İnsan hüquqları və azadlıqlarının təminatında mühüm mərhələ

 

 Azərbaycan Respublikasında son illər ərzində aparılan, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə hüquq islahatları sayəsində tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradılmış və bu sahədə əldə edilmiş nailiyyətlər və qabaqcıl təcrübə ölkəmizdə bu islahatlara önəmli dəstək verən Avropanın aparıcı dövlətləri tərəfindən də etiraf olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" və "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanunla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və 2011-ci ilin yanvar ayının 1-dən "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında " Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi və "İnzibati İcraat haqqında" qanun respublika ərazisində qüvvəyə minmişdir.

Vətəndaş-məmur münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verən inzibati-iqtisadi məhkəmələrin yaranması və 2011-ci il yanvarın 1-dən inzibati işlərə məhz yeni yaradılmış həmin məhkəmələrdə baxılması Azərbaycan məhkəmə sistemi üçün tamamilə yeni hadisə olmaqla bərabər, inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmasının, ədalətlə və sırf qanuna uyğun olaraq baxılmasının təmin edilməsinə, ümumilikdə isə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Beləliklə, ölkədə ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlamasını insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm bir addım kimi xarakterizə etmək olar. Yeni qanunvericilik bazasının formalaşması və inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti Azərbaycanda məhkəmə-hüquq sahəsinin mütərəqqi baxımdan inkişaf istiqamətində olduğunu göstərir və respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq "İnzibati icraat haqqında" qanunun, İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsi və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlaması vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönələn addım olmaqla yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələdir.

Azərbaycan Respublikası Prezidentinin 22.06.2010-cu il tarixli fərmanı ilə Bakı şəhərinin biriki saylı iqtisad məhkəmələrinin, Gəncə, Sumqayıt, Şəki, Şirvan, habelə Naxçıvan iqtisad məhkəmələrinin bazasında yaradılmış həmin məhkəmələrdə 2011-ci il ərzində mahiyyəti üzrə baxılaraq müvafiq qərarlar çıxarılmış inzibati mübahisələrin təhlili də yuxarıda göstərilmiş ümidverici qənaətimizi təsdiq edir.

Belə ki, 2011-ci ildə inzibati-iqtisadi məhkəmələrinə fizikiya hüquqi şəxslər tərəfindən dövlət inzibati orqanlarına qarşı inzibati mübahisələrə dair ümumilikdə 6.818 iddia ərizəsi verilmiş və həmin iddiaların böyük əksəriyyəti, daha doğrusu, 84,1 faiz işlər üzrə iddia tələbləri əsaslı hesab edilərək təmin olunmuş, bununla da, hüquqifiziki şəxslərin inzibati orqanlar tərəfindən pozulmuş hüquqlarının bərpasına nail olunmuşdur. Bir halı da xüsusilə qeyd etmək yerinə düşərdi ki, yekun qərarlar qəbul edilmiş 2084 inzibati işlərdən yalnız 406 üzrə (cəmi 19,5 faiz) birinci instansiya məhkəmələrinin yekun qərarlarından yuxarı instansiya məhkəmələrinə müvafiq şikayətlər verilməklə məhkəmələrin gəldiyi nəticə mübahisələndirilmişdir ki, bu da öz növbəsində inzibati-iqtisadi məhkəmələrin qəbul etdikləri qərarların və onların nəticələrinin inzibati orqanlar tərəfindən əksər hallarda mübahisəsiz olaraq qəbul edildiyini təsdiq edir.

Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, həm birinci, həm də apelyasiya instansiyaları məhkəmələri ədalət mühakiməsinin təməl prinsiplərinə riayət edərək, icra hakimiyyəti orqanlarının təsiri altına düşmədən, onlardan çəkinmədən qanunun onlara verdiyi geniş səlahiyyətlərdən yararlanaraq əksər hallarda, sözün həqiqi mənasında, müstəqillik nümayiş etdirməklə ədalətli qərarlar qəbul edilməsinə nail olmuşlar. Təsadüfi deyildir ki, qəbul edilmiş qərarlar yuxarı instansiya məhkəmələri tərəfindən də qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Bununla da, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində təsbit edilmiş işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyi və faktlara əsasən və qanuna müvafiq baxılması prinsiplərinə uyğun, ədalətli qərarlar qəbul edilməklə təkcə bir il ərzində 1752 hüquqifiziki şəxslərin inzibati orqanlar tərəfindən pozulmuş hüquqlarının bərpası təmin olunmuşdur.

Bir halı da xüsusilə qeyd etmək lazımdır ki, inzibati məhkəmələr formalaşana və fəaliyyətə başlayana qədər qanunvericilik bazasının yaradılması ilə yanaşı, bu sahədə çalışacaq hakimlərin fəaliyyətinin təkimləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmiş, hakimlər üçün inzibati hüquq sahəsində uzun müddət çalışmış xarici mütəxəssislərin iştirakı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif regionlarında beynəlxalq konfranslar, seminarlar, mühazirələr, treninqlər keçirilmiş, bəzi hallarda hakimlər xarici ölkələrə inzibati məhkəmələrin artıq formalaşmış təcrübəsinin öyrənilməsi üçün ezam olunmuş, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahədə qəbul edilmiş qərarlarının öyrənilməsi üzrə mütəmadi seminarlar keçirilmişdir.

İnzibati-iqtisadi məhkəmələrin fəaliyyət göstərdiyi dövr ərzində məhkəmələr tərəfindən müxtəlif kateqoriyalı inzibati işlərə baxılmışdır ki, bunlar da əsasən fizikihüquqi şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair (mübahisələndirmə haqqında) iddia; inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dairya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliklərin icrası haqqında) iddia; inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia (müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair), habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktlar) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialarla bağlı işlər olmuşdur. 

