Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Qırğız Respublikasında bir sıra görüşlər keçirmişdir

 

 Qırğız Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 55-ci iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

DGK-dan AzərTAc-a bildirilmişlər ki, iclas çərçivəsində A.Əliyev bir sıra ikitərəfli görüşlər keçirmişdir. Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla keçirilən görüşdə ölkələrimizin gömrük xidmətləri arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidmətinin sədri Kubanıçbek Kulmatovla keçirilən görüşdə isə iki ölkənin gömrük xidmətləri arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində protokol layihəsinin hazırlanması, eyni zamanda kinoloji xidmətlərin əməkdaşlığının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Moldova Respublikası Maliyyə Nazirliyi yanında Gömrük Xidmətinin baş direktoru Tudor Balitski ilə görüşdə Azərbaycan və Moldova gömrük xidmətləri arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində protokol layihəsinin hazırlanmasına dair məsələlər əsas müzakirə obyekti olmuşdur.

Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletniklə keçirilən görüş zamanı iki ölkənin gömrük xidmətləri arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 5.