Kamal Abdulla:
Ümumiyyətlə, danışmaqla Azərbaycan dilində
danışmaq eyni şey deyil
Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək üçün işçi qrupu yaradılmışdır. İşçi qrupunun rəhbəri AMEA-nın müxbir üzvü, AMEA İctimai və Humanitar elmlər bölməsinin akademik-katibi professor Kamal Abdulla AzərTAc-a müsahibə vermişdir.
- Kamal müəllim, bu sərəncam hamımızın ürəyindən oldu. Bununla bağlı konkret hansı işlər görülür?
- Bir
daha cənab Prezidentə dilimiz, dilçiliyimizlə
bağlı belə bir dərin məzmunlu qərar
üçün təşəkkür etmək istəyirəm.
Onu da qeyd etmək
lazımdır ki, bu sərəncamda Azərbaycan dili ilə
yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin,
terminologiyanın da inkişafına diqqət verilir və məsələ
kompleks şəkildə öz həllini tapır.
İndi bizim vəzifəmiz həmin siyasi sənəddən irəli gələn məsələləri dövlət proqramı müstəvisinə keçirməkdir. Bununla əlaqədar AMEA-nın İctimai və Humanitar elmlər bölməsində işçi qrupu yaradılmışdır və artıq fəaliyyət göstərir. İşçi qrupuna ölkənin aparıcı dilçiləri ilə yanaşı, akademiyanın, ali məktəblərin, müxtəlif əlaqədar nazirliklərin, Mətbuat Şurasının, Teleradio Şurasının, Bakı İcra Hakimiyyətinin, Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və başqa qurumların nümayəndələri daxildirlər.
Mən
bunu dəfələrlə demişəm, bir daha təkrar edirəm.
Dil ancaq
dilçilərin inhisarı deyildir. Ancaq dil məsələlərini
dilçilər olmadan nəzərdən keçirmək də
olmaz. Ona görə də dillə, dilçiliklə
bağlı dövlət proqramının layihəsini
hazırlayan işçi qrupuna təkcə akademiyanın
deyil, həmçinin ali məktəblərin
dilçiləri, filoloqları da daxildir. Eyni
zamanda, işçi qrupu öz fəaliyyətini AMEA-nın
adı çəkilən bölməsi ilə sıx əlaqədə
qurur. Bizim bölmədə dilçilərlə
yanaşı, tarixçilər, ədəbiyyatçılar,
filosoflar, iqtisadçılar, şərqşünaslar,
psixoloqlar, hüquqşünaslar və bir sıra digər elmlərin
nümayəndələri var. Yaxın gələcəkdə
işçi qrupunun üzvləri ilə AMEA Rəyasət Heyəti
üzvlərinin görüşünü təşkil etməyi
düşünürük. Bu görüş, ola
bilsin daha geniş elm sahələrinin nümayəndələrinin
də iştirakını ehtiva etsin. İndiki mərhələdə
isə biz işçi qrupu olaraq irəli sürülən təklifləri
müzakirə edib, ümumiləşdirməklə məşğuluq.
Dövlət proqramı layihəsinin
ayrı-ayrı hissələrini müəyyənləşdiririk.
Planımızda deputatlarla, yaradıcı təşkilatlarla,
regionlarda ictimaiyyət nümayəndələri ilə
görüşlər nəzərdə tutulub. Onu da
xüsusi qeyd etmək istərdim ki, təkcə alimlər
deyil, cəmiyyətimizin hər bir üzvü öz təkliflərini
irəli sürə bilər və biz bütün təklifləri
nəzərdən keçirməyə hazırıq. Hətta belə bir fikrimiz var ki, küçədə,
bazarda işləyənlərin, taksi sürücülərinin,
mənzil-istismar idarələrinin nümayəndələri
ilə də görüş keçirək.
-
Küçədə, bazarda işləyənlər də təklif
verəcəklər?
- Bəli,
niyə də yox? Küçədəki dil
çox əhəmiyyətlidir. Bilən
bilir, yeni italyan dili məhz küçə və bazar
latıncasından yarandı. "İlahi
komediya" bu dildə yazılıb. Bir
sözlə, hamı təklif verə bilər.
- Dövlət
proqramı layihəsində hansı tərkib hissələr nəzərdə
tutulur?
