Azərbaycan-Misir münasibətləri yeni mərhələyə qədəm qoyur

 

 Abşeron rayonu ilə Qəlyubiyyə vilayəti arasında uğurla davam edən qardaşlıq və tərəfdaşlıq siyasəti iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirir

 

 Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz 20 ildən artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan özünün müstəqil iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı inkişaf edən dövlətlərindən biri kimi tanınır.

Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür, ölkə regionlarının sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı bütün sahələrdə böyük nailiyyətlərə imza atıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən iki dövlət proqramı ölkə həyatında müstəsna rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin davamlı inkişaf proqramı müvəffəqiyyətlə icra olunur. Bu inkişaf sayəsində regionlarda sosial-iqtisadi tərəqqi strategiyasının konkret istiqamətlər üzrə yerinə yetirilməsi isə günümüzün əsas reallığıdır.

İqtisadi tərəqqinin Azərbaycanın bütün regionları üzrə proporsional qaydada baş verməsi, bunun ölkə vətəndaşlarının həyatında öz əksini tapması respublikamızı daha qüdrətli dövlətə çevirir. Bütün bunlar həm də onun göstəricisdir ki, ümumi iqtisadi inkişafda regionların payı artan xətt üzrə inkişaf edir, ümumi daxili məhsul istehsalında onların xüsusi çəkisi getdikcə yüksəlir. Bu, eyni zamanda, qeyri-neft sektorunun inkişafına da böyük töhfələr verir. Ölkəmizin iqtisadi tərəqqisinə davamlı şəkildə  töhfə verən, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan rayonlardan biri də Abşerondur.

Ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını da genişləndirir. Respublikamızda həmişə seçilənlər sırasında yer almağı bacaran, iqtisadi artım göstəricilərinə görə öndə gedən rayonlarından olan Abşeron bu gün inkişafının sürətli mərhələsini yaşayır. Abşeron rayonu təkcə ölkə daxili deyil, xarici əlaqələrini də genişləndirir. Bu əlaqələrin biri isə Misir Ərəb Respublikası ilə imzalanmış memorandum əsasında yaranmış dostluq münasibətləridir.

Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir. 2007-ci ildə Abşeron Rayon İcra Hakimiyyəti və Misirin Qəlyubiyyə Vilayəti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, tərəflər öz səmimi münasibətlərini möhkəmləndirmək və kənd təsərrüfatı, sənaye, irriqasiya, mədəniyyət, xeyriyyə və s. sahələr üzrə nümayəndə heyətləri və məlumat mübadiləsi vasitəsilə iqtisadi, elmi və texniki əməkdaşlığı inkişaf etdirməyə başlayıblar.

Abşeron - Qəlyubiyyə qardaşlıq münasibətləri bu gün daha yüksək səviyyədədir. İmzalanmış müqaviləyə əsasən, tərəflər üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu anlaşmaya əsasən iyunun 4-də Misirin Qəlyubiyyə vilayətinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin bir qrup müəllim və şagirdi Abşeron rayonuna qonaq gəldi. İyunun 5-də qonaqlar Heydər Əliyev Fondunda oldu, Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər.

Dünən isə nümayəndə heyəti Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşdülər. Qonaqları salamlayan Zakir Fərəcov diqqətə çatdırdı ki, Abşeron və Qəlyubiyyə qardaşlığı ilə bağlı imzalanan memorandumun müddəalarını hər iki tərəf layiqincə yerinə yetirir. Tərəflər qarşılıqlı səfərlər nəticəsində bir-birinə daha da yaxınlaşıb və münasibətlər yüksələn xətlə inkişf edir. Onun sözlərinə görə, memorandumun müddəalarına uyğun olaraq Xırdalan şəhərində Misir Dostluq Parkı salınıb, Xırdalan şəhərinin mərkəzi küçələrinin biri Qəlyubiyyə adlandırılıb, Xırdalan şəhərinin ən böyük məktəblərinin birinə Misir-Ərəb təmayüllü məktəb adı verilib. Bunun davamı olaraq isə Qəlyubiyyə vilayətində ulu öndər Heydər Əliyev adına abidə kompleksi və park yaradılıb. Eyni zamanda küçələrdən birinə Azərbaycan adı verilib. Həmin ərazidə isə Mehriban xanım Əliyevanın adını daşıyan məktəb fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, Azərbaycanda Misir iş adamlarının fəaliyyəti ilə bağlı müəssisələrin açılması istiqamətində işlər görülüb. Azərbaycanda dərman preparatlarının istehsalı ilə bağlı birgə müəssisə yaradılıb və bunun üçün 10 hektar torpaq sahəsi ayrılıb. Mərmər zavodunun açılışı ilə bağlı birgə müəssisə yaradılıb. Azərbaycan və Misirin müştərək "Az-Mis" müəssisəsinin yaradılması barədə qərar verilib. Bu şirkət istər tikinti, istərsə də kommersiya fəaliyyəti ilə məşğul olacaqdır.

