Naxçıvan Turizm İnformasiya Mərkəzi
yeni binada fəaliyyət
göstərəcəkdir
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyə-Mədrəsə binası əsaslı təmir olunmuş və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır.
AzərTAc xəbər verir ki, bu münasibətlə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri Naxçıvan Turizm İnformasiya Mərkəzinin kollektivini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulayaraq demişdir: Ölkəmizdə digər sahələrlə yanaşı, turizmin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür, bu sahənin maddi-texniki bazası gücləndirilir. Ölkəmizdə turizm fəaliyyəti "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu və digər 7 qanunla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafına əlavə stimul vermişdir.
Ali Məclisin sədri demişdir: Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmış, 1200-ə yaxın tarixi abidəmiz qeydiyyata alınmış, "Naxçıvan Abidələri Ensiklopediyası" nəşr olunmuş, 50-dən çox tarixi-mədəni abidə bərpa və təmir edilmişdir. Muxtar respublikada qeydiyyata alınan tarixi abidələrin 600-ə yaxını dünya və ölkə əhəmiyyətli abidələrdir. Bu gün muxtar respublikada tarixi abidələrin bərpası istiqamətində işlər davam etdirilir, elmi ekspedisiyalar təşkil olunur, arxeoloji qazıntılar aparılır. Həyata keçirilən bu tədbirlər muxtar respublikanın tarixi irsinin öyrənilməsi və təbliği, həmçinin turizm sektorunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Ali Məclisin sədri qeyd etmişdir ki, Naxçıvanda ekoturizmin inkişafı da diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikamızda 150 min hektara yaxın ərazini əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq vardır. Eyni zamanda, muxtar respublikada müasir otellər, turizm şirkətləri fəaliyyət göstərir. Mövcud potensial son illər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuş, təkcə 2011-ci ildə muxtar respublikaya 340 mindən, 2012-ci ilin ötən 6 ayında isə 164 mindən çox turist gəlmişdir.
"Turizm gəlirli sahədir. Ona görə də hər bir ölkə bu sahənin inkişafına xüsusi diqqət göstərir" - deyən Ali Məclisin sədri bildirmişdir ki, bir çox dünya ölkələrində turizm sektorunun ümumi daxili məhsulda çəkisi 50-55 faiz təşkil edir. Muxtar respublikada da turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, ixtisaslı kadrlar hazırlanır. Naxçıvanda kənd turizminin, ekoturizmin, tarixi abidələr və müalicə turizminin inkişafı üzrə böyük potensial vardır. Naxçıvan Dövlət Universitetində turizm üzrə ixtisaslı kadrlar hazırlanır. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatda turizmin çəkisi artırılmalı, internet vasitəsilə turizm obyektləri tanıdılmalı, muxtar respublikaya turistlərin təşviqi işi gücləndirilməli, bu sektorun dayanıqlı inkişafı təmin edilməlidir.
Yaradılan şəraitdən səmərəli istifadə olunmasının vacibliyini bildirən Ali Məclisin sədri demişdir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi muxtar respublikada turizm fəaliyyətinin stimullaşdırılması, turizm potensialından istifadə imkanlarının genişləndirilməsi və təbliği ilə bağlı müvafiq tədbirlər görməli, ekoloji, müalicə və kənd turizminin inkişafına çalışmalı, beynəlxalq təcrübəni tətbiq etməlidir. Həmçinin xalqımızın tarixinin, adət-ənənələrinin, xalq yaradıcılığı nümunələrinin, xarici dillərdə turist-bələdçi kitabçaları və turist xəritələrinin hazırlanması, nəşri və yayılması təmin edilməlidir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə Turizm İnformasiya Mərkəzinin internet saytına bu məlumatların yerləşdirilməsini və daim yenilənməsini diqqətdə saxlamalıdır.
Ali Məclisin sədri demişdir ki, turizm sahəsinin inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayan mehmanxanalarda və digər turizm müəssisələrində xidmət mədəniyyəti də davamlı olaraq yüksəldilməlidir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikaya gələn turistlərin sayını və turizm sektorunun ümumi daxili məhsuldakı çəkisini daim diqqət mərkəzində saxlamalıdır.
İqtisadi İnkişaf Nazirliyi turizm sahələrinə sərmayələrin cəlb olunması, bu sahədə əlverişli investisiya və biznes mühitinin formalaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirməli, tarixi-mədəni abidələri, milli dəyərləri özündə əks etdirən sənətkarlıq və suvenir məhsullarının istehsalı və müvafiq yerlərdə satışı işini gücləndirməlidir.
Naxçıvan Dövlət Universiteti müasir tələblər nəzərə alınmaqla turizm və otelçilik üzrə ixtisaslı kadrların hazırlanmasını davam etdirməli, muxtar respublikanın mövcud turizm obyektlərində, qoruq, yasaqlıq və parklarda tələbələrin praktiki vərdişlərinin artırılmasını diqqət mərkəzində saxlamalı, Turizm İnformasiya Mərkəzi ilə əlaqələrini gücləndirməlidir.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, aid təşkilatların və turizm şirkətlərinin bu istiqamətdə fəaliyyətlərini daha da artıracaqlarına əminliyini bildirən Ali Məclisin sədri onlara uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzi öz fəaliyyətini turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, buraya müraciət edənlərə otellər, restoranlar, muzeylər, mağazalar, tarix-mədəniyyət abidələri, turfirmalar və bələdçilər haqqında məlumat verilməsi istiqamətində quracaqdır. Burada lazımi şərait yaradılmış, əməkdaşlar müasir texniki avadanlıqla təchiz edilmişdir. Mərkəzdə internetə çıxışı olan 2 kompyuter dəsti quraşdırılmış, tarix-mədəniyyət abidələrinin nümayiş etdirilməsi üçün ayrıca guşələr yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat vermişdir ki, mərkəzin 3 dildə fəaliyyət göstərən yeni internet saytı vasitəsilə dünyanın istənilən ölkəsindən muxtar respublikanın turizm potensialı, bu sahə üzrə mövcud olan infrastruktur, turizm marşrutları barədə ətraflı məlumat əldə etmək mümkündür. Saytın "Turizm", "Otel, mehmanxana, restoranlar", "Milli geyimlər", "Musiqi", "Xalq çalğı alətləri", "Milli rəqslər", "Milli mətbəx" bölmələri vasitəsilə turistlər ətraflı məlumat toplamaq imkanına malik olacaqlar. Həmçinin saytda turizm obyektləri haqqında bələdçi məlumatlar, videoçarxlar və fotoşəkillər yerləşdirilmiş, keçid linkləri yaradılmışdır.
Tarix-mədəniyyət abidələrinin
nümayiş etdirildiyi
guşələrə baxış zamanı bildirilmişdir
ki, Turizm İnformasiya Mərkəzi tarixi
abidələrimizin tanıdılmasını, onlara
turist səfərlərinin təşkilini
diqqət mərkəzində saxlamalı, bu
məqsədlə internet resurslarından
və əyani vəsaitlərdən səmərəli
istifadə etməlidir.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 5.