Əli
ƏHMƏDOV: Azərbaycan Prezidenti İlham Əliyev gənclərə həmişə
böyük diqqət və qayğı
göstərir
Yeni Azərbaycan Partiyası (YAP) ənənəvi olaraq hər il gənclər üçün yay və qış məktəbləri təşkil edir. Hazırda Lerikdə və Oğuzda partiyamızın çoxlu sayda gəncləri həm istirahət edir, həm də aktual problemlərlə bağlı fikir mübadiləsi aparırlar.
Bu sözləri YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Əli Əhmədov bildirmişdir ki, bu layihələrin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır. YAP-ın gənc fəalları həm istirahət edirlər, həm də bir-biriləri ilə tanış olur, münasibət qururlar. Digər bir tərəfdən isə Azərbaycanın aktual problemləri ilə bağlı fikir mübadiləsi aparırlar, treninqlər keçirirlər. Hesab edirəm ki, bu, gənclərimizin Azərbaycan reallıqları ilə tanış olması, həmçinin ölkəmizdəki quruculuq işlərində yaxından iştirak etməsi baxımından əhəmiyyətlidir.
YAP sədrinin müavini vurğulamışdır ki, partiyanın sıralarında yüksək fəaliyyəti və vətənpərvərliyi ilə seçilən çoxlu sayda gənclər vardır.
Mən onu da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev gənclərə həmişə böyük diqqət və qayğı göstərir.
YAP-ın ölkəmizdə ən nüfuzlu siyasi təşkilat olduğunu deyən Əli Əhmədov qeyd etmişdir ki, partiya gənclərin həm Azərbaycanın ən gözəl guşələrində istirahət etmələrinə şərait yaradır, həm də onların siyasi fəallığının artırılması üçün tədbirlər həyata keçirir. Bütün bunlar gənclərin gələcəkdə cəmiyyətin fəal üzvləri kimi yetişməsinə müsbət təsir göstərir. YAP-ın "Yay məktəbləri" layihəsi kifayət qədər populyarlaşmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.