Zakir Fərəcov qonaqlara Azərbaycanda gedən sürətli iqtisadi inkişaf, quruculuq və yenidənqurma işləri barədə məlumat verdi, Azərbaycan Prezidenti İlham Əliyevin xarici və daxili siyasətinin qazandığı uğurlardan, Azərbaycan - Misir münasibətlərindən danışdı. Abşeron rayonunun əhalisi, ərazisi, tarixi abidələri, görkəmli şəxsiyyətləri və yeni quruculuq işləri ilə bağlı nümayəndə heyətinə məlumat verən Z.Fərəcov qonaqlara bütün işlərində uğurlar arzuladı.

Sonra Qəlyubiyyə vilayətində fəaliyyət göstərən Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin direktoru xanım Abiza Ali Abaza çıxış etdi. Azərbaycana səfərindən çox məmnun olduğunu bildirən qonaq vurğuladı ki,  Azərbaycanın birinci xanımının adını daşıyan məktəb həmin vilayətdə lider təhsil ocağı və Azərbaycan-Misir dostluğunun rəmzi kimi qəbul olunur: "Azərbaycanın təhsilini, mədəniyyətini, incəsənətini təbliğ edən  bu məktəbi çoxsaylı qonaqlar ziyarət edir və məktəbin adını daşıyan şəxsin kimliyi ilə və Azərbaycanla maraqlanırlar. Biz də Mehriban xanım Əliyeva və Azərbaycan haqqında məlumatları qonaqların diqqətinə çatdırırıq. Hətta məktəbə rəsmi şəxslər gəldikdə onlara məlumat veririk ki, bu iki xalq arasında olan dostluğun gözəl təzahürüdür. Biz bu əlaqələrin yarandığı üçün çox xoşbəxtik".

Direktor bildirdi ki, məktəbdə 98 müəllim, 1891 şagird var. Qəlyubiyyə vilayətində keçirilən bilik yarışmasında bu məktəb birinci yeri tutub. Burada dərs deyən müəllimlər Misirin qabaqcıl təhsil işçiləridir.  Abiza Ali Abaza eyni zamanda diqqətə çatdırdı ki, Azərbaycanda olduğu müddətdə hər iki xalqın oxşar xüsusiyyətlərini kəşf edib. Bunların içərisində vəfa, sədaqət, qonaqpərvərlik, dostluq və insanlıq münasibətləridir.

Sonra Misir Ərəb Respublikasının Təhsil Nazirliyinin Qəlyubiyyə Vilayəti üzrə müşaviri Əbu Bəkr Ramazan çıxış edərək bildirdi ki, hər iki xalq arasında olan münasibətlər dostluğun bariz nümunəsidir. Onun sözlərinə görə, Misirdə Azərbaycan dövləti haqqında çox müsbət fikirlər, rəylər səsləndirilir. Qəlyubiyyə vilayətinin rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəbin daha da müsbət nəticələr göstərməsi, şagirdlərin yaxşı bilik alması üçün yaxından köməklik göstərir. Vilayətdə 25 məktəb fəaliyyət göstərir.

