Azərbaycan Diplomatik Akademiyasında Açıq qapı günü keçirilmişdir

 

 Azərbaycan Diplomatik Akademiyası (ADA) artıq ikinci dəfədir beynəlxalq münasibətlər və biznesin idarə edilməsi üzrə bakalavr proqramları təklif edir.

AzərTAc xəbər verir ki, iyulun 6-da akademiyada təhsil almaq arzusunda olan gənclər üçün "Açıq qapı" günü keçirilmişdir.

Tədbirdə bakalavr proqramları və qəbul qaydaları barədə geniş məlumat verilmişdir. 

ADA-nın tələbə qəbulu şöbəsinin əməkdaşı Firuzə Əliyeva akademiya haqqında təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, cəmi altı il bundan əvvəl yaradılmasına baxmayaraq, ADA artıq dünyada nüfuz qazanmışdır. Bu ali təhsil müəssisəsində bakalavr proqramına keçən ildən başlanılmışdır. ADA-da bakalavriat səviyyəsində təhsil dördillikdir və ingilis dilində aparılır. Bu proqramlarda azərbaycanlı tələbələrlə yanaşı, əcnəbi gənclər də təhsil alırlar.

Akademiya bir neçə il əvvəl Erasmus Mundus təhsil proqramına qoşulmuşdur. Bu isə tələbələrə təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirmək imkanı yaradır. ADA hazırda dünyanın 14 qabaqcıl universiteti ilə əlaqə saxlayır. Gələn ildən akademiyanın universitet kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılmışdır.

Təqdimatda bakalavr proqramları barədə ətraflı məlumat verilmişdir. F.Əliyeva qeyd etmişdir ki, ötən il bakalavr proqramı üzrə Azərbaycan vətəndaşları üçün 60 yer ayrılmışdı. Bu nüfuzlu ali təhsil ocağının tələbəsi olmaq istəyənlərin çox olması ilə bağlı cari  tədris ilindən qəbul yerlərinin sayı artırılaraq 160-a çatdırılmışdır. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 400-dən yuxarı bal toplayan abituriyentlər ADA-nın tələbəsi olmaq üçün müsabiqədə iştirak edə bilərlər.

Akademiyaya qəbul olunan tələbələr təhsilə intensiv ingilis dili proqramı (İELP) ilə başlayacaqlar. Proqramın müddəti bir ildir. Proqramın sonunda dil səviyyəsini müəyyən edən test yoxlamasından müvəffəqiyyətlə keçən tələbələr dördillik bakalavr proqramına davam edəcəklər.

Tədbirdə akademiyanın Bakıda tikilən kampusunun layihəsi haqqında videoçarx nümayiş olunmuşdur. Həmin kampusun bu ilin sentyabrında  istifadəyə veriləcəyi bildirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 5.