gün xalqın sarsılmaz inamına, Prezidentin
böyük dəstəyinə malik olmaq isə Azərbaycanın
daxili işlər orqanları üçün ən
böyük mükafat, təltifdir.
Hər
bir xalqın həyatında bayram səviyyəsinə yüksəlmək
haqqı qazanmış günlər vardır. Bu haqq,
yalnız uzun illərin zəhməti, gərgin əməyi,
xalqa və dövlətə sədaqət nəticəsində
əldə edilir. Ölkə ictimaiyyətinin böyük
önəm verib qiymətləndirdiyi "Polis
günü" də respublikamızda əmin-amanlığın
əsas təminatçısı olan daxili işlər
orqanları əməkdaşlarının Vətənə və
vəzifə borcuna sədaqətinin rəmzi, eyni zamanda hər
bir Azərbaycan vətəndaşının bayramıdır.
Dövlətçilik tariximizin istiqlal rəmzlərindən
olan, fəaliyyəti ilə böyük ictimai və dövləti
əhəmiyyət kəsb edən polisin peşə
bayramı onun ən yaxşı ənənələrinə,
gecəli-gündüzlü gərgin əməyinə, xidməti
vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına
həlak olanların əziz xatirəsinə ehtiramın əyani
təcəssümüdür.
Ölkədə
ictimai təhlükəsizliyi, əhalinin dincliyini,
qanunçuluğu və hüquq qaydasını qorumaq kimi
çətin və eyni zamanda məsul vəzifələri
yerinə yetirən Azərbaycan polisi bu tarixi günü
qanuna, xalqa, dövlətə, öz Prezidentinə sədaqətli
xidməti ilə qarşılayır. Daxili işlər
orqanlarının şəxsi heyətinin dövlətə və
dövlətçiliyə sədaqətlə xidmət etməsi
artıq şanlı ənənəyə, hər bir əməkdaşın
və hərbi qulluqçunun əqidəsinə
çevrilmişdir.
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2012.- 1 iyul.- S. 4.