Bu 25 məktəbin içərisində Mehriban xanım Əliyevanın adını daşıyan məktəb xüsusi olaraq seçilir. Çünki orada çalışan təhsil işçiləri məsuliyyətlə işləyirlər. Bütün yarışlarda, müsabiqələrdə  məktəb birinci yeri tutur. Qonaq Azərbaycana səfərindən məmnun qaldığını və bu səfəri təşkil edən şəxslərə minnətdarlığını bildirdi.

Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin təlim-tərbiyə işləri üzrə müdiri Mahmud Əl Amurici isə çıxışında diqqətə çatdırdı ki, Misir hökuməti ilə yanaşı, Azərbaycan tərəfindən də bu məktəbə xüsusi diqqət var. Bu isə onlara böyük dəstəkdir. Məktəbdə yalnız əlaçı şagirdlər təhsil alırlar. Azərbaycana səfərindən məmnun qaldığını deyən qonaq vurğuladı ki, Bakıda və Abşeronda keçirdikləri görüşlər və gördükləri reallıqlar onlarda böyük fərəh hissi yaradıb: "Mən Azərbaycanın belə qısa zamanda sürətli inkişafına heyran qaldım. Sizin xalqınızın mədəniyyəti, qonaqpərvərliyi xüsusi olaraq qeyd edilməlidir. Şəhidlərinizə verdiyiniz qiymətdən, onlara qoyduğunuz hörmətdən hiss olunur ki, keçmişi unutmayan  müdrik xalqsınız. Biz çox fərəhləndik və çalışırıq ki, bundan bir nümunə götürək. İstərdim ki, Misirlə Azərbaycan arasında iqtisadi-siyasi, mədəni, təhsil və digər sahələr üzrə əlaqələr daha da inkişaf etsin. Ən nəhayət, Azərbaycanın işğal altında olan torpaqları azad edilsin".

Sonra qonaqlar tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə Qəlyubiyyə vilayəti adından xatirə hədiyyəsi təqdim olundu.

 Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bir daha qonaqlara təşəkkürünü bildirdi və diqqətə çatdırdı ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransada səfərdə olduğu üçün onlarla görüşə bilməyib. Lakin onlara öz salamlarını çatdırıb. Zakir Fərəcov bu ölkəyə əmin-amanlıq və tezliklə inkişaf etmiş ölkələr sırasına qoşulmağı arzuladı: "Biz inanırıq ki, Misir ən inkişaf etmiş ölkəyə çevriləcək və bu, tezliklə reallaşacaq. Misirin qədim tarixi var və biz əməkdaşlığımızı bundan sonra da yüksək səviyyədə davam etdirməliyik".

Sonra qonaqlara Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən göndərilmiş Azərbaycan xalçaları, xatirə hədiyyələri verildi. Şagirdlərin hər birinə, həmçinin Mehriban xanım Əliyevanın adını daşıyan məktəbə noutbuk bağışlanıldı.

İcra hakimiyyətində görüşdən sonra Misirdən gələn müəllim və şagird heyəti Xırdalan şəhər Misir-Ərəb təmayüllü 9 saylı tam orta məktəbə yollandılar. Burada qonaqları məktəbin rəhbərliyi və şagirdləri qarşıladı. Qonaqların diqqətinə çatdırıldı ki, məktəb 2007-ci ildən fəaliyyətə başlayıb. 2200 şagird və 200 müəllim heyəti var. Keçən il məktəbi bitirən şagirdlərin 57-si ali məktəbə qəbul olunub. Onların içərisində 3 nəfər 600-dən çox bal toplayıb.

Məktəbin foyesində qonaqların şərəfinə Azərbaycan və Misir dostluğunu tərənnüm edən musiqi və rəqs nümunələri nümayiş olundu. Məktəbin özfəaliyyət dərnəyinin hazırladığı rəqslər qonaqlarda böyük maraq hissi yaratdı. Ərəb musiqisi sədaları altında rəqs edən şagirdlərin hərəkətləri misirli müəllimələri də təsirləndirdi və onlar da şagirdlərlə birgə rəqs etməyə başladılar.

