Tanış səs,
təzə nəfəs
Həm ifaçılıq sənətində, həm də qəlblərdə öz yerini tapan Bəyimxanım Vəliyeva çox gənc olmasına baxmayaraq zəngin bioqrafiyaya malik, nailiyyətlər qazanmış istedadlı müğənnidir. O, Bakıda anadan olub. Hələ kiçik yaşlarından musiqiyə böyük maraq göstərib. Doqquz yaşında İslam Rzayev və Əlibaba Məmmədovun məsləhəti ilə Bülbül adına orta ixtisas musiqi məktəbinin üçüncü sinfində muğam ustadı Ağaxan Abdullayevin xanəndəlik bölməsinə daxil olub. 2007-ci ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Milli Konservatoriyasının solo oxuma fakültəsində yenidən xalq artisti Ağaxan Abdullayevin sinfində təhsilini davam etdirib.
Azərbaycan Dövlət Televiziyasında "Bənövşə" mahnı və rəqs ansamblının solisti kimi "Nargilə" mahnısını ifa edəndə Bəyimxanımın üç yaşı vardı. Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə "Ananın səsi" mahnısına görə birinci yerə layiq görüləndə dörd yaşlı qızcığazın gələcək uğurlarına hamı əmin idi. Sonralar müxtəlif müsabiqələrin, məsələn, "Yeddi on yeddi"nin qalibi, "Pöhrə-97" müsabiqəsinin laureatı olub. Maraqlısı odur ki, Bəyimxanım səkkiz yaşında indiki Heydər Əliyev Sarayında (1997-ci ildə) keçirilən dövlət tədbirində muğam ustaları Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Qəndab Quliyeva ilə birlikdə "Heyratı" ritmik muğamını ifa edib. Elə həmin ili də "İstedadlar axtarırıq" müsabiqəsinin fəxri diplomuna layiq görülüb. Məktəbli qızın muğama marağı, xalq mahnılarını xüsusi şövqlə oxuması sənətkarların diqqətini cəlb edirdi. Həm də Bəyimxanım hansı müsabiqədə, yarışmada iştirak edirdisə, mütləq qalib olurdu. 1998-ci ildə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi II uşaq muğam festivalında Bəyimxanım yenidən diploma layiq görüldü və illər sonra da onun ünvanını tanıyan belə təltiflərin sayı artmaqda davam etdi.
Heydər Əliyev Fondunun təşkil etdiyi muğam müsabiqələrində müxtəlif dərəcə və diplomlara layiq görülən Bəyimxanım Vəliyeva nəhayət, 2002-ci ildə respublika muğam müsabiqəsinin "Qran-pri" mükafatını aldı. Demək olar ki, hansı müsabiqədə iştirak edirdisə, qələbə onun adı ilə bağlanırdı.
2009-cu ildə keçirilən beynəlxalq müsabiqənin diplomunu alan gənc xanəndə on ildən çoxdur ki, Azərbaycan muğamını vətəndən kənarda, Avropa ölkələrində də uğurla təbliğ edir. Fransa və Almaniyada keçirilən silsilə konsert proqramlarında avropalılar onun səsinə valeh oldular. Bəyimxanım oxuyanda onu ayaqüstü alqışlayırdılar. Xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti günlərində ölkəmizi layiqincə təmsil edən Bəyimxanımın 2007-ci ildə səsi Kanadada düzənlənən "Niaqara" festivalından gəldi. O, 2009-cu ildə Qüds şəhərində keçirilən İsrail muğamı ilə Azərbaycan muğamının sintez konsertində təkbaşına İsrail musiqiçiləri ilə iki saatlıq muğam konserti verdi. Tamaşaçılar böyük həvəslə və yorulmadan, birnəfəsə muğamları belə ustalıq və məharətlə ifa edən azərbaycanlı qıza sürəkli alqışlarla öz məmnunluqlarını çatdırırdılar.
Beş il Azərbaycan Dövlət Muğam Teatrının solisti olan Bəyimxanım Vəliyeva 2011-ci ildə Zirvədəkilər mükafatı üzrə "Xalq musiqisi janrında ilin qadın müğənnisi", "İncilər" media qrupunun təşkil etdiyi mükafatlandırmada "İlin muğam incisi" nominasiyaları ilə təltif edildi. Bu il isə "Yaxşıların yaxşısı" milli mükafatında "Xalq musiqisi janrında ən yaxşı gənc ifaçı" kimi dəyərləndirildi. Üç albomu işıq üzü görüb. Ailəlidir. Oxuduğu nəğmələrin içində ən gözəli gecələr qızı Aylaya zümzümə etdiyi laylalardı.