- Bu tərkib
hissələrin adı, bölmə üzvlərinin və
işçi qrupunun razılığına əsasən, ilk
olaraq Azərbaycan dilinin ən müxtəlif durum və fəaliyyət
sahələrinin müəyyən edilməsi ilə
bağlıdır. Dilimizin fəaliyyət və
durumunu geniş panoramda göz önünə gətirsək,
görərik ki, ayrılan istiqamət və şaxələr
çoxdur. Azərbaycan dili ali məktəbdə,
orta məktəbdə, ailədə, cəmiyyətdə,
dövlət qurumları, idarə və təşkilatlarda,
küçədə, xaricdə, KİV-də, informasiya
texnologiyaları müstəvisində... saymaqla, bəlkə də
qurtarmaz.
- Bəzən
deyirlər ki, biz bir-birimizlə başqa dildə
danışsaq dilimiz əldən gedər...
- Bəli,
belə deyənlər var. Amma onlar dilçiliyin əzəli
prinsiplərindən çox vacib olan birini - dil-nitq
qarşılaşdırılmasını unudurlar. Ya da bilmirlər. Dilimiz kimlərinsə
küçədə bir-biri ilə rus, ingilis, fransız... eskimos dilində danışmaları ilə əldən
gedəcəksə, belə dil, elə əldən getsə
yaxşıdır. Əzizi-mən, bu şəkildə
dil əldən getməz, gedə bilməz. Olsa-olsa bu şəkildə başqa dildə
danışanlar öz nitqlərini korlamış olarlar.
Yel qayadan daş aparmaz. Nitqin dilə belə "faciəli"
təsiri yağan yağışın okeanı məcrasından
çıxarması kimi bir şeydir. Bu məsələlərlə
bağlı istiqamət də, yəni, cəmiyyət və
dil istiqaməti dövlət proqramında əksini
tapacaqdır.
-
Çox zaman deyirlər ki, biz başqa dildə
düşünüb öz dilimizdə danışmağa cəhd
edirik...
- Bu
cür deyənlər də bayaqkılardan, dil barədə qeyri-peşəkar
fikir yürüdənlərdən fərqlənmir. Heç kim başqa dildə (!) düşünə
bilməz. Bu, mümkün deyil. Bizim beynimizdə genetik
dil strukturu (qəlibi) var. Bu qəlib ümumi, beynəlmiləldir.
Hamı - azərbaycanlı da, ingilis də, rus da, adını
yuxarıda çəkdiyim eskimos da
ümumi məntiq "dilində", qəlibində
düşünür. O başqadır ki, adamlar həm də
daxili nitqə malikdirlər. Səslənən, şifahi nitqdən
əvvəl kim isə daxili nitqini başqa
"dil"də qura bilər, qurmaq istəyər, "ürəyində"
öz-özünə pıçıldaya bilər. Amma bu, başqa dildə düşünmək deyil.
Görürsünüzmü, dilçilik elə
özül prinsiplərə malikdir ki, onları bilmədən
dillə, onun hətta sosial statusu ilə bağlı fikirlər
yürüdərkən çox zaman gülünc situasiyalar
yaranır.
- Dediniz
ki, dövlət proqramında Azərbaycan dilinin Elmlər
Akademiyasında, ali məktəbdə, orta
məktəbdə, ailədə fəaliyyəti məsələləri
ayrıca bölmələr kimi öz əksini tapacaqdır.
- Bu
istiqamətləri "Azərbaycan dili və onun tədrisi"
adı altında birləşdirə bilərik. Dövlət proqramının layihəsində bu
bölüm əsas yerlərdən birini tutacaq. Cəmiyyətdə
ali məktəb, orta məktəb və
digər tədris müəssisələrində Azərbaycan
dilinin mövqeyi ilə bağlı ciddi narahatlıqlar
vardır. Biz dərsliklərin dili və üslubu (dil təqdimatı),
tərcümələrin keyfiyyəti, dərs saatlarının
həcmi, bölünməsi və s. məsələləri
dövlət başçısının sərəncamına
arxalanaraq daha optimal və keyfiyyətli həll edə bilərik.
Məsələn, belə bir məsələni
diqqətinizə çatdırmaq istəyirəm. Ali məktəbdə Azərbaycan dilinin
saatlarını artırmaqdan söz düşəndə
bunu, adətən, filoloji yönümlü istiqamətlərə
tətbiq etməyi nəzərdə tuturlar. Əslində isə Azərbaycan dili
saatlarının filoloqlardan daha çox
riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər,
iqtisadçılar üçün artırılması
mexanizmini işləmək lazımdır. Belə olarsa, bu elm sahələri ilə
bağlı tərcümə və terminologiya problemlərini
də gənc ixtisas sahibinə hələ bakalavr səviyyəsində
bütün "boy-buxunu" ilə göstərmək
mümkün olar.
