Bakıda türkdilli dövlətlərin universitetlərinin
idman federasiyaları prezidentlərinin
toplantısı işə başlamışdır
İyulun 6-da Gənclər və İdman Nazirliyində Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyası prezidentlərinin toplantısı işə başlamışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələrinin iştirak etdikləri tədbiri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açaraq respublikada həyata keçirilən uğurlu idman siyasəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edən nazir müavini bildirmişdir ki, ölkəmizdə fəaliyyət göstərən müasir idman kompleksləri məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idmanın inkişafı ilə bağlı göstəriş və tapşırıqları bu gün bəhrəsini verir. Azərbaycanın ən ucqar bölgələrində belə istifadəyə verilmiş idman-sağlamlıq kompleksləri beynəlxalq yarışlarda ölkəmizin adını ucaldan idmançılarımızın uğurlarını təmin edir.
Azərbaycanda dövlət tərəfindən idmana yüksək diqqət göstərildiyini vurğulayan İ.İsmayılov demişdir ki, Prezident İlham Əliyevin London Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızla görüşü bunun bariz nümunəsidir. Məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə hər il 50-dək mötəbər beynəlxalq idman yarışları keçirilir.
2010-cu ilin mart ayında Türkiyənin Ankara şəhərində türkdilli ölkələrin universitet idman federasiyalarının toplantısında Azərbaycan nümayəndələri də iştirak etmişlər. Toplantının qərarına əsasən, ilk dəfə olaraq Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyası yaradılmışdır. Azərbaycan idmançıları 2010-cu ilin oktyabr ayında federasiyanın təşkilatçılığı ilə Ankarada türkdilli dövlətlərin tələbələri arasında keçirilmiş I İdman oyunlarında 5 idman növündə iştirak etmişlər.
Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyasının prezidenti, professor Kemal Tamer gəncləri bir araya gətirmək baxımından tədbirin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, bu toplantı türkdilli dövlətlərin universitetlərinin idman federasiyaları arasında əlaqələri genişləndirəcəkdir.
Tədbirdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.
Türkdilli dövlətlərin
universitetlərinin idman federasiyaları
prezidentlərinin toplantısı iyulun 8-dək
davam edəcəkdir.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 6.