Bu söylədiklərimiz gənc müğənninin həyatındakı rəqəmlərlə ifadə edilən mühüm məqamlardır. Xalq şairi Məmməd Araza məxsus fikirdir: "Nəğmə oxunacaq musiqi də, mətn də bir növ "ölüdür". Elə ki müğənninin dilindən qopur, o, artıq eşidənin, dinləyənin var-dövlətinə, sənətinə, sərvətinə çevrilir". Bu fikirlərdən gələn bir məqamdır ki, Bəyimxanım Vəliyeva oxuyanda onun sinəsindən qanadlanan avaz ürəyindən su içir. Səs səni saxlayır, onu dinləməyə sövq edir. Əlində yağın daşsa da belə, dayanmağa məcbur olursan. Bu, hər oxuyana nəsib olan sənət qüdrəti deyil. Onun üç albomuna da qulaq asdıq, kliplərinə baxdıq. Muğamlarımızı da, xalq mahnılarımızı da gözəl ifa edir. Neçə tanış səsi yadına salır. Məftunluqla dinləyirsən. Bəlkə də ilk baxışda qeyri-adi heç nə duya bilmirsən. Minillərdir yol gələn, dəfələrlə səslənən bu mahnılar artıq həyatımızın, duyğularımızın içinə hopub. Amma o bəstəkar mahnıları var ki, ilk dəfə məhz Bəyimxanım Vəliyeva oxuyur, başqa aləmdir. Sanki müğənni bütün ürəyini, hisslərini, duyğularını o şərqinin ahəngində dilə gətirir:
Sənsiz bu dünyanın
dadı, duzu yox,
Sənsiz
fəsillərin qışı, yazı yox.
Sənsiz
həyatımın inan, özü yox,
Qaytar bu dünyamı, nolar, qayıt gəl.
Bu çağırışın
ahəngindəki yalvarışın
özü də səsin qəribəliyinə
qoşularaq dinləyəni
düşüncələr aləminə aparır.
Dünya
nə qədər köhnə olsa da, onun sevgiləri
həmişə təzədir.
Oxuduğu nəğmələrin mətninə fikir verəndə duyulur ki, Bəyimxanım musiqi ilə yanaşı, sözə də həssas və tələbkardır.
Elə bu səbəbdən də onu dinləyəndə
adama elə gəlir ki, müğənninin dodağından
qopan səslərin ahəngində rüzgara köklənmiş alov dilimləri sayrışır.
Nəğmələri çoxdur. Yəqin pərəstişkarları da
təsdiqləyərlər ki, onun yaradıcılığında
"Sarı çiçək"
mahnısı zirvədir.
Vaxtilə cənublu Ququşun (Faiqə Atəşi) oxuduğu
"Ayrılıq" mahnısı
cəmiyyətdə hansı
rezonansı doğurmuşdusa,
Bəyimxanımın "Sarı
çiçək"i də
eyni ahəngdə səsləndi:
Sevda yolçusuyuq, yolu bitməyən,
Sevgisin mələklər
göydən gətirən.
İçimdə göyərən, içimdə
bitən,
Solan sevdaların
sarı çiçəyi.
Bu nəğməni
sakit bir ürəklə dinləmək
mümkün deyil.
Sanki bir qürbət
qasırğası üstümüzü
kəsdirir. Qəribə bir nur var
onun üzündə.
Hələ ömrünün yaz çağındadır.
Könlünün işığı mahnılarına da hopub. Silsilə zirvələr isə
qarşıdadır. Səsində İlahinin bağışladığı
sehr, əfsun var. Ovqatın bütün məqamlarında onu dinləmək istəyirsən.
Kövrələ-kövrələ saflaşırsan, təzələşirsən,
dincəlirsən, hissinə,
duyğuna sanki bir həmdəm tapırsan:
Bitdi, hər şey bitdi,
Mən ölüncə əmanətdi,
Əlini
mənə verib getdi,
Balamı əzizləyim.
"Anamın
əlləri" adlanan bu mahnı anasını itirmiş hər
kəsin ruhunu dara çəkir. Xəyallar bizi
yırğalayır. O kövrək səs nəyəsə
toxunmuş kimi çiliklənir: "Öz əlim quruyan
budaq, anamın əllərin verin". Açığı,
Bəyimxanımın bu nəğməsi çox
yanıqlı bir nalədir. Nə ona qulaq asmaq
mümkündür, nə ondan doymaq!
Bəyimxanım
Vəliyevanın çox dərin xiffətlə ifa etdiyi bir
nisgilli mahnısı da var:
Gəl
gedək, gedək bu şəhərdən,
Bu payız mənlik
deyil.
Ruhum saralan, saralan yarpaq,
Ayrılığın əl eləyir...
Həm sözlər,
həm səsin ahəngi ürəyə köz kimi basılır,
dinləyəni için-için
odlandırır, əriyib
yox olmaq istəyirsən. Hərdən heyrətlənirsən ki, bu cavan,
gözəl xanımın
sinəsində qərar
tutan tonqalın mənbəyi hardandır?
Xalq artisti Arif Babayevin maraqlı bir deyimi var: "Əzəldən belədir,
muğam oxuyanlar ağırtaxtalı olurlar".
Səsin ruhu sözün ahənginə görə
dəyişir. Bu da
bir istedaddır.
Mahnı
mətnini onu tələb edən səviyyədə tamaşaçıya
çatdırmaq ifaçıdan
sənət qüdrəti
və qeyri-adi səs məlahəti, ən başlıcası isə ürək tələb edir.
...Üç yaşından
səhnəyə gələn,
"Nargilə" mahnısı
ilə mütəxəssislərdə
ümid oyadan Bəyimxanım Vəliyeva
bu gün möhtəşəm səhnələrdə
böyük sənətkarlarla
birlikdə ən çətin muğamları
ustalıq və məharətlə ifa edərək öz müəllimləri ilə
bir sırada dayanır!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 6 iyul.- S. 7.