Prezident İlham Əliyev Litvanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Litva Respublikasının ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı səfir Kestutis Kudzmansa diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkürünü bildirdi. Bu müddətdə əlaqələrimizin inkişafında böyük irəliləyişlərin olduğunu vurğulayan dövlət başçısı Litva Respublikası prezidentlərinin, Baş nazirinparlament sədrinin Azərbaycana səfərlərini məmnunluqla xatırladı, əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas ikitərəfli münasibətlərimizin inkişafının yüksək səviyyədə olduğunu vurğuladı. O, Litva rəhbərlərinin Azərbaycana səfərləri zamanı ölkəmizdə gedən yüksək inkişaf proseslərinin şahidi olduqlarını dedi və Azərbaycanın uğurlarına sevindiklərini bildirdi. Litvalı diplomat ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 1.