Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Sofiyada bədii sərgi təşkil olunmuşdur

 

 Azərbaycan və Bolqarıstan diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü ilə əlaqədar hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının və səfirliyimizin təşkilatçılığı ilə iyulun 5-də Sofiyada Xalq Məclisində bədii sərgi təşkil olunmuşdur.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, sərgidə Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva, sədr müavinləri, dostluq qrupunun üzvləri, parlament komissiyalarının və bu ölkənin qanunvericilik orqanında təmsil olunan müxtəlif siyasi partiyaların təmsilçiləri, Nazirlər Şurasının, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, həmçinin burada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfindən həmsədri Siyavuş Novruzovun başçılıq etdiyi nümayəndə heyəti - deputatlar Mahir Aslanov, Rauf Əliyev, Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi T.Tağıyev, eləcə də səfirliyin əməkdaşları iştirak etmişlər.

Tədbiri açan Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva iki ölkə arasında tarixi köklərə söykənən əlaqələrdən danışmışdır. Parlamentlərarası əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluğunu bildirən T.Tsaçeva münasibətlərimizin inkişafında qanunvericilik orqanlarındakı dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. O, sıx əlaqələrin gələcəkdə atılacaq birgə addımlarla daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri, Milli Məclisin deputatı Siyavuş Novruzov səmimi qəbullara və xoş münasibətə görə başçılıq etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirmişdir. Həyata keçirilən qarşılıqlı səfərlərin məhsuldar olduğunu qeyd edən deputat bu səfərin parlamentlərarası əlaqələrin dərinləşməsində xüsusi rol oynayacağına, eləcə də iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir. S.Novruzov Xalq Məclisində Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümü ilə əlaqədar belə mühüm tədbirin keçirilməsini iki ölkənin parlamentləri arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, bu baxımdan belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Sonra Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri Rəmzi Osman çıxışında iki ölkə arasında münasibətlərin dinamik inkişafından, parlamentlərarası müsbət əlaqələrdən danışmışdır. O bu əlaqələrin inkişafında iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətlərini yüksək qiymətləndirmişdir.

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov tədbir iştirakçılarına təşəkkürünü bildirmiş, ümummilli lider Heydər Əliyevin müdrikuğurlu siyasəti nəticəsində əsası qoyulan parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin iki ölkə münasibətlərinin inkişafında xüsusi rol oynadığını vurğulamışdır. O bu əlaqələrin inkişafında birgə atılan addımlardan bəhs etmiş, belə yüksək səviyyəli tədbirin əhəmiyyətindən danışmışdır.

Sonra tədbir iştirakçıları Bolqarıstan Dövlət Arxiv Agentliyi tərəfindən təqdim edilmiş Azərbaycan ilə bağlı tarixi sənədlərlə, yüksəksəviyyəli qarşılıqlı səfərləri əks etdirən fotoşəkillərlə və müxtəlif materiallarla tanış olmuşlar.

Tədbirdə tanınmış Bolqarıstan bəstəkarı M.Lambovun rəhbərliyi ilə məşhur "Sofiya" kvartetinin ifasında Azərbaycanın xalq mahnıları səsləndirilmişdir. Həmçinin qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunmuş, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı ilə bağlı müxtəlif materiallar nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 7.