Dövlət orqanlarına qarşı 2011-ci il ərzində məhkəmələrdə irəli sürülmüş iddia ərizələrinin sayının kifayət qədər yüksək olması bunu deməyə əsas verir ki, bir çox hallarda bu inzibati orqanlar fizikiya hüquqi şəxslərin hər hansı məsələlər üzrə müraciətlərinə baxıb onları təmin etməkdən, müvafiq qanunvericiliklə və ya dövlət orqanlarının əsasnamələrində nəzərdə tutulmamış əsaslar üzrə imtina edirlər ki, bu da yolverilməz olduğundan məhkəmələr tərəfindən haqlı olaraq qanunazidd hərəkətlər kimi qiymətləndirilir.

Belə ki, fizikiya hüquqi şəxslərin dövlət orqanlarına hər hansı məsələlərin həlli üçün müraciətləri qanunla müəyyən edilmiş müddətdə baxılmaqla yanaşı, belə müraciətlərin təmin olunmasından yalnız müvafiq qanunlaya dövlət orqanlarının əsasnaməsində müəyyən edilmiş əsaslar üzrə imtina edilə bilər. Qanunvericiliklə konkret olaraq müəyyən edilmiş əsaslardan kənar, hər hansı digər əsaslara istinad etməklə vətəndaşın haqlı müraciətini təmin etməkdən imtina olunması yolverilməzdir.

Eyni zamanda, bir müsbət tendensiyanı qeyd etmək lazımdır ki, hüquqifiziki şəxslər inzibati orqanların hərəkətlərindən və onların qəbul etdikləri qərarlardan narazı qaldıqları təqdirdə, icraya digər  orqanlara deyil, bilavasitə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edirlər və iddia tələbləri əsaslı olduğu hallarda öz problemlərinin həllini də məhz məhkəmələrdə tapırlar.

Hüquqifiziki şəxslərin yenicə fəaliyyətə başlamış inzibati-iqtisadi məhkəmələrə inamının artması sayəsində məhkəmələrə edilən müraciətlər də artır. Bununla bağlı qeyd olunmalıdır ki, oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşması üçün də yuxarı instansiya məhkəmələri tərəfindən zəruri tədbirlər görülür və əminliklə demək olar ki, bir neçə kateqoriya iddialar üzrə artıq vahid məhkəmə təcrübəsi formalaşmaqdadır (o cümlədən, pensiyaların təyin olunmasından imtina, əsassız vergi məbləğlərinin və cərimələrin hesablanması və sair işlərdə). Bu kateqoriya işlər üzrə məhkəmələr tərəfindən eyni qərarlar qəbul edilməsinə və həmin qərarların yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanılmasına baxmayaraq bəzi inzibati orqanlar artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan analoji vəziyyətdə təkrarən hüquqifiziki şəxslərin hüquq və azadlıqlarını pozan aktlar qəbul etməkdə, qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verməkdə davam edirlər.

"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə qanunvericilikdə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.

Həmin qanunun 11-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsiri olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.

Həmçinin qeyd edilməlidir ki, fizikiya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxsin korrupsiya şəraiti yaradan hüquqpozma sayılır. Dövlət inzibati orqanının qanunla onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyib, çox sadə bir məsələni qanunla müəyyən edilmiş qaydalar çərçivəsində həll etmək əvəzinə süründürməçiliyə yol verməsi öz növbəsində vətəndaşın haqlı narazılığına səbəb olmaqla, sonda onların müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət etmələrinə səbəb olur.

İnzibati məhkəmələrin yaradılmasının, "İnzibati icraat haqqında" qanununİnzibati Prosessual Məcəllənin vacibliyi ilə bağlı qeyd edilməlidir ki, şəxsi inzibati orqanların qanunsuz inzibati aktlarından və hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) qorumaq üçün səmərəli mexanizm və ədalətli hüquqi müdafiə institutlarının yaradılması insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi qarşısına qoymuş hüquqi dövlətin bəyan etdiyi prinsipləri baxımından da çox önəmlidir.

Belə ki, "İnzibati icraat haqqında" qanunun qəbul edilməsi inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların onların barəsində qəbul etdiyi qərarların qanuniliyinin məhkəmə qaydasında yoxlamaq hüququ vermək məqsədi daşıyır.

İnzibati Prosessual Məcəllə isə maraqlı  şəxsə inzibati akta və digər inzibati fəaliyyət formalarına qarşı hüquqi baxımdan müdafiə olunmaq, öz mövqeyini müdafiə etmək üçün daha səmərəli və təsirli hüquqi vasitələrdən istifadə etmək, iddiaçılar üçün daha geniş imkanlar verməklə yanaşı, məhkəmələrin üzərinə də böyük məsuliyyət qoyur.

Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı və 13-cü maddələrinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

Beləliklə, dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verdiyindən, məhkəmə qərarları isə dövlətin adından çıxarıldığından məhkəmə prosedurları ədalət mühakiməsinin nümunəvi şəkildə keçirilməsini müəyyənləşdirən hüquq normalarına uyğun olmalıdır. İnzibati qaydada işlərə baxan hakimlər öz professional biliklərindən və qanunun onlara verdiyi imkanlardan səmərəli istifadə edərək Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının  da qoşulduğu beynəlxalq konvensiyaların, Avropa İnsan Hüquqları Məhkəməsinin Presedentlərinin, İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun, hər hansı bir maddiprosessual hüquq normalarını pozmadan onlara dəqiq riayət etməklə qanuni və əsaslı qərarlar qəbul etməlidirlər.

 

 

Ramiz RZAYEV,

Ali Məhkəmənin sədri

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 4.