Bakıda Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi mövzusunda müşavirə keçirilmişdir

 

 İyulun 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi" mövzusunda müşavirə keçirilmişdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, tədbirdə qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində qarşıda duran vəzifələr sosial tərəfdaşlarla birgə müzakirə edilmiş, bu sahədə görülən işlər təhlil olunmuşdur.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun, Vergilər Nazirliyinin, Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak etmişlər.

Müşavirəni açan nazir Füzuli Ələkbərov son 8 ildə ölkəmizdə əksəri qeyri-neft sektoruna aid olmaqla bir milyondan çox yeni iş yerinin yaradıldığını, işsizliyin hətta inkişaf etmiş ölkələrlə müqayisədə aşağı düşərək 5,4 faizə endiyini qeyd etmiş, yoxsulluğun səviyyəsinin 5 dəfə azalaraq 7,6 faizə düşdüyünü diqqətə çatdırmışdır.

Nazir bildirmişdir ki, iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluq imkanlarının artması ilə yanaşı, qeyri-leqal məşğulluq halları da mövcuddur. Hazırda bütün ölkələrdə, o cümlədən Avropada qeyri-leqal məşğulluq vardır. İşəgötürənlərin vergi ödəməkdən yayınmaq üçün yol verdikləri belə hallar işçilərin gələcək pensiya təminatı, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində zərər çəkən işçilərin və ya onların ailələrinin sosial müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün ciddi çətinliklər yaradır.  Ona görə də qeyri-leqal əmək fəaliyyəti göstərən işçilər mütləq öz məşğulluqlarını leqallaşdırmalı və vergilərə cəlb olunmalıdırlar.

Tədbirdə qeyri-formal məşğulluğun aradan qaldırılması məqsədi ilə milli qanunvericiliyin təkmilləşdirilməsi, bütün iş yerlərində həmkarlar ittifaqlarının yaradılması zərurəti vurğulanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilərlə qeyri-leqal əmək münasibətləri həyata keçirən işəgötürənlərə qarşı ciddi inzibati tədbirlərin görüləcəyi bildirilmişdir.

Bundan əlavə, müşavirədə Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın tərkibində qeyri-leqal məşğulluğa qarşı mübarizə aparmaq üçün müvafiq komissiyanın yaradılması və s. təkliflər səsləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 6.