AMEA-nın Şərqşünaslıq
İnstitutu ilə Misirin
elmi mərkəzləri arasında əməkdaşlıq
əlaqələri genişlənir
İyulun 6-da Milli Məclisin deputatı, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Misirin ölkəmizdəki səfirliyində olmuşdur.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur ilə görüşdə son vaxtlar Yaxın Şərq regionunda cərəyan edən hadisələr, Azərbaycan-Misir əməkdaşlığının perspektivləri və digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
G.Baxşəliyeva Məhəmməd Mursinin Misirin yeni Prezidenti seçilməsi münasibətilə təbrikini çatdırmışdır. O, bu seçimin ölkənin inkişafında və Misir xalqının rifah halının yaxşılaşmasında mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir.
Şərqşünaslıq İnstitutunun direktoru ərəbşünas alim kimi ərəb ölkələrində, o cümlədən Misirdə baş verən hadisələrlə yaxından tanış olduğunu demiş və iki ölkə arasında istər parlamentlər səviyyəsində, istərsə də elmi səviyyədə davam edən əməkdaşlıq çərçivəsində mövcud münasibətlərin inkişafı və yeni əlaqələrin qurulması istiqamətində görülən işlərdən söhbət açmışdır.
Gövhər Baxşəliyeva Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun tərkibində Azərbaycan tərəfindən 9 deputatın fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, onların hamısı fəal deputat fəaliyyətləri ilə Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanmışlar.
Milli Məclisin deputatı bu qrupun fəaliyyəti ilə yanaşı, şərqşünas alimlərimizin də misirli həmkarları və bu dost dövlətin elmi müəssisələri ilə əlaqələrindən ətraflı söz açmışdır.
Səfir Sabir Əbdülqədir Mənsur Misirin yeni Prezidentinin ünvanına söylənilən təbrikə görə təşəkkürünü bildirərək Azərbaycan Prezidenti İlham Əliyevin özünün misirli həmkarına təbrik məktubu göndərdiyini xatırlatmışdır. Diplomat Misir Prezidenti Məhəmməd Mursinin də öz növbəsində səmimi təbrikə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür məktubu ünvanladığını diqqətə çatdırmışdır.
İki ölkə
arasındakı əməkdaşlığın səviyyəsindən
məmnun qaldığını deyən səfir bu əlaqələrin daha
da inkişaf edəcəyinə
əminliyini bildirmişdir. Səfir yeni seçilən Misir
parlamentində yenidən formalaşacaq
Misir-Azərbaycan parlamentlərarası dostluq
qrupu heyətinin də ölkələrimiz
arasındakı əlaqələrin inkişafına töhfə
verəcəyinə inamını ifadə etmişdir.
Sabir
Əbdülqədir Mənsur Şərqşünaslıq İnstitutunun Misirin elmi mərkəzləri ilə əlaqələrindən
məmnun olduğunu bildirmiş,
bu əməkdaşlığın daha da inkişaf
etdirilməsinə əlindən gələn köməyi
göstərəcəyini demişdir.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 5.