Azərbaycan ixrac kataloqu-2012 layihəsinin təqdimatı olmuşdur

 

 İyulun 6-da Bakıda Azərbaycan Marketinq Cəmiyyətinin Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ixrac kataloqu-2012" layihəsinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, təqdimatda Azərbaycan Marketinq Cəmiyyəti (AMC) idarə heyətinin sədri Rəhim Hüseynov ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün ixrac kataloqunun nəşrinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan Marketinq Cəmiyyəti sözügedən layihəni ölkə şirkətlərinin rəqabətqabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və tərəfdaşların tapılması ilə əlaqədar mövcud problemin həlli məqsədilə həyata keçirmişdir. Layihə bir neçə ildir ki, uğurla davam edir. Hazırkı kataloq artıq 4-cü nəşrdir.

Rəhim Hüseynov diqqətə çatdırmışdır ki, builki kataloq çap formatında 3 min nüsxə ilə ingilis dilində, disk formatında isə 5 dildə (ingilis, alman, ispan, rus və ərəb) hazırlanmışdır. Kataloq xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının, beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin, ictimai və dövlət təşkilatlarının vasitəsilə yayılacaq, yerli və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaqdır. Kataloqda qeyri-neft sektoru, əsasən qida sənayesi, istehsal, xidmət, turizm, tikinti və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər əks olunmuşdur.

Daha sonra Azərbaycan Respublikasının  Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək dövlət və qeyri-hökumət təşkilatları arasında olan uğurlu münasibətlərdən, Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafından danışmış, AMC-nin fəaliyyətini, habelə kataloqun nəşrini ölkəmizin ixracat potensialının artırılması istiqamətində çox səmərəli bir addım kimi qiymətləndirmişdir.

Tahir Süleymanov vurğulamışdır ki, indiyədək 2 min 700-dən çox QHT dövlət qeydiyyatından keçmişonlar ölkənin müxtəlif sahələrində fəaliyyət göstərirlər.

Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, Azərbaycan sürətlə inkişaf edir. Hazırda ölkəmizdə ixrac idxalı 2 dəfə üstələyir, ixracda qeyri-neft sektorunun payı durmadan artır. Respublikamız artıq xarici ölkələrə investisiya yatırır.

Kataloqun əhəmiyyətinə toxunan T. Süleymanov bildirmişdir ki, bu nəşr  Azərbaycan şirkətlərinin xarici  tərəfdaşlarla yeni əlaqələr qurması və təqdim etdiyi məhsul və xidmətlərin yeni bazarlar tapması üçün geniş imkanlar yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov və digər çıxış edənlər kataloqun nəşrini ölkəmizin ixracat potensialının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirmişlər.

 

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 6.