Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət Dumasına yeni seçkilərdən qısa müddət ötməsinə baxmayaraq, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu həm parlamentlərarası əlaqələrin, həm də ümumilikdə ölkələrimiz arasında mövcud əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın siyasi, iqtisadi, ticari və digər sahələrdə uğurla inkişaf etdiyini dedi. Dövlət başçısı ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığı isə başqa ölkələr üçün nümunə kimi qiymətləndirdi. Bütün sahələrdə əməkdaşlığımızın tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, hər iki ölkənin dövlət rəhbərlərinin bu münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirmələri təsadüfi deyildir. Münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edən dövlət başçısı ölkəmizin MDB çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayaraq dedi ki, bu əməkdaşlıq, ilk növbədə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da  genişləndirilməsi üçün əlavə imkanlar açır.

Azərbaycan Prezidenti İlham Əliyev nümayəndə heyəti üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına əminliyini bildirdi.

Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birlikdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. Leonid Slutski parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 1.