Sonra qonaqlar məktəbdə şagirdlərin əl işlərindən ibarət hazırlanmış sərgi ilə tanış oldular. Burada olan rəsm əsərləri, xalçaçılıq nümunələri və müxtəlif instruksiyalar misirli şagirdlərin marağına səbəb oldu. Məktəbdə yaradılmış Azərbaycan-Misir dostluğu guşəsi ilə tanışlıqdan sonra Azərbaycan və Misir şagirdlərinin birgə dostluq dərsi keçirildi. Bu dərs zamanı azərbaycanlı  şagirdlər ərəbcə öyrəndikləri bilikləri və Azərbaycan atalar sözlərini söyləməklə misirli müəllimləri yaxşı mənada təəccübləndirdilər.

Məktəblə tanışlıqdan sonra qonaqlar Abşeron rayon Tarix-Diyarşunaslıq Muzeyinə yollandılar. Burada qonaqlara məlumat verildi ki, muzeydə Abşeronun qədim tarixinə aid tapıntılar, qədim əşyalar, insanların istifadə etdikləri qədim ov alətlərindən ibarət eksponatlar saxlanılır. Eyni zamanda, muzeydə rayonun Böyük Vətən müharibəsində iştirak etmiş və qəhrəmanlıqla həlak olmuş 116 əsgərin adları və sağ qalan müharibə veteranlarının şəkilləri, döyüş tarixlərinə aid materiallar vardır. Azərbaycan-Misir münasibətlərini özündə ehtiva edən fotostend də muzeydə qorunur. Burada Abşeron rayonunun görkəmli şəxsiyyətləri, şairlər, yazıçılar, elm adamları haqqında da məlumatlar saxlanılır.

Tarix-Diyarşunaslıq Muzeyində xatirə şəkli çəkdirən qonaqlar sonra ümummilli lider Heydər Əliyev Muzeyinə baş çəkdilər. Burada misirli şagirdlərə dahi liderin həyat və yaradıcılığı, onun müəllimlərə, gənclərə verdiyi qiymət, Azərbaycanda elmin inkişafı üçün gördüyü əvəzsiz xidmətlər barədə geniş məlumat verildi.

Daha sonra qonaqlar Xırdalan şəhərində yaradılmış Azərbaycan-Misir Dostluq Parkı və Abşeron rayonu Məmmədli kəndində mövcud olan "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğuna baş çəkdilər. Bildirildi ki, zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycan tarix boyu Odlar yurdu kimi tanınıb. Ölkəmizin ərazisində yanan təbii əbədi odlar insanların inanc və etiqadlarına güclü təsir göstərib, ədəbiyyat və incəsənət əsərlərində öz bədii təcəssümünü tapıb. Azərbaycanda unikal təbii abidələrdən biri Abşeron rayonunun Məmmədli kəndində yerləşən "Yanar dağ"dır. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Yanar dağ" abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, "Yanar dağ" təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.

Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin direktoru Abiza Ali Abaza qəzetimizin əməkdaşı ilə öz səfər təəssüratlarını bölüşərək bildirdi ki, keçirdikləri görüşlər və Bakıda, Abşeron rayonunda şahidi olduqları reallıqlar onların xatirələrinə yazılıb. Onun sözlərinə görə, Azərbaycanın Misirlə çox oxşarlıqları var: "Bakının havası Misirin İsgəndəriyyə şəhərinin havasına bənzəyir. Bəzi yeməklərimiz də oxşardır. Burada ərəbdilli mütəxəssislərin çoxluğunun şahidi olduq və bu məni çox sevindirdi. Sizin muğam sənətiniz və xüsusən də üç nəfərdən ibarət heyətin ifası çox maraqlıdır. Otelləriniz, ümumiyyətlə, otel mədəniyyəti burada yüksək səviyyədədir. Gənclərdə vətənpərvərlik hissi çox yüksəkdir. Siz ən böyük qiyməti şəhidlərinizə verirsiniz. Azərbaycanın tarixi şəxsiyyətlərinə də yüksək önəm verirsiniz, onlar haqqında məlumatları qoruyursunuz. Biz burada Azərbaycan xalqının çox müdrik xalq olduğunun şahidi olduq. 20 illik müstəqillik yolunda dövlətiniz çox böyük uğurlar qazanıb. Müsəlman dövləti olaraq çox inkişaf etmisiniz".       

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 3.