Azərbaycan NATO ilə münasibətlərə çox böyük önəm verir

 

 Azərbaycan NATO ilə münasibətlərə çox böyük önəm verir.

Bu sözləri iyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan qurumun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşündə demişdir.

Z.Əsgərov bildirmişdir ki, Azərbaycan NATO ilə Sülh Naminə Əməkdaşlıq və Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində terrorizmə qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq edir. Terrorizmə qarşı mübarizədə Azərbaycan hər zaman müttəfiqlərinin yanında olmuşdur. Ölkəmiz İraqda, Kosovoda və Əfqanıstanda sülhün, təhlükəsizliyin bərpasında yaxından iştirak edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Z.Əsgərov bildirmişdir ki, bu münaqişə nəticəsində ölkəmizin 20 faiz torpağı işğal olunmuş, bir milyondan çox soydaşımız doğma torpaqlarından didərgin düşmüşdür. Vurğulanmışdır ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunduqdan bir neçə saat sonra dərhal yerinə yetirilir, ancaq Ermənistanın 20 ildir qurumun qəbul etdiyi qətnamələri yerinə yetirməməsinə göz yumulur. NATO da Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyması istiqamətində öz səylərini artırmalıdır.

Ceyms Appaturay NATO ilə ölkəmizin münasibətlərini yüksək qiymətləndirmişdir. Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışan qonaq ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırmışdır. O, Əfqanıstanda göstərdiyi dəstəyinə görə ölkəmizə təşəkkür etmiş, Azərbaycanın NATO üçün etibarlı tərəfdaş olduğunu vurğulamışdır. Bildirmişdir ki, NATO münasibətlərimizin daha da dərinləşdirilməsində maraqlıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən Ceyms Appaturay qeyd etmişdir ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 5.