Qəbələnin “yaddaş kitabı”
Diyarşünaslıq muzeyləri
Muzeyləri əbəs yerə "tarixin yaddaş kitabı" adlandırmayıblar. Doğrudur, muzeylərə ehtiyac yarananadək onların daşıdığı funksiya və məsuliyyət arxivlərin üzərinə düşüb. Respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin əhəmiyyəti bu baxımdan olduqca böyükdür. Daha konkretləşdirsək, keçmişi öyrənmək, təbliğ etmək, maddi mədəniyyət nümunələrini qoruyub saxlamaq üçün ən etibarlı və mühüm yer muzey hesab olunub. Milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində aparılan dövlət siyasətinin nəticəsində digər mədəniyyət müəssisələri kimi, muzeylərin də inkişaf etdirilməsi, onların fəaliyyət şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə seçilən regionları az deyi. Füsunkar təbiətə, zəngin fauna və floraya məxsus belə məkanlarından biri də Böyük Qafqazın qoynuna sığınmış, ulu tariximizi köksündə qoruyub saxlayan, son illər isə insan əlinin və zəkasının gücü ilə daha da gözəlləşən, əcnəbilərin "gözünü qamaşdıran" Qəbələdir. Bəli, bu həmin Qəbələdir ki, Qafqazda yaradılan ilk dövlətin (Alban dövləti) paytaxtı kimi adı tariximizin daş yaddaşına həkk olunub.
Qəbələnin bugünü barədə daha çox söz açmaq olar. Ona görə ki, son illər bura turizmin inkişafı ilə əlaqədar daha çox qonaq-qaralı hesab edilir. Demək olar ki, respublikamızın sosial-iqtisadi və mədəni inkişafı özünü bu diyarda daha dəqiq ifadə edir.
Qəbələnin bu gününə doğru gələn tarixi yol çox uzun və həm də şərəfli olub. Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkməklə bu yerlərin daşlaşmış tarixini vərəqləmək və oxumaq mümkündür.
Öncədən qeyd edək ki, muzeyin xatirə kitabındakı imzaların arasında dünyanın məşhur və tanınmış mədəniyyət və incəsənət xadimləri də az deyil. Xalqımızın ümummilli lideri Heydər Əliyev on il öncə Qəbələdə olarkən muzeyin xatirə kitabına bu sözləri qeyd edib: "Bu yerlərin gözəlliyi məni heyran etmişdir".
1980-ci ilin may ayından fəaliyyətə başlayan muzeyə direktor təyin edilən əməkdar mədəniyyət işçisi Xalis Məmmədov həmçinin bildirir ki, cənab Prezident İlham Əliyev 18 avqust 2005-ci il tarixdə burada olarkən Qəbələ və qəbələlilərə doğma münasibətini belə ifadə edib: "1980-ci illərin əvvəllərində Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi, şübhəsiz, öz eksponatları ilə diyarın qədim tarixini əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır, eramızdan əvvəl yazılmış mənbələrdə Qəbələnin adını çəkirlər.
Biz öz tarixi və mədəni irsimizə böyük diqqətlə yanaşırıq. Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik.
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi bu vəzifələri uğurla yerinə yetirir.
Qəbələlilərə öz dərin hörmət və məhəbbətimi bildirirəm".
Qocaman muzeyşünas onu da xüsusi olaraq vurğulayır ki, bu mədəniyyət ocağı respublikamızın aparıcı muzeyləri, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq edir: "Burada tədqiq, təbliğ, mühafizə olunan materiallar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılıb. Dövri mətbuatın diqqətində olan muzeyimizin zənginliyi barədə 300-dən çox qəzet və jurnallarda məqalə dərc edilib, müxtəlif telefilmlər çəkilib. Muzeyin fəaliyyətinin genişlənməsinin nəticəsidir ki, onun filialları (İsmayıl bəy Qutqaşınlının xatirə ev-muzeyi və Şəhidlərin xatirəsi muzeyi) yaradılıb. Dövlətimizin başçısının diqqət və qayğısının nəticəsidir ki, muzey 2004-cü ildə yeni binaya köçürülüb. Doqquz yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13 ekspozisiya salonu, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalareyası, zəngin elmi kitabxanası, qədim daş abidələrdən açıq səma altında təşkil edilmiş sərgi meydançası məhz bura ziyarətə gələnlərə mədəni xidmət göstərilməsi üçün yetərlidir".
