Bakıda Ceyrançöl təmizlənmə layihəsinin rəsmi təqdimat mərasimi keçirilmişdir

 

İyulun 5-də Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi olan "Ceyrançöl təmizlənmə" layihəsinin rəsmi təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Baş nazirin müavini Abid Şərifov, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, hökumət qurumlarının əməkdaşları,  Azərbaycanda fəaliyyət göstərən bir neçə xarici ölkənin səfirləri və səfirliklərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlərə baxmış, həmçinin mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsində istifadə edilən texnika və avadanlıqla tanış olmuşlar.

ANAMA-nın direktoru Nazim İsmayılov rəhbərlik etdiyi qurumun ötən illər ərzində Azərbaycanda mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi sahəsində gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

Baş direktor demişdir ki, "Ceyrançöl təmizlənmə" layihəsi NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı çərçivəsində həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir.

Bildirilmişdir ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca, ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Hazırda 64 kvadratkilometr ərazi çoxlu sayda mina və partlamamış hərbi sursatla çirklənmişdir. Ərazidə olan mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddidaim artan təhlükə yaradır.

ANAMA ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizlənmə" layihəsinin birinci mərhələsi olan 19 kvadratkilometr ərazinin təmizlənməsi NATO tərəfindən 2011-ci il oktyabrın 4-də rəsmən təsdiq olunmuşdur. Amerika Birləşmiş Ştatları bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürmüşdür. Azərbaycan hökuməti layihənin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq bu prosesin reallaşmasına onun ümumi dəyərinin 50 faiz miqdarında maliyyə vəsaiti ayırmışdır.

Baş nazirin müavini Abid Şərifov bildirmişdir ki, sovet ordusundan miras qalmış mina və partlamamış hərbi sursat problemlərinin aradan qaldırılması son illər Azərbaycan hökumətinin  əsas prioritetlərindən biridir. "Saloğlu" layihəsinin başa çatmasının ardınca cari ilin aprel ayında "Ceyrançöl təmizlənmə" layihəsinə start verilməsi, bundan əlavə, Güzdək qəsəbəsi, hərbi aviabazakeçmiş sovet ordusuna məxsus digər hərbi anbar və poliqonların ərazilərinin təmizlənməsi bunu  təsdiqləyir.

Abid Şərifov demişdir ki, ANAMA ilə NATO-nun Təchizat və Təminat Agentliyi arasında imzalanmış və 67 ay davam etmiş "Saloğlu" layihəsi çərçivəsində 568 hektar ərazi təmizlənmiş, 640 mindən çox, 240 növdə sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycanda mina və partlamamış hərbi sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biriGürcüstan ilə sərhədboyu ərazilərdir. Yəni Ceyrançöl ərazisidir. ANAMA-nın mütəxəssisləri tərəfindən burada aparılmış kəşfiyyat işləri zamanı Ceyrançöl ərazisindən xeyli miqdarda mina və müxtəlif çaplı tank, artilleriya mərmiləri, aviasiya bombaları və başqa növlərdə partlamamış hərbi sursatlar aşkarlanmışdır. Burada problemin aradan qaldırılması məqsədi ilə Azərbaycan hökuməti ərazinin təmizlənməsinə dair layihənin hazırlanmasını ANAMA-ya tapşırmışdır. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun təlimatı əsasında idarə edilən bu layihə təklifi NATO-nun Təchizat və Təminat Agentliyi tərəfindən Azərbaycanın müvafiq qurumları ilə aparılan intensiv məsləhətləşmələrdən sonra təsdiqlənmişdir.

ANAMA-nın mütəxəssislərinin tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərdiklərini deyən A.Şərifov "Ceyrançöl təmizlənmə" layihəsinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, layihənin birinci mərhələsinin ümumi məbləği 3 milyon 90 min avro müəyyənləşdirilmişdir ki, bunun da 50 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunmuşdur.

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay demişdir ki, bizim Azərbaycan ilə bir çox sahələrdə geniş əməkdaşlığımız vardır. Bu əməkdaşlıq uğurla davam edir.

Ceyms Appaturay bildirmişdir ki, "Ceyrançöl təmizlənmə" layihəsi kimi layihələr insanların həyatında böyük önəm kəsb edir. NATO rəsmisi sözünə davam edərək demişdir: "Bundan əvvəlki "Saloğlu" layihəsi yüksək səviyyədə icra olunmuşdur. O layihədə yaxşı nəticələr əldə edilmişdir. Minatəmizləmə çox təhlükəli və gərgin bir işdir. Bununla məşğul olan insanlar hər gün böyük təhlükə ilə üz-üzə qalırlar. "Ceyrançöl təmizlənmə" layihəsi də əvvəlki layihə qədər vacibdir. Ümid edirəm ki, bu layihə də çox uğurla icra olunacaqdır".

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahim və digər çıxış edənlər də layihənin əhəmiyyətini və Azərbaycan tərəfinin mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirmişlər.

Sonra "Ceyrançöl təmizlənmə" layihəsi üzrə təqdimat olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 4.