Aytən Türkiyədən qızıl medalla qayıdıb

 

 Aytən Uluxanova təzəlikcə Türkiyədən qayıdıb. O, beynəlxalq Türk Dili Olimpiadasında iştirak edirdi. Bütün sınaqlardan uğurla keçən Aytən Uluxanova son mərhələdə böyük türk şairi Nazim Hikmətin "Günəşi içənlərin türküsü" şeirini yüksək bədii səviyyədə və sərrast türk dilində ifa etdiyinə görə Asiya Birincisi adını qazanmış və qızıl medala layiq görülmüşdür.

Bu beynəlxalq yarışda ölkəmizdən müxtəlif sahələr üzrə xüsusi istedada malik 60 nəfər gənc oğlan və qız iştirak edirdi. Onlar 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazandılar. Aytən Uluxanova qızıl medal almaqla yanaşı, həm də Asiya Birincisi adına layiq görüldü.

A.Uluxanova Gəncədəki 8 nömrəli orta məktəbin doqquzuncu sinfində oxuyur. Dərs əlaçısıdır. Bədii qiraətə və kamança ifaçılığına xüsusi marağı var. Dəfələrlə müxtəlif yarışlarda iştirak edib. Bu ilin mart ayında Bakıda keçilirən Uluslararası Türk Olimpidasında xüsusi fərqləndiyinə görə Türkiyəyə vəsiqə almışdı.

On ildir ki, Beynəlxalq Türk Dili Olimpiadası keçirilir. Yarış zamanı yazılı danışıq dili, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edir.

Əsas məqsədi türk dilləri qrupuna daxil olan dillərin dünyada əhatəli şəkildə tanınmasına və yayılmasına nail olmaqdan ibarətdir.

Cari ildə bu maraqlı, məzmunlu tədbirdə 135 ölkədən 1500 şagird iştirak edirdi. Final mərhələsində Türkiyənin 45 müxtəlif şəhərində, o cümlədən İzmirin Atatürk stadionunda 67 proqram üzrə yarışlar keçirildi. Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbul Türk Telekom stadionunda yüz min nəfər tamaşaçının iştirakı ilə başa çatdı. Yarışların gedişi Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında geniş işıqlandırıldı.

Sonda Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül Olimpiada iştirakçılarını Prezident iqamətgahında qəbul etdi.

İstanbulun Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük guşə Azərbaycana ayrılmışdı. Bir çox dövlət adamlarının və rəsmilərin iştirakı ilə xüsusi olaraq Azərbaycan şənliyi keçirildi. Olimpiadanın final mərhələsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirildi.

Ölkəmiz bu möhtəşəm tədbirin ən fəal iştirakçılarından sayılır. Ötən 10 il müddətində oğlan və qızlarımız 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər.

Onlardan biri də Asiya Birincisi adına və qızıl medala layiq görülən Gəncənin gənc istedadı Aytən Uluxanovadır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 7.