Avropa İttifaqı etimadın möhkəmləndirilməsi istiqamətində ən yaxşı vasitə kimi icmalararası diplomatiyaya kömək edə bilərdi

 

Azərbaycan KİV-lərinin xəbər verdiyi kimi, Avropa İttifaqının Prezidenti Herman Van Rompey Bakıda mətbuat üçün bəyanatla çıxışı zamanı demişdir ki, Aİ "öz nümayəndələrinin Dağlıq Qarabağa və sərhədyanı bölgələrə getmələri xahişini davam etdirəcəkdir".

Nə qədər ki, Dağlıq Qarabağın iki icmasından biri öz iradəsindən asılı olmayaraq orada yoxdur, nə qədər ki, regionun faktiki hakimiyyət orqanları əhalinin üçdəbir hissəsinin iştirakı olmadan (bu, həmin "hakimiyyət orqanlarının" legitimliyini şübhə altına qoyur) təşkil edilmişdir, Aİ-nin və digər beynəlxalq qurumların nümayəndələrinin bu diyara getməsi mənasızdır, çünki həmin səfərlər qonaqlarda region barədə tam təsəvvürün yaranmasına imkan verməyəcəkdir. Əhalinin üçdəbir hissəsi Dağlıq Qarabağa qayıdıb, regionun ictimai siyasi həyatına yenidən inteqrasiya etdikdən sonra, - bu, yalnız  Ermənistanın işğalçı qüvvələri çıxdıqdan və ATƏT-in Minsk qrupunun tərkibinə daxil olmayan və nə Azərbaycanla, nə də Ermənistanla həmsərhəd olmayan ölkələrdən həqiqi beynəlxalq sülhməramlı qüvvələr Dağlıq Qarabağa yeridildikdən sonra mümkündür, -  Dağlıq Qarabağ əhalisinin tam təmsilçiliyi bərpa ediləcək və Azərbaycanın hakimiyyət orqanları  regiona gəlmək istəyən hər bir əcnəbi qonağa məmnuniyyətlə viza verəcəklər.

Herman Van Rompey çıxışı zamanı Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Filip Lefortun "münaqişənin həlli yolunda birinci addım etimadın yaradılmasıdır" sözlərinə də istinad etmişdir.  Herman Van Rompey demişdir: "Etimad olmadan regionda sülhü təmin edə bilmərik. İnanıram ki, Azərbaycan öz məqsədinə nail olacaqdır. Aİ bu məsələdə ona kömək edəcəkdir".

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılması və Azərbaycan icmasının Dağlıq Qarabağa qaytarılması barədə beynəlxalq birliyin, o cümlədən Avropa İttifaqının özünün tələbini nəzərə alsaq, etimadın qurulması yolunda ən yaxşı addım iki icmanın liderləri və sıravi vətəndaşları arasında birbaşa əlaqələrin yaranmasıdır. Avropa İttifaqının Azərbaycana köməyini vəd edən və səmimiyyətinə şübhə etmədiyimiz  Herman Van Rompey, qoy, belə bir görüşün baş tutmasına kömək etsin və onu  Brüsseldə və ya dünyanın istənilən digər nöqtəsində təşkil etsin. Azərbaycan icması etimadın möhkəmləndirilməsi və hər iki icmanın Dağlıq Qarabağda çoxəsrlik birgə yaşayışın yenidən başlanmasına hazırlaşdırılması istiqamətində ən yaxşı vasitə kimi icmalararası diplomatiyaya razılığını çoxdan bildirmişdir.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.