Rusiya-Azərbaycan
əməkdaşlığının yeni
mərhələsi
Müasir mərhələdə Azərbaycan ilə Rusiya arasındakı əlaqələr xalqlarımızın maraqlarına cavab verdiyindən bu kurs Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən srateji tərəfdaşlıq istiqamətində davam etdirilir. Hazırda Azərbaycanla Rusiyanın qarşılıqlı münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bunu iyunun 28-də Bakıda keçirilən "Rusiya-Azərbaycan dioloqu-2012" III Rusiya-Azərbaycan regionlararası forum da təsdiqlədi.
Forumda Rusiya və Azərbaycan tərəfindən müxtəlif sahələri təmsil edən mümayəndələr iştirak edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilirdi: "Diqqətəlayiq haldır ki, bu forumlar xoş ənənə kimi ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün səmərəli tribunaya çevrilmişdir. Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla davam etməkdədir".
Dövlət başçısı göstərmişdir ki, iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi hər iki ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqlarımız arasında tarixi dostluq tellərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Hazırda respublikamız Rusiya Fedarasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır.
Forumda əsasən iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin regional aspektləri müzakirə olunmuş və bu sahədə mövcud vəziyyət dəyərləndirilərək, gələcək prioritet istiqamətlər müəyyənləşdirilmişdir.
Toplantıda Rusiya və Azərbaycanı təmsil edən 300-dən çox nümayəndə iki ölkə arasında regional əməkdaşlığın bütün sahələrini - iqtisadi, siyasi, sosial, mədəni, gənclərarası dialoq, humanitar əməkdaşlıq və digər istiqamətlər üzrə mövcud əlaqələri, qarşıdakı perspektivləri geniş şəkildə müzakirə etmişlər.
"Rusiya-Azərbaycan dialoqu-2012" III Rusiya-Azərbaycan regionlararası forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev demişdir: "Bizim əlaqələrimiz hər hansı ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır, onlar çoxşaxəli, çox planlıdır və demək olar ki, bütün həyat sahələrini əhatə edir. Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyəvidir.
Dövlət başçıları səviyyəsində siyasi əlaqələr mövcuddur, mütəmadı olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur".
Prezident Administrasiyasının rəhbəri Azərbaycanın və Rusiyanın strateji tərəfdaşlar olmasını qeyd edərək demişdir ki, son illər ərzində birgə səylərimizlə hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapmağa nail olmuşuq. Dövlət sərhədi haqqında müqavilə bağlanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri daha sonra demişdir: "Onu da qeyd etmək istərdim ki, Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır, bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensusa nail olmağı təmin edə bilər".
İclasda çıxış edən Rusiya Prezidenti Aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov isə bildirib ki, bu forum Azərbaycan və Rusiya arasında geniş perspektivlərə malik olan bir meydandır.
Sonra da "Rusiya-Azərbaycan dialoqu 2012" Rusiya-Azərbaycan III regionlararası forumun Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə qeyd olunur ki, regionlararası əməkdaşlığın inkişafı Azərbaycan və Rusiya xalqlarının köklü maraqlarına cavab verir, etimadın və qarşılıqlı yaxınlaşmanın möhkəmlənməsinə xidmət edir.
Tərəflər ikitərəfli dialoqun irəli aparılmasına Azərbaycanla Rusiyanın subyektləri arasında əlaqələrin effektivliyinin artırılması yolu ilə töhfə verməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Bəyannamədə əməkdaşlığın inkişafının prioritet istiqamətləri sırasında qarşılıqlı sərfəli ticarətin inkişafı üçün münbit şəraitin formalaşdırılması, istehsal kompleksinə investisiyaların artırılması, əmək miqrasiyası sahəsində ikitərəfli müqavilə bazasının mükəmməlləşdirilməsi, nəqliyyat kommunikasiyaları və rabitə sahəsinə dəstək mexanizmlərinin yaradılması və onların inkişafı, aqrosənaye kompleksi sahəsində əməkdaşlığın inkişafı, yanacaq-energetika, sənaye və aqrosənaye, nəqliyyat kompleksləri sahəsində sahələrarası dialoqun intensivləşdirilməsi, maliyyə sektorunda əməkdaşlıq, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Azərbaycanda və Rusiyanın subyektlərində Rusiya və Azərbaycan diasporlarının etnik, dil və mədəni bənzərsizliklərinin qorunması və inkişafı üçün münbit şəraitin təmin edilməsi kimi müddəalar yer alıb.
Bəyannamədə Azərbaycanla Rusiya arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının tezliklə imzalanmasının vacibliyi qeyd olunub.
İşgüzar fikir mübadiləsi və dolğun müzakirələrlə keçən bu forum sözsüz ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni mərhələ olmaqla, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir.
Rəhman SALMANLI
Azərbaycan.- 2012.- 1 iyul.- S. 5.