Rusiya Azərbaycan ilə əlaqələrə xüsusi diqqət yetirir

 

 İyulun 6-da Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri arasında görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın Rusiya ilə əlaqələrə böyük önəm verdiyini qeyd edən Z.Əsgərov iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin bu əlaqələrin qurulmasında böyük xidmətləri olmuşdur.

İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində parlamentlərin rolundan danışan Z.Əsgərov vurğulamışdır ki, hər iki ölkənin qanunverici orqanında yaradılan işçi qrupları bu əlaqələrin genişlənməsinə böyük töhfə verir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütünlükdə regionun inkişafına maneə olduğunu diqqətə çatdıran Z.Əsgərov Rusiyanın bu problemin həlli istiqamətində səylərini davam etdirəcəyinə əminliyini vurğulamışdır. Milli Məclis sədrinin birinci müavini ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi fonunda Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirmişdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov görüşün təcrübə mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, müzakirə olunan məsələlər hər iki tərəf üçün maraq kəsb edir. Belə görüşlər ikitərəfli münasibətlərin inkişafına da töhfə verəcəkdir.

Rusiyanın Azərbaycan ilə əlaqələrə xüsusi diqqət yetirdiyini vurğulayan L.Slutskin ölkəmizə səfər etməkdən məmnun olduğunu bildirmişdir. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edən qonaq belə görüşlərin ənənə halını alacağına əminliyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.