Azərbaycan
dilinin fundamental tədqiqi probleminin aparıcı təşkilatçısı Elmlər Akademiyası,
Dilçilik İnstitutudur. Burada da köklü
yeniliklər etmək lazımdır. Azərbaycan dilini
öyrənən mütəxəssislərimizlə
yanaşı, Hind-Avropa dillərini, Afrika dillərini, Qafqaz
dillərini, monqol dillərini, dilin fəlsəfəsini,
psixolinqvistikanı, sosiolinqvistikanı, dil və dövlət
münasibətlərini, qədim, ölü dilləri, onlarla
yanaşı, uyğun sivilizasiyaları tədqiq edən
mütəxəssislərimiz formalaşmalıdır. Prezidentin sərəncamı bu fikirləri və
arzuları həyata keçirmək üçün
güclü əsas və imkan verir.
- Sərəncamın
dilin inkişafına təsiri necə olacaq?
- Prezident
sərəncamının öz-özlüyündə
böyük əhəmiyyəti vardır. Dil
sahəsi digər ictimai, mənəvi, intellektual sahələrlə
sıx əlaqədə olduğundan həddindən artıq
həssas sahədir. Obyektiv cəhətdən
"pərakəndə" sahədir. Sərəncam
bu "pərakəndəliyi" sahmana salmağa kömək
edəcəkdir. Həyatımız, onsuz
da informasiya ilə entropiyanın müxtəlif nisbəti, tənasübü
üzərində qurulub. Sərəncamın
dilimizlə, cəmiyyətimizlə, dövlətimizlə
bağlı məsələlərə informativlik gətirəcəyinə
əminəm.
Amma bu məsələnin o biri tərəfi də var.
Dil elə bir fenomenal hadisədir ki, heç bir zaman göstərişlə,
arzuyla, qərarla yaşamır. Onun öz həyatı
var, öz gizli, tənzimolunma qanunları var. Sadəcə,
dillə bağlı dövlətin hər bir münasibəti
dilin öz daxili qanun-qaydalarının cilalı olmasına, təsadüfi
məqamlardan uzaq, adekvat şəkildə işlənməsinə
real şərait yaradır.
- Azərbaycan bədii dilinin
inkişafı üçün konkret nələr edilməlidir?
-
Haqqında danışdığımız mövzu ilə
bağlı nələri etməməliyik! Edəcəklərimiz
onsuz da bəllidir. Etməli
olmadığımız bir məsələni isə dəqiq
bilirəm. Hər hansı bədii əsəri oxuyub
orada alışmadığımız cümlə quruluşu
və ya sözlər görəndə şivən
qaldırmamalıyıq ki, dilimizi korladılar, ay aman! "Bu, azərbaycanca deyil" təfəkkürünə
son qoymaq lazımdır. Belə
düşüncə tərzi bütövlükdə dil
inkişafının qarşısına sədd çəkir.
Əsərin dilində, əlbəttə ki,
müəllif tərəfindən dərk edilmiş müəyyən
"icazəli" pərakəndəlik, "hərc-mərclik"
olmalıdır. Əlbəttə ki,
"azərbaycanca deyil", özünə yer tapmasa, "azərbaycanca"
dərinləşə, genişlənə bilməz. Ütülü, sığallı bədii dil XX əsrin
30-40-50-ci illərində qaldı. İnkişaf
nəyisə "qırmaq", nədənsə vaz
keçmək, oxucunu təkcə təəccübləndirmək
yox, ona alternativ quruluşlar təqdim və təlqin etməkdir.
Dil müstəvisində bu alternativlər əvvəlcə
variantlara, sonra isə, kim nə bilir,
invariantlara çevrilə bilər.
- Ən
ağır məsələlərdən biri dilimizin KİV-də
işlənməsidir...
- Bəli, əsas məsələlərdən
biri də KİV-də dilimizin vəziyyətidir. Bu barədə işçi qrupun, bölmənin
üzvlərinin ümumi fikri var. Müəyyən mexanizmlər
işləyib dövlət proqramı layihəsinə daxil etmək
lazımdır. Dili yanlış yola
düşməkdən qoruyan mexanizmlər. Bir az əvvəl dedim ki, dilin öz daxili həyatı
var, biz ona təsir edə bilmərik. Amma bu,
normal situasiyalar üçündür. Qeyri-normal
situasiyalarda isə dilə təzyiq edilir. Onu
sanki "zorlayır", öz təbii yolundan itələyib
çıxarmağa çalışırlar. Məsələn, götürək televiziya şirkətlərini.
