ANAMA öz təcrübəsini əfqanıstanlı
və tacikistanlı həmkarları ilə bölüşür
Əfqanıstan və Tacikistanın minatəmizləmə mərkəzlərinin nümayəndə heyətləri Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Regional Təlim Bazasında olmuşlar.
Müasir tələblərə cavab verən təlim mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan qonaqlar burada görülən işlərdən razı qaldıqlarını bildirmişlər.
Tacikistan Respublikasının Minatəmizləmə Mərkəzinin direktoru Muxabbed İbrahimov azərbaycanlı həmkarlarının fəaliyyəti ilə bağlı demişdir: "Mən burada aparılan əməliyyatlarla, eləcə də minaaxtaran itlər və mexaniki minatəmizləmə maşınlarının fəaliyyəti ilə tanış oldum. Belə qərara gəldik ki, azərbaycanlı həmkarlarımızın iş təcrübəsi öyrənilməyə layiqdir. Ona görə də gələn ay Tacikistandan bu bazaya mütəxəssislər göndərməyi qərara almışıq".
Əfqanıstan Milli Fəlakətlərin İdarə Olunması İdarəsinin baş direktoru Mohammad Daim Kakar da ANAMA-nın təcrübəsini yüksək qiymətləndirmişdir. Qonaq demişdir: "Burada gördüklərim azərbaycanlı həmkarlarımızın bu sahədə böyük təcrübəyə malik olduqlarını bir daha sübut edir. Ən diqqətəlayiq cəhət odur ki, ANAMA-nın əməkdaşları mina təhlükəsizliyi ilə bağlı bütün əməliyyatları xarici ölkə mütəxəssislərinin köməyi olmadan həyata keçirirlər. İnanıram ki, əfqanıstanlı mütəxəssislər yaxın gələcəkdə birgə əməkdaşlıq sayəsində bu müsbət təcrübəni mənimsəyə biləcəklər".
AzərTAc
Azərbaycan.- 2012.- 6 iyul.- S. 7.