Potensialın gücləndirilməsi və gömrük işinin təkmilləşdirilməsi üzrə subregional seminar

 

 Dünya Gömrük Təşkilatının (DGT) Bakıdakı  Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində "Potensialın gücləndirilməsi və gömrük işinin təkmilləşdirilməsi" üzrə subregional seminar öz işinə başlamışdır.

Dövlət Gömrük Komitəsindən (DGK) AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğız, Litva, Moldova, Polşa, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan, eləcə də Dünya Gömrük Təşkilatı, ATƏT və Avrasiya İqtisadi Komissiyasının mütəxəssisləri iştirak edirlər.

Seminarın açılış mərasimində DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov bildirmişdir ki, məqsəd gömrük işinin potensialının gücləndirilməsi, bu sahədə xidmətlərin modernləşdirilməsi istiqamətində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdir.

Seminarda Azərbaycanda gömrük xidmətinin modernləşdirilməsi üçün həyata keçirilən tədbirlərdən söhbət açılmışdır. DGT-nin mütəxəssisi Daniel Perrier seminarın  milli gömrük xidmətlərinin inkişaf proqramlarının reallaşdırılmasına kömək göstərəcəyini, üzv ölkələrin bu sahədəki ehtiyaclarını öyrənərək burada təkmilləşdirmə işinin aparılacağını demişdir.

Seminarda  DGT-nin və ATƏT-in fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda, gömrük işinin təkmilləşdirilməsinin müəyyən edilməsi və təşkilati inkişaf - gömrüyün XXI əsrdə artan rolu barədə məruzə dinlənilmişdir. Seminar iyulun 6-da işini başa çatdıracaqdır.

 

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 6.