YAP rəsmiləri ilə gənclər arasında maraqlı diskussiya keçirilmişdir

 

 Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" işini Lerik rayonunda davam etdirir.

İyulun 5-də Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Lerik rayonunda partiyanın fəal gəncləri ilə görüşmüşdür. Görüş çərçivəsində keçirilən "dəyirmi masa"da "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu mövzusu müzakirə olmuşdur. Konsepsiyada gənclərin gələcək perspektivləri, ölkəmizin inkişafındakı rolubir sıra digər məsələlər diskussiya mövzusu olmuşdur.

Əli Əhmədov demişdir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursda gənclərə xüsusi diqqət ayrılmışdır. Prezidentin təşəbbüsü ilə neft kapitalının insan kapitalına çevrilməsi işi sürətlə davam etdirilir. Azərbaycanın bütün rayonlarında yeni məktəblərin, Olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi, gənclərin xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil almalarının təmin olunması təsadüfi xarakter daşımır. Bütün bunlar Azərbaycanın gələcəkdə etibarlı əllərdə olması üçün həyata keçirilir.

Gənclərlə bağlı dövlət siyasətindən danışan gənclər müxtəlif təkliflər irəli sürmüşlər. Partiyanın sədr müavini bu təkliflərin nəzərə alınacağını bildirmişdir.

YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, deputatlar Hadi Rəcəbli və Asəf Hacıyev gənclərin təkliflərini dəyərləndirərək suallarını cavablandırmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 5.