Dövlət Xəzər Dəniz Gəmiçiliyinin işçiləri peşə bayramlarını qeyd etmişlər

 

İyunun 30-da Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) kollektivi peşə bayramını qeyd etmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş dənizçilərin və qəhrəman Vətən övladlarının, xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Mərasim Dənizçilərin Mədəniyyət Evində davam etdirilmişdir.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

DXDG-nin rəisi Aydın Bəşirov çıxış edərək son illər Azərbaycanda gəmiçiliyin inkişafı haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  təşəbbüsü ilə 1998-ci ildən başlayaraq dənizçilərin peşə bayramı qeyd olunur. Bu, ulu öndər Heydər Əliyevin Xəzər dənizçilərinin əməyinə hörmətinin ifadəsidir. Prezident İlham Əliyev də dəniz nəqliyyatına həmişə böyük diqqətlə yanaşır, öz dəyərli məsləhətlərini verir. Dövlət başçısının həyata keçirdiyi nəhəng layihələr dəniz nəqliyyatının  inkişafına təkan verməklə yanaşı, bu sahədə geniş perspektivlər açmışdır.

 Ötən ilin iqtisadi  göstəricilərindən söz açan A.Bəşirov  Dövlət Xəzər Dəniz Gəmiçiliyinin həmin dövrdə qarşıya qoyduğu tapşırıqları uğurla yerinə yetirdiyini vurğulamışdır.

Gəmiçiliyin rəisi bildirmişdir ki, 2011-ci ildə gəmilərlə 12 milyon 499,1 min ton müxtəlif təyinatlı yüklər daşınmışdır. Bu isə 2010-cu illə müqayisədə 6,7 faiz artım deməkdir. Yüklərin 7 milyon 238,5 min tonu tanker donanmasının, 3 milyon 832,9 min tonu gəmi-bərələrin, 1 milyon 427, 7 min tonu isə universal gəmilərin payına düşmüşdür.

2012-ci ilin 6 ayında 6 milyon 525 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  6 faiz çoxdur.

 Vurğulanmışdır ki, 2011-ci ildə dünyanın nəhəng ölkələri maliyyə böhranından əziyyət çəkdiyi bir vaxtda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi dövlətin dəstəyi ilə donanmanın təzələnməsi və yükgötürmə qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirmişdir. Ötən ilin payızında "Ağdam" və "Şahdağ" gəmiləri ilə Avrasiya nəqliyyat dəhlizində yük daşıyan bərələrin sayı 11-ə çatdırılmışdır. Donanmanın yeniləşdirilməsi işi bu gün sürətlə həyata keçirilir. Xorvatiyanın Pula şəhərindəki "Ulyanik" tərsanəsində daha 2 gəmi-bərə inşa edilir ki, onlar da  2012-ci ilin sonuna hazır olacaqdır. Yeni tikilən gəmilərin yük tutumu 54 vaqona çatdırılacaqdır. Bundan başqa, Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə Rusiyanın Nijni-Novqorod vilayətinin Qorodets şəhərindəki Gəmi Təmiri və Gəmiqayırma korporasiyası arasında da dok tikilməsi ilə bağlı müqavilə imzalanmışdır. Gələcəkdə bu dok ilə iri gəmilərin qısa müddət ərzində təmirində mühüm rol oynayacaqdır.

Hazırda Zığ şosesi rayonunda dünya standartlarına cavab verən yeni gəmi təmiri zavodunun tikinti-quraşdırma işləri, eləcə də, sexlərin və istehsalat sahələrinin komplektləşdirilməsi davam etdirilir.

Ötən dövrdə Azərbaycan Dövlət Dəniz Akademiyası beynəlxalq dəniz qaydalarını, müasir ticarət gəmiçiliyi sahəsində Beynəlxalq Konvensiyaların  tələblərini yaxşı bilən kadrların hazırlığı sahəsində də mühüm addımlar atmışdır. 2011-ci ildə akademiyada gəmiçiliyin müxtəlif sahələri üzrə kadrlara ehtiyacı nəzərə alaraq yeni ixtisaslar açılmış, tələbə qəbulunun sayı artırılmışdır.

Qeyd edilmişdir ki, zəngin təcrübəyə, peşəkarlığa əsaslanan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin kollektivi ötən dövr ərzində müsbət nəticələr qazanmağa nail olmuşlar. Bundan sonra da  gəmiçilər dəniz nəqliyyatının səmərəli inkişaf etdirilməsində, bütövlükdə respublika nəqliyyatının iqtisadi tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Tədbirdə işində fərqlənən dənizçilərdən bir qrupuna "Dəniz donanmasının fəxri işçisi" döş nişanı təqdim edilmişdir.

Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Tədbir bədii proqramla davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 5.