Dillə bağlı arzuedilməz məqamlar
burada geniş sistem şəklindədir. Nə
aparıcılar, nə şoumenlər, nə müğənnilər,
nə də çox zaman dəvət olunanlar düz-əməlli
Azərbaycan dilində danışa bilirlər. Bu dediklərimlə onlar, əlbəttə ki,
özləri razılaşmayacaqlar, bilirəm. Amma istəyirəm, bir məsələni bilsinlər.
Ümumiyyətlə, danışmaqla Azərbaycan
dilində danışmaq eyni şey deyil. TV
güzgüdür. Bir tədqiqatçı yaxşı
yazıb: danışan güzgü. Həqiqətən
də, güzgü elə danışmalıdır ki, biz
"ağzımızı açıb" qulaq asaq.
Öyrənək! Bu isə indilik belə deyil.
Bizim işçi qrupunda belə bir fikir
formalaşıb ki, TV-lərdə dillə bağlı problemləri
çözən "bədii şura" deyilən mexanizmi
yaratmaq və ya bərpa etmək lazımdır. Bizi "senzuranı bərpa edirlər" deyə
günahlandırmağa tələsənlər isə -
açıq deyəcəyəm, dilimizin bədxahlarıdır.
Bunu sübut etmək çətin deyil.
- Dövlət
proqramında dilimizin xaricdə işlənməsi problemləri
əksini tapacaqmı?
- Xaricdə Azərbaycan dilinin vəziyyəti ilə
bağlı məsələnin dərindən və hərtərəfli
öyrənilməsinə ehtiyac vardır. Aydın məsələdir
ki, Azərbaycan dili xaricdə ölkəmizin get-gedə artan
beynəlxalq nüfuzuna işləməlidir. Xaricdə
Azərbaycan dilində qəzetlər çıxarmaq, məktəblər
(ən azı, yay məktəbləri) açmaq, dilöyrədən
dərsliklər yazmaq və yaymaq, TV-lərin xarici ölkəyə
yayımlarını həmin ölkələrə görə
lokallaşdırmaq, bir sözlə, həm diaspor
üçün, həm də ölkəmizin dostları,
dilimizi, mədəniyyətimizi öyrənmək istəyənlər
üçün geniş spektrli fəaliyyət proqramı
işləmək lazımdır.
Mən deyəndə ki, dillə bağlı məsələlər
sistem kimidir, bir-biri ilə qarşılıqlı əlaqədədir,
nəzərdə tuturam ki, baxın, xaricdə Azərbaycan
dili dərslərinin təşkil edilməsi məsələsini
götürək. Bu dərslər vacibdirmi? Vacibdir!
Amma bu dərsləri kim deyəcək?! Bu dərsləri tədris edən xarici ölkənin
özünü yaxşı bilən, Azərbaycanı
yaxşı bilən (təkcə dilini yox, tarixini, ədəbiyyatını,
mədəniyyətini, coğrafiyasını ...) mütəxəssis
olmalıdır. Bizdə bu gün beləsi
varmı? Çox az. Bu xəttə kömək
üçün ali məktəblərdə
"azərbaycanşünaslıq" ixtisası açmaq
lazımdır. Bu da sistemin bir-biri ilə əlaqəli
həlqələri.
-
Hansısa universitetdə "Azərbaycanşünaslıq"
ixtisası varmı?
- Bəli,
Bakı Slavyan Universitetində bu ixtisas var.
- Dövlət
proqramı layihəsi nə zamansa fəaliyyət proqramına
çevriləcək. Bir müddət sonra onun müddəa və
maddələrinin unudulma qorxusu ola bilərmi?
- Biz
proqrama özünümüdafiə "məqamı"
daxil edəcəyik. Onun
uzunömürlüyü və effektivliyi xüsusi nəzarət
qrupu vasitəsilə tənzim ediləcək.
- İşiniz asan deyil. Ən azı, ona
görə ki, dil sahəsində hamı özünü
mütəxəssis sayır.
- Elədir. Elm sahələri var ki,
diletanta görə o, asanlıqla onlarla məşğul ola bilər. Hətta nəinki məşğul,
o sahələrin - dilçiliyin, tarixin, fəlsəfənin
peşəkarlarına "dərs" də verə bilər.
Bəzən bu "dərs" əsassız əda ilə müşayiət
olunur. Nə etməli, belə bir cəmiyyətdə
yaşayırıq. Allah bizi öz sahəsindən
başqa hər şeyi, xüsusilə, tarixi, dilçiliyi, fəlsəfəni
"bilən"lərdən qorusun, biz isə öhdəmizə
düşən məsuliyyəti anlayaraq öz işimizi
görməyə davam edəcəyik.
-
Çox sağ olun. Uğurlar
arzulayırıq.
- Təşəkkür
edirəm.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 6.