Diasporla İş üzrə Dövlət Komitəsinin 10 illik yubileyi qeyd olunmuşdur

 

İyulun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən komitə sədri Nazim İbrahimov ötən 10 ilə nəzər salaraq demişdir ki, Azərbaycan diasporunun əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar təşkilatlanaraq bədnam erməni təbliğatına qarşı çıxmışlar. Azərbaycanın dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların Vətəni olduğunu bəyan edən Heydər Əliyev xarici ölkələrə etdiyi bütün səfərləri zamanı vəziyyətin gərgin və vaxtın az olmasına baxmayaraq, imkan tapıb azərbaycanlılarla görüşür, onların birləşməsi üçün tövsiyə və məsləhətlərini verirdi.

N.İbrahimov bildirmişdir ki, 2001-ci ilin noyabrında Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Bu qurultay diaspor təşkilatlarının formalaşması və təkmilləşməsində mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev xaricdəki diaspor  təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Prezidentin irəli sürdüyü "hücum taktikası" öz bəhrələrini verməkdədir. Artıq dünya ictimaiyyəti ermənilərin xalqımız və dövlətimiz haqqında yaydıqları böhtanlara inanmır. Çünki diaspor təşkilatları ilə yanaşı, Prezidentin təşəbbüsü və tapşırığı əsasında xarici ölkələrdə yaradılmış Azərbaycan mədəniyyət mərkəzləri əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıraraq ermənilərə layiq olduqları cavabı verirlər.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi "Azərbaycan diasporu ensiklopedik məlumat toplusu" kitabının təqdimatı keçirilmişdir. Kitab haqqında danışan tarix elmləri doktoru, Milli Məclisin deputatı Musa Qasımlı demişdir ki, Azərbaycanda ilk dəfə olaraq milli diasporun yaranması və tarixinin əks olunduğu elmi nəşr işıq üzü görmüşdür. Kitabda həmçinin diaspor təşkilatlarının görkəmli nümayəndələri, onların fəaliyyəti barəsində geniş məlumatlar vardır.

 

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 5.