Moskvada Ümumdünya Media Sammiti işə başlamışdır

 

 Rusiyanın İTAR-TASS informasiya agentliyinin himayəsi ilə Beynəlxalq Ticarət Mərkəzinin Konqres salonunda "Dünya mediası: XXI əsrin çağırışları" devizi altında  Ümumdünya Media Sammiti işə başlamışdır. Zirvə görüşündə dünyanın 102 ölkəsindən 213 kütləvi informasiya vasitəsini təmsil edən 300-dən çox top-menecer iştirak edir.

Sammitin işində Azərbaycanın aparıcı KİV-lərinin nümayəndələri də iştirak edirlər. Nümayəndə heyətinə Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanov başçılıq edir.

Moskva forumu 2004-cü ildə Rusiya paytaxtında informasiya agentliklərinin Ümumdünya Konqresində və 2009-cu ildə Pekində  Ümumdünya Media Sammitində başlanmış söhbətin davamı olacaqdır. Zirvə görüşündə doqquz beynəlxalq qurumun, o cümlədən UNESCO-nun rəhbərləri, habelə Avropa Parlamentinin nümayəndə heyətləri iştirak edirlər.

İTAR-TASS-ın baş direktoru, Ümumdünya Media Sammitinin prezidenti Vitali İqnatenko forumu açaraq Rusiya Prezidenti Vladimir Putinin zirvə görüşünün iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur. Müraciətdə bildirilir ki, müasir dövrün  aktual və kəskin problemlərinin müzakirə olunduğu forum mötəbər ictimai tribuna qismində öz nüfuzunu möhkəmləndirir. Həmin problemlərin həllində kütləvi informasiya vasitələrinin həmrəy mövqeyi əhəmiyyətli, həqiqətən nadir rol oynamağa qabildir və oynamalıdır. Rusiya dövlətinin başçısının müraciətində deyilir: "Məhz qəzet və telekanallardan tutmuş elektron KİV-lər və internetədək müxtəlif çeşidli informasiya resursları dünya siyasətinin və iqtisadiyyatının, həyatın bütün sahələrinin bu gününü və sabahını bir çox mənada müəyyən edir. Bu rol yüksək peşəkarlıq və vətəndaşlıq məsuliyyəti, mənəvi məsuliyyət tələb edir".

Rusiyanın Baş naziri Dmitri Medvedevin təbrik məktubunu RF-nin rabitə, kommunikasiya və informasiya texnologiyaları naziri Nikolay Nikifirov oxumuşdur.

BMT-nin baş katibi Pan Gi Mun zirvə görüşü iştirakçılarını videomüraciətlə təbrik etmişdir.

RF Dövlət Dumasının sədri Sergey Narışkin çıxışında KİV-lərin  bu gününü və gələcəyini necə gördüyündən və həmin prosesdə  parlamentarizmin əhəmiyyətli rolundan söz açmışdır. Müasir KİV-lərin aktual məsələlərinə toxunan S.Narışkin RF-də mühüm siyasi islahatlardan, MDB məkanında inteqrasiya proseslərindən danışmışdır. Onun fikrincə, bütün bunları dünya KİV-lərində dürüst və obyektiv işıqlandırmaq lazımdır.

Çinin "Sinxua" agentliyinin prezidenti Li Suntszyun, "Röyter" agentliyinin prezidenti Syuzan Teylor Martin və başqaları forumda çıxış etmişlər.

Elə həmin gün "Elektron KİV-lər: modellərin müxtəlifliyi, yoxsa dünyanın informasiya üzərində inhisarı?", "Sosial media və internet: kütləvi manipulyasiya, yoxsa cəmiyyətin inteqrasiyası vasitələri?" və "Dəyişən dünyada jurnalist etikası: yol verilən hədlər və jurnalistin hüquqları" mövzularında bölmə iclasları  keçiriləcəkdir.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 6.