Kazanda İkinci Beynəlxalq
İƏT Modeli qlobal
sammitində Azərbaycan təmsilçiləri də iştirak edirlər
Kazanda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF), Rusiya Federasiyası Tatarıstan Respublikası hökumətinin və "Selet" Tatarıstan Tələbə Liqasının təşkilatçılığı ilə İkinci Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli qlobal sammiti işə başlamışdır.
DƏ-İKGF-dən bildirmişlər ki, sammitin seminar hissəsinin açılış mərasimində forumun Avrasiya Məşvərət Şurasının sədri Elçin Əsgərov, Tatarıstanın elm və təhsil nazirinin müavini Quzalya Minkina, gənclər, idman və turizm nazirinin müavini Sergey İvanov, Elmlər Akademiyasının vitse-prezidenti Javdat Suleymanov və Tatarıstanın Tələbə Liqasının sədri Timur Süleymanov çıxış etmişlər.
İki il bundan əvvəl İKGF tərəfindən təsis olunmuş İƏT Modelinin yekun - beynəlxalq sammit hissəsi artıq ikinci ildir ki, ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən gənc liderlərin iştirakı ilə İƏT Xarici İşlər Nazirləri toplantısının simulyasiyası əsasında həyata keçirilir. Kazan sammitində İƏT-in üzvü olan 50-yə yaxın ölkədən 200-dək tələbə və gənc lider iyulun 10-dək davam edəcək simulyasiya oyunlarında Tunis, Liviya və Misirdə siyasi sabitlik, nüvə enerjisinin istifadəsi, Balkan ölkələrində müsəlman azlıqları ilə bağlı məsələləri müzakirə edəcəklər. Gənc liderlər seminarlarda çoxtərəfli diplomatiya, beynəlxalq konfransların təşkili, danışıqların aparılması və yekun qətnamələrin hazırlanma qaydaları ilə bağlı biliklərə də yiyələnəcəklər. Seminarlar İƏT ölkələrinin təcrübəli diplomatları və nüfuzlu universitetlərinin müəllimləri tərəfindən təşkil olunacaqdır.
Sammitin iştirakçıları təmsil etdikləri ölkələrdə İƏT Modelinin milli yarışlarında qalib gəlmiş gənclərdir.
Sammitin işində bu ilin mayında Bakıda DƏ-İKGF, Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsinin təşkilatçılığı ilə keçirilmiş "İƏT Modeli sammiti"ndə xüsusi bacarığı ilə seçilmiş BDU-nun dörd tələbəsi də iştirak edir.
Ötən ilin iyulunda İstanbulda, Sabancı Universitetində keçirilmiş Birinci Beynəlxalq İƏT Modeli qlobal sammitində Azərbaycanı simulyasiya oyunlarında təmsil edən BDU-nun tələbələri münsiflərin yekdil qərarı ilə İƏT-in üzvü olan 57 ölkənin gəncləri arasında ikinci yeri tutmuşdular.
Kazan sammiti iyulun 9-da İƏT simulyasiya plenar sessiyası ilə başa çatacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 6 iyul.- S. 6.