Naxçıvan Muxtar Respublikasının Ali Məclisində görüş

 

İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ilə görüşmüşdür.

Ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırması münasibətilə səfiri təbrik edən Ali Məclisin sədri onun Türkiyənin Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası ilə münasibətlərinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişdir. Vasif Talıbov diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə Hulusi Kılıça təşəkkür etmişdir.

Görüşdə qeyd olunmuşdur ki, qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf etməklə, bütövlükdə regionun inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rola malikdir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının da rolu vardır. Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı inam və etibar, strateji tərəfdaşlıq bütün dünyada nümunə kimi göstərilir.

Səmimi görüşə görə minnətdarlığını bildirən Hulusi Kılıç bundan sonrakı fəaliyyəti dövründə də bir millət, iki dövlət olan Türkiyə və Azərbaycana layiqincə xidmət edəcəyini bildirmişdir.

Görüşdə qardaş ölkələrimiz arasındakı çoxşaxəli əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur. Türkiyənin Naxçıvandakı baş konsulu Cenk Ünal görüşdə iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 5.