Azərbaycan polisinin peşə bayramı ərəfəsində
paytaxtın Nizami rayonu
və Sumqayıt şəhər polis idarələrinin
yeni inzibati binaları
istifadəyə verilmişdir
Azərbaycan polisinin peşə bayramı ərəfəsində paytaxtın Nizami rayonu və Sumqayıt şəhər polis idarələrinin yeni inzibati binaları istifadəyə verilmişdir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Əvvəlcə daxili işlər naziri Nizami Rayon Polis İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev yeni binanın inşası və texniki parametrləri barədə ətraflı məlumat verərək demişdir ki, tikintisinə ötən ilin aprelində başlanılmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 3400 kvadratmetrə yaxındır. Ən müasir standartlara uyğun tikilmiş bina bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təmin edilmişdir. Burada növbətçi hissə, 67 xidməti otaq, qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi, akt zalı, yeməkxana və digər xidməti otaqlar yaradılmışdır. Qeyd olunmuşdur ki, 28 yerlik müvəqqəti saxlama təcridxanası xüsusi təyinatlı mebel və inventarlarla təchiz olunmuşdur. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və digər mühəndis qurğular tikilmişdir.
Nazir Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına, müvəqqəti saxlama təcridxanasına və digər yardımçı sahələrə baxmış, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlə tanış olmuşdur.
Daha sonra nazir yeni inzibati binada şəxsi heyətlə görüşmüş, onları əlamətdar hadisələr münasibətilə təbrik etmiş, tövsiyə və tapşırıqlarını vermişdir.
Daxili işlər naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində gedən böyük quruculuq və abadlıq işləri, regionların inkişafı proqramlarının uğurlu icrası, iqtisadi qüdrətimizin ilbəil artması ilə bərabər, dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının maddi-texniki təminatının möhkəmləndirilməsi, şəxsi heyətin sosial rifahının daha da yaxşılaşdırılması üçün dövlət başçısı tərəfindən zəruri addımların atıldığını xatırlatmış, yeni inzibati binanın açılışının bunun bariz nümunəsi olduğunu bildirmişdir. O, polis əməkdaşlarının bu yüksək diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab vermələrinin, qanunvericiliklə üzərlərinə qoyulmuş məsul vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd etmişdir.
Daha sonra daxili işlər naziri R.Usubov Sumqayıt Şəhər Polis İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
Məlumat verilmişdir ki, gənclik şəhərinin ümumi görünüşünə gözəllik verən, müasir memarlıq və arxitekturanın qabaqcıl elementlərini özündə birləşdirən, yüksək zövqlə və dizaynla inşa edilmiş obyektin tikintisi 14 aya tamamlanmışdır.
General-polkovnik R.Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxmış, foyedə ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə ilə tanış olmuşdur.
Görülən işləri yüksək qiymətləndirən nazir Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə etmişdir.
Daha sonra R.Usubov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ilə görüşərək cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahəsində şəxsi heyətin qarşısında duran vəzifələrdən danışmış, konkret tapşırıq və tövsiyələrini vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində təkcə ötən il onlarla yeni infrastruktur obyekti tikilib istismara verilmiş, lazımi texniki vasitələr və avadanlıq alınmışdır.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, indiyədək Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində, mərkəzi park və xiyabanlarda "Təhlükəsiz şəhər" sisteminin 85 kamerası quraşdırılmışdır. Dövlət başçımızın elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz belə yüksək diqqət sayəsində bu gün Daxili İşlər Nazirliyinin ən müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğu vurğulanmışdır. Bütün bunlar ölkəmizdə gedən ümumi inkişaf proseslərinin nəticəsi olaraq şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmiş, onları xidməti vəzifə borcunun icrasına ruhlandırmışdır.
R.Usubov göstərilən diqqət və qayğıya cavab olaraq hər bir əməkdaşdan vətəndaşların
ərizə və şikayətlərinə, müraciətlərinə
xüsusi diqqət və həssaslıqla
yanaşılmasını, cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsinə
səy göstərilməsini tələb
etmiş və
əmin olduğunu bildirmişdir
ki, Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti
göstərilən yüksək diqqət və
qayğıya, respublikamızın bu böyük sənaye şəhərində sabitliyin, əmin-amanlığın
etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli
mübarizə işinə öz
nümunəvi xidməti ilə cavab verəcəkdir.
Azərbaycan.- 2012.- 1 iyul.- S. 5.