Fəaliyyətə başlamasından 32 il keçən Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə gələnlər eramızdan əvvəl II-I əsrlərdən başlayaraq bu günə kimi 2500 illik bir dövrlə tanış olmaq imkanı qazanır. Muzeyin əməkdaşları Gülər Xəlilova ilə Natəvan Əzməmmədova bura gələn qonaqları təkcə bu yerlərin tarixi ilə tanış etmir, həmçinin onun əsrarəngiz və füsunkar hüsnünü də sevdirməyi bacarırlar. Muzeyin baxıcısı Nigar Eldarova isə Qəbələnin təbiətin gözəl füsunkar diyarı, eyni zamanda, beynəlxalq turizm məkanı kimi də maraqlı və diqqətçəkən olduğunu bildirir: "Qəbələ həmçinin beynəlxalq turizm məkanı kimi də tanınır. Hər il Qəbələ şəhərində beynəlxalq musiqi festivalı keçirilir. Dünyanın müxtəlif ölkələrindən musiqiçilər dəvət olunur. Bu beynəlxalq musiqi festivalı Qəbələnin dağları qoynunda, çay ətrafında yerləşən gözəl guşələrində keçirilir. Bundan muzeyimizə də pay düşür. Şəhərimizin qonaqları muzeyimizin zənginliyini xüsusi qeyd edirlər".
Muzeyin bələdçiləri Gülmayə Əfəndiyeva ilə Rəfiqə Kərimova qonaqlara Azərbaycanın, o cümlədən Qəbələnin qədim tarixini əks etdirən 13 mindən artıq elmi əhəmiyyətə malik eksponatın hər birinin dəyəri, onların haradan və necə gətirilərək fonda daxil edildiyi barədə ətraflı məlumat verirlər. 1992-ci ildə qocaman və mərhum rabitə işçisi Əhmədiyyə Əfəndiyev tərəfindən muzeyə hədiyyə edilən dəyərli eksponat haqqında xüsusi söz açan bələdçilər onu da bildirirlər ki, Morze teleqraf aparatı 1837-ci ildə Semuel Morze tərəfindən ixtira edilib. Saatda 500-dək sözburaxma qabiliyyətinə malik olan bu aparat orijinallığı, qədimliyi və həm də iş qabiliyyətliliyinə görə ABŞ, İngiltərə, İsves, Norveç, Fransa və digər ölkələrdən gəlmiş turistlərin maraq və təəccübünə səbəb olur.
Tərtibatçı-rəssam Əntiqə Şamilova onu da xüsusi olaraq vurğulayır ki, Qəbələ şəhərinin tarixi keçmişi, onun Qafqazın ilk və qədim dövləti - Albaniyanın paytaxtı olmasını təsdiqləyən Cuxur Qəbələdəki qala divarları, o cümlədən tarix-diyarşünaslıq muzeyindəki zəngin mədəniyyətimizi əks edirən eksponatlar turizmin burada inkişafında mühüm rol oynayır. Burada turizmin inkişafı həmçinin zəngin tariximizin və mədəniyyətimizin təbliği deməkdir.
Muzey əməkdaşlarının turist və digər qonaqlarda yaratdığı təəssüratda Qəbələnin dünəni ilə bugünü qovuşur. Bu qədim diyarın zənginləşən tarixinin "yaddaş kitabı"nı vərəqlədikcə bir daha hiss edirsən ki, təbiətin səxavəti ilə insanların qurub yaratmaq həvəsi burada çulğaşıb.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 6 iyul.- S. 8.