Bakıda NATO Azərbaycan
Beynəlxalq Məktəbinin yay
sessiyasında dünyada baş
verən böhranlarla bağlı
müzakirələr aparılmışdır
İyulun 5-də Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) "Böhranlara cavablar: beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları" mövzusunda yay sessiyası işini davam etdirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay çıxış edərək Azərbaycan-NATO əlaqələrinin gündən-günə inkişaf etdiyini bildirmişdir.
Azərbaycanda balanslaşdırılmış xarici siyasətin yürüdüldüyünü vurğulayan C.Appaturay ölkəmizin NATO ilə möhkəm tərəfdaşlıq münasibətlərini dəstəklədiyini qeyd etmişdir.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunan NATO-nun rəsmisi demişdir: "Türkiyə NATO üçün çox vacib müttəfiqdir. Azərbaycan da NATO üçün çox önəmli tərəfdaşdır. Müttəfiqlər və tərəfdaşlar NATO-dan kənarda da birlikdə işləyə bilərlər".
Ölkəmizin NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim isə Azərbaycan-NATO münasibətlərində heç bir qüsurun olmadığını qeyd etmişdir. X.İbrahim vurğulamışdır ki, rəsmi Bakı NATO ilə əməkdaşlıqda maraqlıdır.
Sonra ekspertlər, NATO-nun üzvü və tərəfdaşı olan ölkələrin nümayəndələri "Regional böhranlar və regional təşkilatlar", "Ətraf mühit problemləri" və digər mövzulara dair müzakirələr aparmışlar.
Müzakirələrdə dünyada baş verən maliyyə, iqtisadi və digər böhranlardan, təbii fəlakətlər və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdən danışılmışdır.
Sessiya işini iyulun 6-da davam
etdirəcəkdir.
Azərbaycan.- 2012.- 6 iyul.- S. 5.